Heyz halında namaz qılmaq olarmı?

    18.02.2014
Sual: 
Salam aleykum. Bəzi insanlar heyz halında da namaz qılır. Hansı ayə ilə sübut edək ki, bu belə deyil. Bir az zəhmət olmasa ətraflı yazardız.
Cavab: 
Aleykum salam. Heyz və nifas halında qadına namaz qılmaq və ya oruc tutmaq olmaz. Uca Allah buyurur: "Səndən qadınların heyzini (aybaşı halını) soruşurlar. De ki, o, bir əziyyətdir. Onları heyzli ikən rahat buraxın; təmizlənənə qədər onlara yaxınlaşmayın. Təmizləndikdən sonra onlara Allahın əmr etdiyi yerdən yaxınlaşın. Allah tövbə edənləri də, tərtəmiz olanları da sevər". (əl-Bəqərə, 222).
Ayədəki "təmizlənənə qədər onlara yaxınlaşmayın" əmri heyz halında olan qadının təmiz hesab edilmədiyini bildirir. Namaz qılmaq üçün dəstəmaz və yaxud qüsl almaq lazım olduğunu bildirən ayə isə belə qurtarır: "Allah sizi çətinliyə salmaq istəmir, lakin O, sizi arındırmaq (pak və təmiz etmək) istəyir". (əl-Maidə, 6).
Qadın heyz halında olduğu vaxt təmiz sayılmadığına görə onun namaz qılmağı və oruc tutmağı qadağan edilir. Umm Həbibə bint Cəhş (Allah ondan razı olsun) Peyğəmbərə (Ona və ailəsinə Allahın salamı və salavatı olsun) qan gördüyü barədə şikayət etdiyi vaxt o, belə demişdi: "Heyzin sənə mane olduğu müddət ərzində namaz qılma. Sonra yuyun və namazını qıl". (Səhih Muslim "Heyz", 65). 
Heyz görən qadın namaz qılmaqdan məsul olmadığına görə namazını qəza etməkdən də məsul ola bilməz. Muazə (Allah ondan razı olsun) deyir ki, bir gün Aişədən (Allah ondan razı olsun) belə soruşdum: "Nəyə görə heyz olan qadın orucu qəza edir, amma namazı qəza etmir?" Aişə (Allah ondan razı olsu) xanım sualıma sualla cavab verdi: "Sən Həruriyyəsən?" Mən: "Xeyr, mən Həruriyyə (Həruriyyə Həruralı deməkdir. Hərura isə Siffin döyüşündə Əlinin (Allah ondan razı olsun) dəstələrindən ayrılan xaricilərin toplaşdıqları yerdir) deyiləm, amma sual soruşuram", – deyəndə Aişə (Allah ondan razı olsun) belə cavab verdi: "Bizim başımıza belə bir hadisə gələndə bizə orucumuzu qəza etməyimiz əmr edilirdi amma namazı qəza etməyimiz əmr edilmirdi". (Səhih Muslim "Heyz", 67; ət-Tirmizi, 784).
Həmçinin oxuyun:
Heyzin müddəti uzun çəkirsə, nə vaxtdan namaz qılmalıyam?
Paylaş: