Sizə salam olsun!

    05.09.2014
     Hər gün yer üzərində yaşayan bütün insanlar bir-biri ilə qarşılaşdıqda müəyyən sözlərdən istifadə edərək salamlaşırlar. Hər bir xalqın öz dilində olan sözlərlə salamlaşma qaydası vardır. Yer üzərində yaşayan müsəlmanlar irqi və milli mənsubiyyətindən asılı olmayaraq eyni sözlərdən istifadə edərək bir-birilərinə salam verirlər. Bütün müsəlmanlar Allahın buyurduğu kimi "əs-Səlamu aleykum" deyərək salam verir və bunun müqabilində "və aleykumus-Sələm" cavabını alırlar. Biz də müsəlman milləti olaraq qədim dövrlərdən bu günədək Allahın salamı ilə bir-birimizi salamlayırıq. Bəs elə isə dinimizdə buyurulan salamın mənasını və qaydasını bilirikmi?!
Salamın mənası
      "əs-Sələm" Uca Allahın adlarından biridir. Bu sözün mənası salamatlıq deməkdir. İslam sözünün də bir mənası salamatlıq deməkdir. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Həqiqətən, "əs-Sələm" Allahın adlarından biridir. O, bunu yerdə (bir-birinizlə salamlaşasınız deyə) təyin etmişdir. Elə isə salamı aranızda yayın! Həqiqətən, müsəlman kişi bir qövmün yanından keçərək salam verər, onlar da salamı alarlarsa, o, həmin qövmdən bir dərəcə üstün olar. Çünki, o adam salamı (birinci) onların yadına saldı. Əgər onun salamını almasalar, onlardan daha xeyirli və pak olan (mələklər) onun salamını alarlar". (əl-Buxari "Ədəbul-Mufrad" 1039). "əs-Sələmu aleykum" (sizə salam olsun!) deyərək birinə salam verdikdə həmin şəxsə Allahdan salamatlıq diləyirik.  
Salam verməyin fəziləti
      Abdullah ibn Amr rəvayət (Allah ondan razı olsun) edir ki, bir nəfər Pey­ğəm­bərdən (salləllahu aleyhi və səlləm) soruş­du: "İs­lam xis­lətlərindən ən xeyirlisi hansı­dır?" Pey­ğəmbər (salləllahu aleyhi və səlləm) de­di: "Ehtiyacı olana ye­mək yedirtmək, tanı­dığına və tanımadığına sa­lam verməkdir". Yəni qarşına çıxan hər kəsə salam verməlisən. Yalnız tanıdığın adama salam vermək İs­lam əx­laqına zidd olan bir xasiyyətdir və Qiyamətin əlamətlərindəndir. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demiş­dir: "Bi­ri­sinin ancaq tanıdığına salam verməsi Qiyamətin əlamətlərindəndir". (Əh­məd, 1/387).
     Əbu Hureyrə (Allah ondan razı olsun) nəql edir ki, Allah Elçisi (salləllahu aleyhi və səlləm) demiş­dir: "İman gətir­məyincə Cənnətə girə bilməzsiniz. Biri-birinizi sevmə­yin­cə (tamam-kamal) iman gətirmiş olmazsınız. Sizə elə bir şey öyrədimmi ki, onu etdikdə biri-birinizi se­vəsiniz?! Aranızda salamı yayın". (Muslim: "İman", 54, 81;ət-Tirmizi, 2612).
Sufyan əl-Miqdam ibn Şureyh babasından (radıyəllahu anhum) rəvayət edir ki, o, Allah Elçisindən (salləllahu aleyhi və səlləm) soruşdu: "Ey Allahın Elçisi, mənə elə bir əməl bildir ki, məni Cənnətə daxil etsin". O (salləllahu aleyhi və səlləm) buyurdu: "Həqiqətən, salamı yaymaq və xoş söz söyləmək bağışlanmağı vacib edən səbəblərdəndir". (Hədis səhihdir).
      Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Üç kəffarə, üç dərəcə, üç xilas olma və üç həlak vardır. Kəffarələrə gəlincə, bu, çətin vəziyyətdə dəstəmazı kamil şəkildə almaq, bir namazdan sonra digər namazı gözləmək və camaatla namaz qılmaq üçün addımları çoxaltmaq­dır. Dərəcələrə gəlincə, bu, yemək yedizdirmək, salamı yaymaq və gecə insan­lar yatarkən namaz qılmaqdır. Xilas olmağa gəlincə, bu, qəzəb və razılıq anında ədalətli olmaq, kasıblıqda da, zənginlikdə də mötədil olmaq, gizlində də, aşkarda da Allahdan qorxmaqdır. Həlak olmağa gəlincə, bu, xəsis olmaq, nəfsə uymaq və özünü bəyənməkdir". (Hədis səhihdir).
      Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Həqiqətən, bir mömin digər bir möminlə qarşılaşaraq salam verib əl ilə görüşdükdə, ikisinin də günahları ağacın yarpaqları töküldüyü kimi tökülür". (Hədis səhihdir).
Salam verməyin qaydası
      Uca Allah buyurur: "Biri sizinlə salamlaşdığı zaman siz onun salamını daha böyük ehtiramla alın və ya verilən salamı olduğu kimi qaytarın! Həqiqətən, Allah hər şeyin haqq-hesabını çəkəndir"(ən-Nisə, 86). 
Yəni bir kəs sizə "əs-Sələmu aleykum" desə, siz də ona "və aleykus-Sələm və rahmətullah" deyərək Uca Allahın rəhmətini buna əlavə edin. Bir kəs sizə "əs-Sələmu aleykum və rahmətullah" desə, siz də ona "və aleykumus-Sələm və rahmətullahi və bərakətuhu" deyin və ya olduğu kimi salamı qaytarın.
      Salamın üç deyiliş forması vardır. Əbu Hureyra (Allah ondan razı olsun) rəvayət edir ki, Allah Elçisi (salləllahu aleyhi və səlləm) bir məclisdə olarkən bir kişi gəlib: "əs-Sələmu aleykum" - (sizə salam olsun!) - dedi. Allah Elçisi (salləllahu aleyhi və səlləm) buyurdu: "Buna on savab vardır".
Başqa bir kişi gəlib: "əs-Sələmu aleykum və rahmətullah" - (sizə salam olsun və Allahın rəhməti yetişsin!) - dedi. 
Allah Elçisi (salləllahu aleyhi və səlləm) buyurdu: "Buna iyirmi savab vardır".
Başqa bir kişi gəlib: "əs-Sələmu aleykum və rahmətullahi və bərakətuhu" - (sizə salam olsun, Allahın rəhməti və bərəkəti yetişsin!) - dedi. 
Allah Elçisi (salləllahu aleyhi və səlləm) buyurdu: "Buna otuz savab vardır". Bir kişi məclisdən qalxıb salam vermədi. Allah Elçisi (salləllahu aleyhi və səlləm) buyurdu: "Dostunuz salamı­nı nə tez unutdu. Sizdən biriniz məclisə gəldiyi zaman salam versin. Əgər orada oturmağı məsləhət bilsə, otursun. Məclisdən durub getdikdə də salam versin. Əvvəlki salam sonuncu salamdan daha üstün deyildir". (əl-Buxari "Ədəbul-Mufrad" 986).

      İki nəfər bir-biri ilə qarşılaşdıqda söhbətə başlamazdan öncə ilk olaraq salam verən daha fəzilətlidir. Allah Rəsulu (salləllahu aleyhi və səlləm) demişdir: "Salam verməyə tələs! Sizinin ən xeyirliniz salamla başlayandır". (əl-Buxari, 5613). Salam verən şəxslər çox olarsa, onlardan birinin salam verməsi kifayət edir, lakin hamının salam verməsi daha yaxşıdır. Salam verdikdə əl ilə görüşüb dil ilə salam verməmək bəyənilməyən əməldir. Salamı qaytarmaq vacibdir. Salam verilən şəxslər çox olduqda onlardan birinin və ya bir neçəsinin salamı alması kifayət edir, lakin hamısının salamı qaytarması daha yaxşıdır. Onlardan heç bir kəs salamı qaytarmazsa, hamısı günah qazanar.
      Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Minikdə olan piyadaya, ötüb-keçən oturana və az sayda olanlar çox sayda olanlara salam verməlidir". Başqa rəvayətdə isə deyilir: "Kiçik böyüyə, piyada oturana və az sayda olan toplum çox sayda olanlara salam verməlidir". (əl-Buxari, 6231). 
Paylaş: