Məscidə getməyin savabı
Məscid sözü səcdə edilən yer deməkdir. Məscid tək Allaha ibadət olunan yerdir. Məscid Allahın yad edildiyi yer olduğuna görə Allahın evi sayılır. Məscidin İslam dinində olan məqamı böyükdür. Məscidə getmək, orada ibadət etmək, elm öyrənmək üstün əməllərdən sayılır. Bu haqda Peyğəmbərimizdən (salləllahu aleyhi və səlləm) bir çox hədislər rəvayət olunmuşdur. O demişdir: “Kim xeyir öyrənmək və ya öyrətmək üçün səhər məscidə gedərsə, ona tam bir həcc savabı verilər”. (ət-Tabərani “Mucəmul-Kəbir” 7346, 7473).
Osmanın azad etdiyi qul Humran demişdir: “Bir gün Osman ibn Əffan gözəl şəkildə dəstəmaz aldı. Sonra belə dedi: “Mən Peyğəmbəri (salləllahu aleyhi və səlləm) gördüm. O, dəstəmaz aldı və bunu gözəl şəkildə yerinə yetirdi. Sonra buyurdu: “Kim bu şəkildə dəstəmaz alar, sonra da nəfsini yalnız namaz qılmağa təhrik edərək məscidə gedərsə, keçmiş günahları bağışlanar”. (Muslim, 548).
“Kim gözəl bir şəkildə dəstəmaz alar, sonra məscidə gəlib insanların namazı bitirdiklərini görsə belə, Uca Allah ona namazda iştirak edənlərin savabına bərabər mükafat yazar və onların savabından heç bir şey əskilməz”. (Əbu Davud, 564).
“Evində gözəl bir şəkildə dəstəmaz aldıqdan sonra məscidə gələn Allahın ziyarətçisidir. Ziyarət edənə ehtiram göstərmək isə ziyarət olunanın üzərində bir haqdır”. (ət-Tabərani “Mucəmul-Kəbir” 6139).
“Kim səhər və axşamüstü məscidə gedərsə, hər gedişində Allah onun üçün Cənnətdə bir yer hazırlayar”. (əl-Buxari 662).
“Kim zülmət gecədə məscidlərə gedərsə, Qiyamət günü nur içində Uca Allahla görüşəcək”. (ət-Tabərani “Müsnəduş-Şəmiyyin” 3513).
“Dəstəmazı pozulmadıqca məsciddə namazı gözlədiyi müddət ərzində qul namazda olduğu kimi sayılır”. (əl-Buxari, 17).
“Məscidə ən uzaq yerdən gələnin mükafatı daha böyükdür”. (Əbu Davud, 556).
“Kim Cümə günü yaxşıca yuyunaraq qüsl edər, tezdən məscidə miniksiz, yeriyərək gedər, imama yaxın oturub onu sakitcə dinləyərsə, evdən məscidə qədər atdığı hər addıma görə ona bir illik oruc və bir illik gecə namazı savabı yazılar”. (Əbu Davud, 345).
Uqbə ibn Amir (Allah ondan razı olsun) demişdir: “Biz Suffədə (məsciddə evsizlər üçün ayrılan yer) olarkən Allah Elçisi salləllahu aleyhi və səlləm gəlib dedi: “Hansınız hər səhər Büthan və ya əl-Əqiq vadisinə gedib günah etmədən və qohumluq əlaqələrini kəsmədən oradan hörgüclü iki maya dəvə gətirmək istəyir?” Biz dedik: “Ey Allahın Elçisi! Biz bunu istəyirik”. O dedi: “Sizdən biri səhər məscidə gedib, Allahın kitabından iki ayə öyrənərsə və ya (onları) oxuyarsa, bu onun üçün iki dəvədən daha xeyirli olar. Üç ayə onun üçün üç dəvədən, dörd ayə onun üçün dörd dəvədən daha xeyirli olar. (Öyrənilən və oxunulan) ayələrin sayı nə qədərdirsə, o qədər də dəvələrdən daha xeyirlidir”. (Muslim, 1909).
Peyğəmbər salləllahu aleyhi və səlləm demişdir: “(İnsanın) camaatla qıldığı namazı öz evində və ya bazarda (fərdi şəkildə) qıldığı namazdan iyirmi beş dəfə artıqdır, çünki sizdən biri lazımı qaydada dəstəmaz alıb ancaq namaz qılmaq məqsədilə məscidə gəlsə, məscidə daxil olanadək atdığı hər addıma görə Allah onu bir dərəcə yüksəldər və onun bir günahını silər. Məscidə daxil olduqdan sonra orada qaldığı vaxt ərzində namazda olduğu kimi sayılar. Namazını qılacağı yerdə gözlədiyi vaxt ərzində, dəstəmazı pozulanadək mələklər: “Allahım, onu bağışla! Allahım, ona rəhm et!” - deyə onun üçün dua edərlər”. (əl-Buxari, 477).