Məsciddə namaz qılan zaman iqamə verilərsə, namazdan necə çıxmalıyam?

    11.03.2017
Sual: 
Əssələmun aleyküm. 1.namaz qildigim vaxt iqame oxunursa , namazi dayandirmaliyammi?(sunnet,qeza) 2.camaat namazini qilarken destemazim pozularsa namazi ne cur terk etmeliyem?
Cavab: 
Və aleykum Salam.
1. Ümumən namazdan yarımçıq çıxdıqda hər hansı xüsusi hərəkət yoxdur. Sadəcə namazı dayandıraraq və ya sağ tərəfə salam verərək namazdan çıxmaq lazımdır. Sünnə və ya fərz namazının qəzasını qılan zaman iqamə verilmə məsələsində isə bir neçə hal ola bilər.
a) Əgər siz sünnə namazını qıldığınız zaman iqamə verilərsə, lakin siz namaza hələ təzə başlamısınızsa, namazı dayandırırsınız və bu əsnada nəsə başqa bir hərəkət və ya salam verməyə ehtiyac yoxdur. Durub fərz namazını camaatla qılmaq lazımdır.
b) Əgər siz sünnə namazını qıldığınız zaman iqamə verilərsə, sizin isə həmin sünnə namazını fərz namazı başlayana qədər tamamlamaq ehtimalınız varsa, namazı davam edib tamamlayın, sonra fərz namazını qılmaq üçün camaatla namaza başlayın.
c) Əgər siz fərz namazını qılmaq üçün məscidə gəlib elə güman edirsiniz ki, namaz artıq qılınıb və namazı tək qılırsınız. Bu əsnada iqamə verilir və namaz başlanır. Sizin namaza davam etməyiniz daha düz olar, çünki fərz namazdan çıxmaq olmaz. Namazı bitirdikdən sonra camaata nafilə niyyəti ilə qoşula bilərsiniz.
d) Əgər siz fərz olan namazın qəzasını qıldıqda başqa fərz namaza iqamə verilirsə, siz namazdan çıxmayaraq namazı davam edib tamamlayırsınız, çünki fərz namazdan çıxmaq olmaz. Həmin qəza namazını bitirdikdən sonra camaata qoşulub digər fərz namazı qılırsınız. Camaat salam verdikdən sonra bu namazın qalan rükətlərini tək tamamlayırsınız.
2. Camaat namazında dəstəmazı pozulan insan burnundan qan gəlirmiş kimi başını yuxarı qaldıraraq safdan çıxmalıdır. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) buyurmuşdur: "Sizdən biriniz (camaatla) namaz qılarkən dəstəmazı pozularsa, əlini burnuna tutub namazdan çıxsın". (İbn Məcəh, 1222). Yəni, camaatdan utanmamaq üçün sanki burnundan qan gəlirmiş kimi əli ilə burnunu tutsun.
Teqlər: 
Paylaş: