Quran ərəbcə nazil olduğuna görə ərəblər başqa millətlərdən üstündürmü?
Və aleykum Salam.
1. Ərəblər digər millətlərdən üstün deyil. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə buyurur: "...Ərəbin ərəb olmayandan, ərəb olmayanın da ərəbdən, ağın qaradan, qaranın da ağdan üstünlüyü yalnız təqva (Allah qorxusu) ilədir". (İmam Əhməd, 5/411). Digər hədisdə buyurur: "Allah sizin surətinizə və mallarınıza baxmaz. Lakin O, sizin qəlblərinizə və əməllərinizə baxar". (Muslim, 2064). Ona görə hər hansı milliyyətdən olmaq deyil, Uca Allahdan daha çox qorxmaq üstünlük sayılır. Lakin, ərəb dili söz ehtiyyatı ən geniş və qrammatik cəhətdən ən güclü dil olduğuna görə Uca Allah Öz Kəlamını insanların düzgün başa düşməsi üçün bu dildə nazil etmişdir. Uca Allah buyurur: "Həqiqətən, Biz onu ərəbcə Quran olaraq nazil etdik ki, başa düşə biləsiniz". (Yusuf, 2).
2. Bəli, Muhamməd Peyğəmbər (salləllahu aleyhi və səlləm) digər peyğəmbərlərdən (Onlara Allahın salamı olsun) üstündür. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: "Mənim və əvvəlki peyğəmbərlərin məsəli, gözəl və heyrətamiz bir ev tikmiş, lakin kərpicinin birini qoymamış bir kimsənin məsəlinə bənzəyir. Camaat bu evin yan-yörəsindən keçir, ona təəccüb edir və deyirlər: "Nə üçün bura bir kərpic qoyulmayıb?" "Sonra Peyğəmbər (salləllahu aleyhi və səlləm) davam edib dedi: "O kərpic mənəm və mən peyğəmbərlərin sonuncusuyam". (əl-Buxari, 3535).
Həmçinin, buyurur: "Mənə beş (xislət) verilib ki, bunlar məndən əvvəl heç bir kəsə verilməmişdir: "Bir ay əvvəl düşmənin qəlbinə qorxu salaraq ona qalib gəlməyim; yer üzünün mənim üçün pak və namazgah olması, belə ki, ümmətimdən olan hər bir kəs istənilən yerdə vaxtı girmiş namazı qılmalıdır; qənimətlərin mənə halal olması, belə ki, bu, məndən qabaq heç bir peyğəmbərə halal olmamışdır; (Qiyamət günü tərifəlayiq məqamda) şəfaət verməyim; və bir də hər bir peyğəmbər yalnız öz qövmünə göndərilərdi, mən isə bütün insanlara göndərilmişəm". (əl-Buxari, 335).