İş görərkən dua və ya zikr etmək olarmı?

    16.03.2017
Sual: 
salam aleykum. is gore gore dua etmek olarmi ya da zikr etmek olarmi? Bu ne derecede duzgundur??
Cavab: 
Və aleykum Salam. İş əsnasında dua və ya zikr etməyə heç bir qadağa yoxdur, əksinə bu, xeyirli əməllərdəndir. Uca Allah buyurur: "Ey iman gətirənlər! Allahı tez-tez yada salın! Səhər-axşam Onun şəninə təriflər deyin!" (əl-Əhzab, 41-42).
Uca Allah daim Onu zikr edənləri tərifləyərək belə buyurur: "Onlar gecə-gündüz, usanmadan Onun şəninə təriflər deyirlər". (əl-Ənbiyə, 20).
"O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı yad edir...". (Ali İmran, 191). Mucahid (Allah ona rəhmət eləsin) bu ayənin təfsirində belə demişdir: "Allahı ayaq üstə, oturduğu və uzandığı yerdə zikr etməyincəyə qədər nə kişi nə də ki, qadın Allahı çoxlu zikr edənlərdən sayılmazlar". (İbn Kəsir təfsiri).
Pey­ğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "...Çalış ki, dilin daim Alla­hı zikr et­məklə islaq qalsın". (ət-Tirmizi, 5/458; İbn Məcəh, 2/1246).
Muaz (Allah ondan razı olsun), Peyğəmbərimizdən (Allahın ona və ailəsinə salavatı və salamı olsun) belə soruşdu: "Ey Allahın Elçisi! Mənə əməlləri ən üstününü və Allaha ən yaxın olanını bildir. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) belə buyurdu: "Dilin Allahın zikri ilə yaş olduğu halda vəfat etməndir". (əl-Bəzzar; əl-Heysəmi: "Məcmu", 10/74).
Əbu Hureyrədən (Allah ondan razı olsun) rəvayət olunur ki, Allah Elçisi (salləllahu aleyhi və səlləm) belə demişdir: Uca Allah buyurur: "Nə qədər ki, qulum məni zikr edəcək və dodaqları məni zikr etməklə tərpənəcək, Mən də onunla olacağam". (Hədisi İbn Məcəh rəvayət etmiş, İbn Hibban isə səhih hesab etmişdir. əl-Buxari isə hədisi isnadsız olaraq rəvayət etmişdir). Həmçinin oxuyun: Müsəlmanın qalası (dua və zikrlər) kitabçası: Zikrin fəziləti
Paylaş: