Ürəyim təmizdirsə, namaz qılmalıyam?
Aleykum salam. Bunu deyən adam Uca Allaha ibadət etməkdən boyun qaçırmaq üçün belə deyir. Həmin adama belə bir sual vermək olar: "Ürəyinin təmiz olmasını haradan bilirsən?" və ya "ürəyini nə ilə təmizləmisən?" Adətən həmin adam: "Mən heç kəsə paxıllıq etmirəm, heç kəsə qarşı pislik etmirəm!" - deyir. Şübhəsiz ki, paxıllıq etməmək və heç kəsə pislik etməmək ürəyin təmiz olmasından irəli gəlir. Lakin qeyd etmək istəyirəm ki, təkcə müəyyən pis əməllərdən çəkinmək ürəyin təmiz olması üçün kifayət etmir. Allahın peyğəmbəri Muhəmməd (Allahın Ona salavatı və salamı olsun) buyurmuşdur: "Hər şeyin bir təmizləyicisi vardır. Ürəyin təmizləyicisi isə Uca Allahı zikr etməkdir...". Bəzi adamlar günah deyildikdə yalnız pis işlər görməyi nəzərdə tuturlar, halbuki, namaz qılmaq, oruc tutmaq, zəkat vermək kimi buyurulan əməlləri tərk etmək də günah əməllərdən hesab olunur. Hətta islam alimləri buyurulan əməlləri tərk etməyin qadağan edilən əməllərdən daha böyük günah olduğunu söyləmişlər. Həmçinin Uca Allah buyurur: "Günahlardan təmizlənən isə uğur qazanmışdır. O kəs ki, Rəbbinin adını xatırlayıb namaz qılmışdır". (əl-Əla, 14-15). Deməli təkcə müəyyən pis əməlləri tərk edib ürəyin təmiz olmasını iddia etmək doğru deyildir. Beləliklə, ürəyin günahlardan təmizlənməsi Uca Allahı xatırlamaq, namaz qılmaq və digər Allahın buyurduğu ibadətləri yerinə yetirməklə, habelə Onun qadağan etdiyi əməlləri tərk etməklə mümkün olur.