əl-Fələq surəsinin izahı

    17.12.2013

Əbu Səid rəvayət edir ki, Allahın elçisi - ona və ailəsinə Allahın salavatı və salamı olsun - cinlərin və insanların bədnəzərindən Allaha sığınırdı. İki sığınma (əl-Fələq və ən-Nəs) surələri nazil olduqda isə başqa duaları tərk edib onları oxumağa başladı.
Mərhəmətli və Rəhm edən Allahın adı ilə!
1. De: "Sığınıram sübhün Rəbbinə!
2. Yaratdıqlarının şərindən,
3. çökən zülmətin şərindən,
4. düyünlərə üfürən cadugər qadınların şərindən
5. və həsəd aparan zaman paxılın şərindən!"

əl-Fələq (Sübh) surəsinin təfsiri
De: "Sığınıram sübhün Rəbbinə!
Sübhün Rəbbi Allahdır. Uca Allah buyurur: “Şübhəsiz ki, toxumu da, çərdəyi də Allah çatladır. O, ölüdən diri çıxarır, diridən isə ölü çıxarır. Budur Allah! Siz necə də haqdan döndərilirsiniz! Dan yerini də O sökür. O, gecəni dinclik, günəşi və ayı isə vaxt üçün hesablama ölçüsü etdi. Bu, Qüdrətli və Bilən Allahın müəyyən etdiyi hökmdür”(əl-Ənam, 95-96).

Yaratdıqlarının şərindən
Buna Allahın bütün yaratdıqları - insanlar, cinlər, heyvanlar və sair aid edilir.

Çökən zülmətin şərindən
Bu ifadə gecə vaxtı insan və cinlərdən olan şeytanların, habelə heyvanların və s. məxluqların şərinin daha çox üzə çıxmasına işarədir.

Düyünlərə üfürən cadugər qadınların şərindən
Düyünlərə üfürən qadınlara gəlincə, burada iplərə düyün vurub ona üfürməklə sehr edən cadugər qadınlar qəsd olunur. Bu ayə dəlildir ki, sehr həqiqətdir, onun təsiri vardır və ondan Allaha sığınmaq lazımdır.

Və həsəd aparan zaman paxılın şərindən!
Peyğəmbər demişdir: “Zənn etməkdən çəkinin! Həqiqətən, zənn ən yalan sözdür. Bir-birinizi güdməyin, casusluq etməyin, bir-birinizə həsəd aparmayın, bir-birinizə nifrət etməyin, bir-birinizə arxa çevirməyin! Ey Allahın qulları, qardaş olun!” (Səhih əl-Buxari).
Sədi demişdir: “Paxıl o şəxsdir ki, həsəd apardığı insana verilən nemətin puç olmağını istəyir və bunun üçün də əlindən gələn imkanlardan istifadə edərək səy göstərir. Bədnəzərlər də buna aiddir. Belə ki, bədnəzərlik xəbis nəfsli, şər təbiətli paxılın əməlindəndir”. Paxılın şərinə gəldikdə isə, bura paxıllığın iki növündən başqa hər növü daxildir. İstisna olunmuş iki növ paxıllıq isə aşağıdakı hədisdə öz əksini tapmışdır. Peyğəmbər demişdir: “Yalnız iki şəxsə həsəd aparmaq olar. O şəxsə ki, Allah ona Quranı öyrətmiş, o da onu gecə-gündüz oxuyur. Ona baxıb demək olar ki, kaş mənə də onun kimi Quran oxumaq öyrədiləydi, mən də onun kimi oxuyardım. Bir də o şəxsə ki, Allah ona var-dövlət bəxş etmiş, o da onu lazımi yerlərə Allah yolunda xərcləyir. Ona da baxıb demək olar ki, kaş mənə də bu cür var-dövlət veriləydi, mən də onun kimi xərcləyəydim.” (Səhih əl-Buxari). Bu növ paxıllığa dilimizdə qibtə etmək deyilir. Bu surədə Uca Allah bütün yaratdıqlarının şərindən yalnız Ona sığınmağı buyurduqdan sonra gizli olduğuna görə üç şəri - çökən zülmətin, düyünlərə üfürən qadınların və paxılın şərini ayrıca qeyd edir.
əl-Fələq və ondan sonra gələn ən-Nəs surələri ən güclü sığınma surələridir. Bu iki surənin fəziləti haqqında rəvayət edilir ki, Uqbə ibn Amir demişdir: “Mən Allahın elçisi ilə birlikdə Cuhfə ilə Əbva kəndlərinin arasında yol gedərkən, birdən üstümüzü külək aldı və bizi qatı zülmət bürüdü. Allahın elçisi əl-Fələq və ən-Nəs surələri ilə Allaha sığınmağa başlayaraq buyurdu: “Ey Uqbə, bu iki surə ilə Allaha sığın! Çünki, heç kəs bu iki surəyə bənzər bir şey ilə sığınmamışdır”. Mən Allahın elçisinin bu iki surə ilə bizə namaz qıldırdığını görmüşəm”.

Paylaş: