ən-Nəs surəsinin izahı

    17.12.2013

Mərhəmətli və Rəhm edən Allahın adı ilə!
1. De: "Sığınıram insanların Rəbbinə,
2. insanların Hökmdarına,
3. insanların tanrısına!
4. Vəsvəsə verənin, Allahın adı çəkiləndə isə hövlündən geri çəkilən şeytanın şərindən.
5. O şeytan ki, insanların ürəklərinə vəsvəsə salır,
6. cinlərdən də olur, insanlardan da!"

ən-Nəs (İnsanlar) surəsinin təfsiri
De: "Sığınıram insanların Rəbbinə, insanların Hökmdarına, insanların tanrısına!
İnsanların, mələklərin, cinlərin, yeddi səmanın, yerin, günəşin, ayın və hər şeyin Rəbbi Allahdır. Bu ayələrdə insanların qeyd edilməsi məqama münasib olduğuna görədir. Sığınmaq ibadətin bir növüdür. Ona görə də şərdən sığınanda yalnız Allaha sığın, yalnız Allaha pənah apar! Çünki, bütün kainatın Rəbbi, hər şeyin Hökmdarı yalnız Odur! İbadətə layiq olan həqiqi tanrı da yalnız Odur! Bu surədə xatırlanan vəsflər, Allahın kamil sifətlərindəndir.

Vəsvəsə verənin, Allahın adı çəkiləndə isə hövlündən geri çəkilən şeytanın şərindən
Vəsvəsə sözünün mənası həqiqət olmayan fikirlərin və xəyalların ürəyə gəlməsidir. Uca Allah, vəsvəsə verən, Onun adı çəkiləndə isə geri çəkilən şeytanın şərindən sığınmaq istəyən hər kəsə yalnız Ona sığınmağı əmr edir. O şeytandan ki, həmişə insanın yanında olur və onu günah işlər görməyə sövq edir.

O şeytan ki, insanların ürəklərinə vəsvəsə salır, cinlərdən də olur, insanlardan da!
Kökslərə vəsvəsə salan bu şeytan cinlərdən də olur, insanlardan da. Başqa bir ayədə Uca Allah deyir: “Beləliklə, Biz hər bir peyğəmbər üçün insanlar və cinlərdən olan şeytanlarından düşmənlər müəyyən etdik. Bunlar aldatmaq məqsədilə bir-birlərinə təmtəraqlı sözlər təlqin edirlər” (əl-Ənam, 112).

Paylaş: