Qəza namazları neçə rükət və nə vaxt qılınır?

    25.02.2014
Sual: 
Salam aleykum. Qeza namazlari neche rüket ve ne vaxt qilinir?
Cavab: 

Aleykum salam. Qəza namazları elə olduğu kimi, yəni nə şəkildə qəzaya qalmışdırsa, həmin şəkildə də qılınır. Sadəcə burada yalnız fərz qılınacaq. Sünnətlər qılınmır. Bir neçə namazı vaxtında qıla bilmədikdə onları ardıcıl olaraq qılmaq lazımdır. İbn Məsud, Əbu Səid əl Xudri, Cabirdən (Allah onlardan razı olsun) gələn xəbərlərə görə: "Müşriklər xəndək savaşında dörd vaxt namaz qılmaqdan bizi məşğul etdi. Nəhayət gecənin bir vaxtında Rəsulullah (Ona və ailəsinə Allahın salamı və salavatı olsun) Bilala (Allah ondan razı olsun) azan verməsini əmr etdi. Bilal (Allah ondan razı olsun) azan oxudu və iqamə gətirdi. Rəsulullah (salləllahu aleyhi və səlləm) zöhr namazını qıldırdı. Sonra Bilal (radıyəllahu anhu) yenə iqamə gətirdi və Rəsulullah (salləllahu aleyhi və səlləm) əsr namazını qıldırdı. Sonra Bilal (radıyəllahu anhu) təkrar iqamə gətirdi, Rəsulullah (salləllahu aleyhi və səlləm) məğribi qıldırdı. Sonra Bilal (radıyəllahu anhu) yenə də iqamə gətirdi, Rəsulullah (salləllahu aleyhi və səlləm) işa namazını qıldırdı". (ət-Tirmizi; ən-Nəsəi; Əhməd). Namazı bilərəkdən qılmayıb qəzaya buraxmaq böyük günahdır. Bu günahdan uzaq durmaq lazımdır. Huşu itirmək, yuxuya getmək, unutmaq və s. buna bənzər üzrlü səbəblərdən dolayı vaxtında qılınmayan namazlar, səbəb aradan qalxdıqda vaxt keçirmədən dərhal qılınmalıdır. Rəbbimiz bizə bütün namazları vaxtlı-vaxtında qılmağı buyurmuşdur: "Namazları və (günortadan sonrakı) orta namazı qoruyun və Allah qarşısında mütiliklə durun". (əl-Bəqərə, 238). 
"... Namaz möminlərə müəyyən olunmuş vaxtlarda vacib edilmişdir". (ən-Nisə, 103).  
"Vay halına namaz qılanların – o şəxslərin ki, onlar namazlarında səhlənkardırlar". (əl-Məun, 4-5).

Peyğəmbərimizdən (Allahın ona və ailəsinə salavatı və salamı olsun) ən xeyirli əməlin hansı olduğunu soruşanda, bunun vaxtında qılınan namaz olduğunu bildirmişdir.

Teqlər: 
Paylaş: