Toy gecəsi qılınan namaz haqqında

    21.11.2016
Sual: 
Assalamu aleykum. m?nim bir neç? sualım olacaq cavablandırsan sevin?r?m 1) Evlilikdə zifaf gecəsindən əvvəl kişi və qadının qılmalı olduğu namaz olduğu barədə məlumat eşidmişəm ki Peyğəmbərimiz(s.a.s) Hz Əli ilə qızını evləndirdikdə onların otaqlarına girib özü namaz qılıb. Və oxuduğuma görə ər və arvad ayrı ayrılıqda 2 rükət namaz qılmalıdır. əgər qadın namaz qılmağı bacarmırsa namaza əvvəlcə kişi durub səsli şəkildə astadan namazı qılıb qadının da sözləri təkrar etməsində problem varmı. 2) Bəzi dualar vardır ki hədislərdə göstərilmişdir ərəb dilindədir lakin uzundur yəni əzbərləmək çox çətindir hədislərdəki ayələrdəki duaları ərəb dilində yaxudda öz dilimizdə desək olarmı
Cavab: 

Və aleykum Salam.

1. Peyğəmbərimizin (salləllahu aleyhi və səlləm) Əli ilə qızı Fatiməni (Allah onlardan razı olsun) evləndirdikdən sonra onların otaqlarına daxil olub namaz qılması barədə məlumatımız yoxdur. Ümumən zifaf namazı - toy gecəsi ərlə arvadın birgə qıldıqları iki rükətli nafilə (vacib olmayan) namazlardandır. Belə ki, evlənənlərin hər ikisinin mümkün qədər birlikdə qılmalı, əgər qadının buna imkanı yoxdursa, təkcə kişinin namaz qılmasını səhabələr tövsiyə etmişlər. Həmçinin, dediyiniz kimi əgər qadın namaz qılmağı bacarmırsa, kişi ona qısaca şəkildə izah etsin və özü namazı qılsın, qadının da kişi ilə birlikdə ona baxıb eyni hərəkətləri təkrar etməsi yetərlidir. Zifaf namazı ilə bağlı Əbu Useydin köləsi Əbu Səid deyir ki, "mən kölə ikən evlənmişdim. Peyğəmbərin səhabələrindən bir neçəsini də çağırmışdım. Onların arasında İbn Məsud, Əbu Zərr və Huzeyfə (Allah onlardan razı olsun) də var idi. Sonra namaz üçün iqamə verildi və Əbu Zərr önə çıxmaq istədikdə onlar dedilər: "Namazı sən qıldır". Mən dedim: "Doğrudan?" Onlar: "Bəli"- deyərək cavab verdilər. Mən kölə olduğum halda onlara namaz qıldırdım. Sonra onlar mənə təlimat verib dedilər: "Ailən sənin yanına daxil olduqda iki rükət namaz qıl! Sonra da Uca Allahdan sənin yanına daxil olanın xeyrini istə və şərindən Ona sığın! Sonra sən və ailən istədiyinizi edin, istədiyiniz cür vaxt keçirin". (İbn Əbu Şeybə, 30352). Həmçinin, Şəqiq deyir ki, Əbu Hureyz adlı bir kişi gəldi və belə dedi: "Mən gənc bakirə bir qızla evlənmişəm. Amma onun mənə nifrət edəcəyindən qorxuram. Bu zaman Abdullah ibn Məsud belə dedi: "Mehribançılıq Uca Allahdan, nifrət isə şeytandandır. Bu nifrətlə şeytan Uca Allahın halal etdiyini sizə pis göstərmək istəyir. Qadının sənin yanına gəldikdə ona, sənin arxanda iki rükət namaz qılmasını söylə". Digər rəvayətdə isə İbn Məsudun belə dediyi nəql olunur: "Allahım, mənim ailəmə bərəkət ver və onlar üçün mənə bərəkət ver. Allahım, biz xeyir üzərə olduğumuz müddətdə bizi qoşa et. Bizi ayırsan yenə də xeyirlə ayır!" (İbn Əbu Şeybə, 4/312).

2. Duaları ərəbcə öyrənmək və oxumaq daha yaxşıdır. Əgər bunu bacarmırsınızsa, onda öz dilimizdə də edə bilərsiniz. Daha ətraflı:
Duaları əzbərləyənə qədər transkripsiyasını və ya öz dilimizdə oxumaq olarmı?

Paylaş: