İmanın altı şərtindən birini inkar edən kafir olurmu?
Aleykum salam. İmanın altı əsası vardır. Allaha, onun mələklərinə, kitablarına, peyğəmbərlərinə, axirət gününə və qədərə iman. Bu əsaslardan birini inkar etmək küfrdür. Amma hər küfr əməl edənə kafir deyilmir, çünki onun bilməməzlik, səhv başa düşmə, aldadılma və s. kimi üzrlü səbəbləri ola bilər. Bizim cəmiyyətdə insanların əksəriyyəti İslam dini haqqında kifayət qədər məlumata sahib deyillər. Ona görə də əksər hallarda insanların çoxu imana aid olan məsələləri bilmədiklərinə görə inkar edirlər. Görürsən ki, biri Allahın varlığına inanır, Peyğəmbəri qəbul edir, şəhadət gətirir, amma onun mənasını bilmir, Quranı, Peyğəmbəri qəbul edir, amma axirəti qəbul etmir və s. Bu problemlərin kökündə elmsizlik dayanır. Elm nurdur, nur gəldikdə zülmət yoxa çıxdığı kimi, İslamın nuru gəldikdə cəhalət zülməti aradan qalxacaq. Odur ki, hər bir müsəlman dinini öyrənməyə çalışmalı, ona əməl etməli və insanları bu dinə çağırmalıdır. İnsanların qəlblərində olanları isə araşdırmayaraq Allaha həvalə etməlidir. Daha ətraflı: Cahillik üzrlüdürmü?