Sevgililər gününü qeyd etmək olarmı?
Və aleykum Salam. İslam dinində iki bayram var: Ramazan və Qurban bayramları. Bunlardan başqa bayram kimi qeyd edilən günləri qeyd etmək olmaz. Sevgililər günü də qeyri müsəlmanların keçirtdiyi bayramdır. Müsəlmanların isə qeyri-müsəlmanların bayramlarını qeyd etməsi icazəli deyil, çünki kafirlərə bənzəmək haramdır. Bənzəmə isə hərəkətlərdə, sözlərdə, geyimdə, bayramlarda, adətlərdə, ibadətlərdə və s. olur. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Kim bir qövmə bənzəyərsə, o da onlardandır". (Əbu Davud "Libas", №: 3512, 4027, 4031, 4033. əl-Albani hədisin səhih dərəcəsində olduğunu bildirmişdir. Bax: "İrvaul-Ğalil" kitabı, №: 1269).
Allah Rəsulu (salləllahu aleyhi və səlləm) buyurub: "Bizdən başqasına özünü bənzədən bizdən deyildir; özünüzü yəhudilərə, xristyanlara bənzətməyin". (ət-Tirmizi, 2695).
Ənəs (Allah ondan razı olsun) rəvayət edir ki: "Rəsulullah (salləllahu aleyhi və səlləm) Mədinəyə gəldiyi zaman, Mədinəlilərin iki (Novruz və Mihrican) günləri vardı. Həmin günlər oynayıb, əylənərlərdi. Bu iki gün nədir? – deyə soruşdu. Biz cahiliyyə dövründə bu günlərdə əylənərdik, – dedilər. Allah Rəsulu (salləllahu aleyhi və səlləm) buyurdu: "Allah bu iki bayramınızı, onlardan daha xeyirli digər iki günlə dəyişdirdi: Qurban və Fitr (Ramazan) bayramı". (Əbu Davud, 1134; ən-Nəsai "İ'ydeyn", 1, 3/179). Həmçinin oxuyun: Yeni ili keçirtmək olarmı?