Qaş almanın günah olduğunu bildirən ayə hansıdır?

    12.01.2017
Kimdən: 
Gülnar
Sual: 
Qaş almanın günah oldugunu bildiran ayə hansıdır?
Cavab: 
Salam aleykum. Sizin verdiyiniz sualı vaxtı ilə Peyğəmbərin (salləllahu aleyhi və səlləm) əmisi oğlu və Quranı insanlara öyrədən Abdullah ibn Məsuda (Allah onlardan razı olsun) bir qadın da sual vermişdir. Abdullah ibn Məsud (radıyəllahu anhumə) belə buyurur: "Allah döymə döyəni və döydürəni, qaş alanı və aldıranı, gözəllik üçün Allahın yaratdığını dəyişərək dişlərini aralayanı lənətləmişdir". Bu xəbər Bəni Əsəd qəbiləsindən olan Ummu Yaqub adlanan bir qadına çatdı. O, Quran oxuyan bir qadın idi. O (qadın) onun (İbn Məsudun) (radıyəllahu anhumə) yanına gələrək belə dedi: "Bu nədir, mənə sənin döymə döyəni və döydürəni, qaş alanı və aldıranı, gözəllik üçün Allahın yaratdığını dəyişərək dişlərini aralayanı lənətlədiyinin xəbəri çatmışdır?!" Abdullah (radıyəllahu anhu) belə buyurdu: "Nə üçün Allah Elçisinin (salləllahu aleyhi və səlləm) lənətlədiyini lənətləməli deyiləm ki?! Həm də bu Allahın Kitabında belədir". Qadın ona belə dedi: "Mən bu Mushafın (Quranın) bu iki üz (qabığı) arasında olanı oxumuşam, lakin buna rast gəlməmişəm". Abdullah (radıyəllahu anhu) ona belə buyurdu: "Əgər sən onu oxusaydın, ona rast gələrdin. Uca Allah buyu­rur: "Peyğəmbər sizə nə verirsə, onu götürün, nəyi də qadağan edirsə, ondan çəkinin". (əl-Həşr, 7). Qadın belə dedi: “Mən sənin dediyin bu şeyləri indi sənin qadının üzərində görürəm". Abdullah (radıyəllahu anhu) ona: "Get, bax!" - deyə buyurdu. Qadın Abdullanın (Allah ondan razı olsun) qadının yanına daxil oldu və heç bir şey görmədi. Onun yanına qayıdaraq dedi: "Bir şey görmədim!" Abdullah (Allah ondan razı olsun) belə buyurdu: "Əgər dediyin kimi olsaydı, biz onunla bir yerdə olmazdıq". (Muslim, 5695).
Paylaş: