İstixarə namazı necə qılınır?
İstixarə sözü xeyir istəmək deməkdir. İstixarə hər hansı bir işi görməkdən ötrü Allahdan uğur diləməkdir. İstixarə namaz və dua ilə yerinə yetirilir. İstixarə namazı iki rükət səssiz qılınır. Bu namazı günün istənilən vaxtı qılmaq olar. Duanı isə namaz əsnasında səcdədə, yaxud salamdan əvvəl, yaxud da ondan sonra etmək olar. Cabir ibn Abdullah rəvayət edir ki, Peyğəmbər - ona və ailəsinə Allahın salavatı və salamı olsun - Qurandakı surələri bizə öyrətdiyi kimi istixarə duasını da bizə öyrədib deyərdi: «Sizdən biriniz bir işi görməyə qərar verdikdə fərz namazlarından əlavə iki rükət namaz qılsın və desin:
“Allahım, Səndən Öz elminlə mənə kömək etməyi və Öz qüdrətinlə mənə qüdrət verməyi diləyirəm. Səndən, Sənin böyük lütfünü diləyirəm. Şübhəsiz ki, Sənin hər şeyə qüdrətin çatır, mənimsə qüdrətim çatmır, Sən hər şeyi bilirsən, mən isə bilmirəm. Qeybləri bilən Sənsən. Allahım, bu işin (işin adını çəkir) mənim dinim, yaşayışım və aqibətim üçün tez və ya gec xeyirli olduğunu bilirsənsə, onu mənə nəsib et, asanlaşdır, sonra da onu mənim üçün bərəkətli et. Bu işin mənim dinim, yaşayışım və aqibətim üçün tez və ya gec zərərli olduğunu bilirsənsə, onu məndən, məni də ondan uzaq et! Harada olursa-olsun, mənə xeyir nəsib et, sonra məni ondan razı sal!” (əl-Buxari, 1162).
Duanın transkripsiyası:
Allahummə inni əstəxirukə bi ilmikə, və əstəqdirukə bi qudratikə, və əs'əlukə min fadlikəl-azım, fəinnəkə təqdiru və lə əqdir, və tə'ləmu və lə a'ləm, və əntə alləmul-ğuyub. Allahummə in kuntə tə'ləmu ənnə həzəl-əmra xayrun li fi dini və məaşi və aqibəti əmri, acilihi və əcilihi – fəqdurhu li və yəssirhu li, summə bərik li fihi. Və in kuntə tə'ləmu ənnə həzəl-əmra şərrun li fi dini və məaşi və aqibəti əmri, acilihi və əcilihi – fəsrifhu anni, vəsrifni anhu, vəqdur liyəl-xayra heysu kənə, summə ərdıni bihi.