Ürəyimdə namaz qılmaq istəyi var, amma reallaşdıra bilmirəm...
Və aleykum Salam. Şeytan namaz qılmaq istəyən insana namazın çətin olması, bunu sonraya saxlamaq, bütün günahları tərk edəndən sonra qılmaq, yaşlaşanda qılmaq və s. vəsvəsələr verir. Əslində isə Allah namazı insanlar üçün asanlaşdırmışdır və onu təxirə salmaq böyük günahdır. Siz Allaha dua edərək gecikdirmədən namaza başlayın, Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Uca Allah buyurur: "Qulum Mənim barəmdə nə zənn edərsə, onu da edəcəyəm. Məni yad etdikcə onunlayam. O, Məni öz-özlüyündə yad etsə, Mən də onu Öz-Özlüyümdə yad edərəm. O, Məni camaatın yanında yad etsə, Mən onu onlardan daha xeyirli bir camaatın (mələklərin) yanında yad edərəm. O, Mənə bir qarış yaxınlaşsa, Mən ona bir dirsək yaxınlaşaram. O, Mənə bir dirsək yaxınlaşsa, Mən ona bir qulac yaxınlaşaram. O, Mənə doğru yeriyərək gəlsə, Mən ona doğru yüyürərək gələrəm". (əl-Buxari, 6856).