Təsabih namazı və onu necə qılmaq haqda məlumat verə bilərsiniz?

    28.07.2017
Kimdən: 
Kamal
Sual: 
Salam Aleykum Tesabeh namazi var en azindan ayda ilde 1 defe omrunde en azindan 1 defe qilmalisan bu namaz barede melumat almaq isterdim
Cavab: 

Və aleykum Salam. Təsabih namazı haqda olan hədis budur: İbn Abbas (Allah ondan razı olsun) rəvayət edir: "Allah Elçisi (salləllahu aleyhi və səlləm) əmisi Abbasa (Allah ondan razı olsun) dedi: "Ey əmim Abbas, sənə elə var-dövlət, bəxşiş verim ki, ona əməl etsən Allah sənin on xislətini (nöqsan, qüsur, eyib) - əvvəldə və sonda, keçmişdə və hazırda, qəsdən və səhvən, kiçik və böyük, gizlində və aşkarda olan günahlarını bağışlasın? Dörd rükət namaz qıl! Hər rükətində Fatihə surəsini və digər surələr oxu! Birinci rükətdə surələri oxu­yub qurtardıqdan sonra qiyamda ikən (ayaq üstə) on beş dəfə: "Subhə­nəllahi vəlhəmdulilləhi və lə iləhə illəllahu və Allahu Əkbər"- (Allah pak və müqəddəsdir! Həmd Allahadır! Allahdan başqa haqq ilah yoxdur! Allah ən Böyükdür!) - de! Sonra ruku et və (o vəziyyətdə) on dəfə bu duanı de! Sonra rukudan qalx dikəl (və qiyamda) on dəfə bu duanı de! Sonra səcdə et və (o vəziyyətdə) on dəfə bu duanı de! Sonra səcdədən qalx otur və (o vəziyyətdə) on dəfə bu duanı de! Sonra bir daha səcdə et və (o vəziy­yətdə) on dəfə bu duanı de! Sonra başını qaldır və (o vəziyyətdə) on dəfə bu duanı de! Hər rükət əsnasında duaların cəmi sayı yetmiş beş olmaqla dörd rükətdən ibarət namaz qıl! İmkan daxilində gündə bir dəfə, yaxud Cümədə (həftədə) bir dəfə, yaxud ayda bir dəfə, yaxud ildə bir dəfə, yaxud da ömründə bir dəfə olsa belə bu namazı qıl!" (Əbu Davud, 1299). Bu namaz digər namazlar kimidir və zikrlər namazın ərkanlarının ardınca deyilir. Məsələn, Fatihə və İxlas surəsindən sonra 15 "Subhən-Allah, əlhəmdulilləh, lə iləhə illəllah, Allahu Əkbər", sonra ruku edilir və "Subhənə Rabbiyəl Azim" dedikdən sonra 10 dəfə həmin zikr, rukudan qalxdıqdan sonra "Səmi Allahu limən həmidəh Rabənə və ləkəl həmd" dedikdən sonra 10 dəfə həmin zikr və ardıcıllıqla namaz qılınır. Təsabih namazının yalnız sonunda təşəhhüd deyilir. Bir sıra alimlər bu hədisi zəif saysalar da, mötəbər olduğunu təsdiq edən alimlər də var. Onlar İbn Məndə, İbn Həcər, əl-Əcurri, Xatib əl-Bəğdadi, Əbu Sə'd əs-Səmani, əl-Munziri, İbn əs-Salah, ən-Nəvəvi və digəriləridir. ("Avnul-Mə'bud" 4/124). 

Teqlər: 
Paylaş: