Naməhrəmə toxunmaq, namaz, ölüyə Quran oxumaq və s. haqqında
Aleykumus sələm və rahmətullahi və bərakətuhu.
1) Yad (naməhrəm) qadınlara bilə-bilə toxunmaq, onlarla əl ilə görüşmək haramdır.
2) Namazda dodaq quruyursa, dil ilə islatmaq olar.
3) Qiyamət günü həmin şəxsin əlinə köz verilməsi haqda səhih bir məlumat şəriətdə qeyd olunmamışdır. Həmçinin, məcburən edilən əməl bağışlanmışdır. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Uca Allah ümmətimə səhvən, unudaraq və məcburiyyət qarşısında edilənləri bağışlamışdır". Həmçinin, günahdan peşman olub günahı Allah xatirinə tərk edənin günahı bağışlanmışdır. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Günahdan peşman olmaq tövbə etməkdir". Bundan əlavə, o demişdir: "Peşmançılıq tövbədir. Günahdan tövbə edən, günah etməyən kimidir". (ət-Tabərani “Mucəmul-Kəbir” 10128).
4) Əvvala bilmək lazımdır ki, İslama görə ölüyə nəsə göndərmək anlayışı yoxdur. Bizə yalnız ölü üçün Uca Allahdan bağışlanma diləmək, nəziri və ya borcu olubsa, onları ödəmək. Cümə axşamı və ya başqa günləri xüsusiləşdirərək ölü üçün Yə Sin və ya Quranın başqa surəsini oxumaq bidətdir (dinə salınan yenilikdir). Çünki, bunu nə Rəsulullah (salləllahu aleyhi və səlləm), nə də onun səhabələri (Allah onlardan razı olsun) etmişlər. Hədisdə deyilir: "Hər bir yenilik (bidət) zəlalət, hər bir zəlalət isə cəhənnəm odundadır".
Müəyyən günləri xüsusiləşdirrmədən ölünün adından sədəqə verməyə icazə verilir.
5) Adından görsəndiyi kimi xəyal və ya xülya gerçək olmayan bir şeydir. Ümumiyyətlə yaxşı olar ki, bu kimi məsələrdən uzaq olasınız. Çünki çox vaxt sevgililər bir-birinə qovuşmadıqda nəticədə hər iki tərəf iztirab çəkir və qəlb xəstəliyi yaranır. Həmçinin, hədislərdən məlumdur ki, Uca Allah evlənmək istəyib özünü zinadan qoruyan insana zamin durur. Xəyallarla qurulan haram sevgi isə şeytanın insana vəsvəsə etdiyi boş xülyalarıdır. Bu cür sevgi insanı zinaya, dünya rüsvayçılığına və axirət əzabına aparır.
6) Cənnətdə və Cəhənnəmdə ayaq yoluna çıxmaq olmayacaq. Cənnət əhli haqqında Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Cənnətin sakinləri orada yeyib-içərlər, lakin sidik və nəcis ifraz etməz və tüpürməzlər". Soruşdular: "Bəs onların yedikləri necə çıxacaq?" Peyğəmbər (salləllahu aleyhi və səlləm) dedi: "Gəyirmək və müşk qoxusu olan tər ilə. Nəfəs aldıqları kimi onlara rahatlıqla təsbih (Subhəənəllaah) və təhmid (Əlhəmdulilləəh) etməyə ilham veriləcək". (Muslim, 7331).
Cəhənnəm əhli haqqında isə Qurani Kərimdə bildirilir ki, onların yedikləri onların bətnlərini parçalayaraq yandırıb yaxacaq.