Peyğəmbərin qəlbinin uşaq vaxtı yuyulması düzdürmü?
Və aleykum Salam. Bu hadisə səhih hədisə əsaslanır. Ənəs ibn Malik (Allah ondan razı olsun) demişdir: "Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salavatı olsun) (kiçik yaşlarında) uşaqlarla oynayarkən Cəbrail (aleyhis-sələm) onun yanına gəldi, onu tutub yerə yıxdı və köksünü yarıb qəlbini çıxartdı. Sonra onun içindən qan laxtası çıxartdı və (Peyğəmbərə - saləllahu aleyhi və səlləm): "Bu, şeytanın səndə olan nəsibidir"– dedi. Onun qəlbini qızıl ləyənin içində Zəmzəm suyu ilə yuduqdan sonra onu bağladı. Sonra da onu yerinə qaytardı. (Bunu görən) uşaqlar tələsik onun süd anasının (Həlimə) yanına gəlib: "Muhəmməd öldürüldü!"– dedilər. (Dərhal) hamısı onun yanına gəldi. Onun rəngi qaçmışdı". Ənəs (Allah ondan razı olsun) dedi: "Mən tikişlərin yerini onun köksündə görürdüm". (Muslim, 413).
Malik ibn Sasaə (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) gecə səfəri haqqında (bunları) danışmışdır: "Mən Hatimdə (Kəbəyə bitişik yarımdairə şəklində hörülmüş, hündür olmayan divarla Kəbənin arasındakı yerdir. Bu yer Hicr və ya Hatim adlanır) uzanmış ikən bir nəfər (Cəbrail - Allahın ona salamı olsun) yanıma gəldi və (bədənimi) buradan bura kimi (boğazından və ya köksündən qarnının alt nahiyəsinə qədər) yarıb qəlbimi çıxartdı. Sonra yanıma içi imanla dolu olan qızıl ləyən gətirdilər. Qəlbimi (Zəmzəm suyu ilə) yuduqdan sonra onu (imanla) doldurdular. Sonra mənim yanıma qatırdan alçaq və uzunqulaqdan hündür olan, ağ rəngli bir heyvan gətirdilər". (Carud dedi: "Ey Əbu Həmzə, bu, Buraq idimi?" Ənəs dedi: "Bəli, o, addımını insanın gördüyü son nöqtəyə qoyurdu". Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) davam edib dedi:) “Mən heyvana mindikdən sonra Cəbrail məni özü ilə apardı. Nəhayət, dünya səmasına gəlib çatdıqda o, qapının açılmasını xahiş etdi. (Gözətçilər): "Kimdir o?"- deyə soruşdular. O: "Cəbraildir!"– dedi. Onlar: "Yanındakı kimdir?"– deyə soruşdular. O: "Muhəmməddir!"– dedi. Onlar soruşdular: "Onu çağırıblarmı?" Cəbrail: "Bəli!"– dedi. Onlar dedilər: "Xoş gəlib, səfa gətirib! O, nə gözəl ziyarətçidir!" Sonra qapılar açıldı. Mən içəri keçdikdə (orada) Adəmi gördüm. (Cəbrail): "Bu, atan Adəmdir, salam ver ona!"- dedi, mən də ona salam verdim. O, mənim salamımı aldı və dedi: "Xoş gəlmisən, ey əməlisaleh oğul və əməlisaleh peyğəmbər!" Sonra biz ikinci səmaya qalxdıq və (Cəbrail) qapının açılmasını xahiş etdi. (Gözətçilər): "Kimdir o?"– deyə soruşdular. O: "Cəbraildir!"– dedi. Onlar: "Yanındakı kimdir?"– deyə soruşdular. O: "Muhəmməddir!"– dedi. Onlar soruşdular: "Onu çağırıblarmı?" Cəbrail: "Bəli!"– dedi. Onlar dedilər: "Xoş gəlib, səfa gətirib! O, nə gözəl ziyarətçidir!" Sonra qapılar açıldı. Mən içəri keçdikdə (orada) xalauşaqlarını – Yəhyanı və İsanı gördüm. (Cəbrail): "Bu, Yəhya və İsadır, salam ver onlara!"- dedi, mən də onlara salam verdim. Onlar mənim salamımı aldıqdan sonra dedilər: "Xoş gəlmisən, ey əməlisaleh qardaş və əməlisaleh peyğəmbər!" Sonra biz üçüncü səmaya qalxdıq və (Cəbrail) qapının açılmasını xahiş etdi. (Gözətçilər): "Kimdir o?"– deyə soruşdular. O: "Cəbraildir!"– dedi. Onlar: "Yanındakı kimdir?"– deyə soruşdular. O: "Muhəmməddir!"– dedi. Onlar soruşdular: "Onu çağırıblarmı?" Cəbrail: "Bəli!"– dedi. Onlar dedilər: "Xoş gəlib, səfa gətirib! O, nə gözəl ziyarətçidir!" Sonra qapılar açıldı. Mən içəri keçdikdə (orada) Yusufu gördüm. (Cəbrail):"Bu, Yusufdur, salam ver ona!"- dedi, mən də ona salam verdim. O, mənim salamımı aldıqdan sonra dedi: "Xoş gəlmisən, ey əməlisaleh qardaş və əməlisaleh peyğəmbər!" Sonra biz dördüncü səmaya qalxdıq və (Cəbrail) qapının açılmasını xahiş etdi. (Gözətçilər): "Kimdir o?"– deyə soruşdular. O: "Cəbraildir!"– dedi. Onlar: "Yanındakı kimdir?"– deyə soruşdular. O: "Muhəmməddir!"– dedi. Onlar soruşdular: "Onu çağırıblarmı?" Cəbrail: "Bəli!"– dedi. Onlar dedilər: "Xoş gəlib, səfa gətirib! O, nə gözəl ziyarətçidir!" Sonra qapılar açıldı. Mən içəri keçdikdə (orada) İdrisi gördüm. (Cəbrail): "Bu, İdrisdir, salam ver ona!"- dedi, mən də ona salam verdim. O, mənim salamımı aldıqdan sonra dedi: “Xoş gəlmisən, ey əməlisaleh qardaş və əməlisaleh peyğəmbər!” Sonra biz beşinci səmaya qalxdıq və (Cəbrail) qapının açılmasını xahiş etdi. (Gözətçilər): "Kimdir o?"– deyə soruşdular. O: "Cəbraildir!"– dedi. Onlar: "Yanındakı kimdir?"– deyə soruşdular. O: "Muhəmməddir!"– dedi. Onlar soruşdular: "Onu çağırıblarmı?" Cəbrail: "Bəli!"– dedi. Onlar dedilər: "Xoş gəlib, səfa gətirib! O, nə gözəl ziyarətçidir!" (Sonra qapılar açıldı.) Mən içəri keçdikdə (orada) Harunu gördüm. (Cəbrail): "Bu, Harundur, salam ver ona!"- dedi, mən də ona salam verdim. O, mənim salamımı aldıqdan sonra dedi: "Xoş gəlmisən, ey əməlisaleh qardaş və əməlisaleh peyğəmbər!" Sonra biz altıncı səmaya qalxdıq və (Cəbrail) qapının açılmasını xahiş etdi. (Gözətçilər): "Kimdir o?"– deyə soruşdular. O: "Cəbraildir!"– dedi. Onlar: "Yanındakı kimdir?"– deyə soruşdular. O: "Muhəmməddir!"– dedi. Onlar soruşdular: "Onu çağırıblarmı?" Cəbrail: "Bəli!"– dedi. Onlar dedilər: "Xoş gəlib, səfa gətirib! O, nə gözəl ziyarətçidir!" (Sonra qapılar açıldı.) Mən içəri keçdikdə (orada) Musanı gördüm. (Cəbrail): "Bu, Musadır, salam ver ona!"– dedi, mən də ona salam verdim. O, mənim salamımı aldıqdan sonra dedi: "Xoş gəlmisən, ey əməlisaleh qardaş və əməlisaleh peyğəmbər!" Mən onun yanından keçib getdikdə o ağladı. Ondan: "Nə üçün ağlayırsan?"– deyə soruşdular. Musa dedi: "Məndən sonra göndərilmiş bu cavan oğlanın ümmətindən Cənnətə daxil olanların sayı, mənim ümmətimdən ora daxil olanların sayından qat-qat artıq olacaq". Sonra biz yeddinci səmaya qalxdıq və (Cəbrail) qapının açılmasını xahiş etdi. (Gözətçilər): "Kimdir o?"– deyə soruşdular. O: "Cəbraildir!"– dedi. Onlar: "Yanındakı kimdir?"– deyə soruşdular. O: "Muhəmməddir!"– dedi. Onlar soruşdular: "Onu çağırıblarmı?" Cəbrail: "Bəli!"– dedi. Onlar dedilər: "Xoş gəlib, səfa gətirib! O, nə gözəl ziyarətçidir!" (Sonra qapılar açıldı.) Mən içəri keçdikdə (orada) İbrahimi gördüm. (Cəbrail): "Bu, atan İbrahimdir, salam ver ona!"- dedi, mən də ona salam verdim. O, mənim salamımı aldıqdan sonra dedi: "Xoş gəlmisən, ey əməlisaleh oğul və əməlisaleh peyğəmbər!" Sonra mənə son həddəki Sidr ağacını göstərdilər. (Sidrətul-Muntəha: Yeddinci göydə bitən ağac. O, bu adını ona görə alıb ki, yerdən gedən və Allahdan nazil olan hər nə varsa, ona qədər gedib çatır). Onun meyvələri Həcər (məmləkətində) düzəldilən saxsı səhənglərə bənzəyirdi, yarpaqları da fil qulaqları boyda idi. (Cəbrail): "Bu, Sidrətul-Muntəhadır"- dedi. Bu ağacın dibindən dörd çay axırdı. Bu çaylardan ikisi altdan, ikisi də üstdən axırdı. Mən soruşdum: "Bu nə çaylardır, ey Cəbrail?" Dedi: "Altdakı çaylar Cənnətdən axır. Üstdəki çaylar isə Nil və Furat çaylarıdır". Sonra mənə Beytul-Məmuru (bu ev yeddinci səmada bilavasitə Kəbənin üstündə yerləşən məbəddir. Digər rəvayətdə deyilir: "Mən Cəbraildən onun barəsində soruşdum. Dedi: "Bu Beytul-Məmurdur. Hər gün onun içində yetmiş min mələk namaz qılır, sonra oradan çıxır və bir daha oraya qayıtmır") göstərdilər. Sonra mənə bir qab şərab, bir qab süd və bir qab bal gətirdilər. Mən südü götürdüm. Onda (Cəbrail) dedi: "Budur fitrət, sən və sənin ümmətin (fitrət) üzərindədir. (Yəni tövhidə meylli.) Sonra mənə gündəlik olaraq əlli (vaxt) namaz qılmaq vacib buyruldu. Mən geri qayıtdım və Musanın yanına gəlib çatdıqda, o (məndən): "Sənə nə əmr edildi?"– deyə soruşdu. Dedim: "Mənə gündəlik olaraq əlli vaxt namaz qılmaq vacib buyruldu". Musa dedi: "Sənin ümmətin gündəlik olaraq əlli (vaxt) namazı qıla bilməyəcək. Vallahi ki, mən səndən əvvəl bunu insanlara tətbiq etmək və İsrail oğullarını haqq yola çəkmək istədim, (lakin heç nə alınmadı). Rəbbinin yanına qayıt və Ondan ümmətin üçün (bu hökmü) yüngülləşdirməyi xahiş et!" Mən Allahın yanına qayıdıb (Ona yalvardım) və O, vacib namazların sayını qırxa endirdi. Sonra mən Musanın yanına qayıtdım və o, (əvvəlcə) dediklərini bir də (mənə) təkrar söylədi. Sonra mən (Allahın) yanına qayıtdım və Allah vacib namazların sayını otuza endirdi. Sonra mən Musanın yanına qayıtdım və o, (əvvəlcə) dediklərini bir də (mənə) təkrar söylədi. Mən bir də (Allahın) yanına qayıtdım və Allah vacib namazların sayını iyirmiyə endirdi. Sonra mən Musanın yanına qayıtdım və o, (əvvəlcə) dediklərini bir də (mənə) təkrar söylədi. Mən bir daha (Allahın) yanına qayıtdım və mənə gündəlik olaraq on vaxt namaz qılmaq vacib buyruldu. Sonra mən (Musanın yanına) qayıtdım və o, (əvvəlcə) dediklərini bir də (mənə) təkrar söylədi. Mən (axırıncı kərə Allahın) yanına qayıtdım və mənə gündəlik olaraq beş vaxt namaz qılmaq vacib buyruldu. Sonra mən Musanın yanına qayıtdım və o, məndən: "Sənə nə əmr edildi?"– deyə soruşdu. Dedim: "Mənə gündəlik olaraq beş vaxt namaz qılmaq əmr olundu?" Musa dedi: “Sənin ümmətin gündəlik olaraq beş (vaxt) namazı qıla bilməyəcək. Mən səndən əvvəl bunu insanlara tətbiq etmək və İsrail oğullarını haqq yola çəkmək istədim, (lakin heç nə alınmadı). Rəbbinin yanına qayıt və Ondan ümmətin üçün (bu hökmü) yüngülləşdirməyi xahiş et!" Dedim: "Mən Rəbbimdən (yetərincə) istədim, artıq (nə isə istəməyə) üzüm gəlmir. Lakin mən (bu hökmlə) razıyam və buna boyun əyirəm". Mən çıxıb getdikdə belə bir səda gəldi: “Mən əzəldən yazdığım hökmü vacib buyurdum, sonra da qullarımın yükünü yüngülləşdirdim (Digər hədisdə deyilir: "Odur ki, yaxşı əməlin əvəzini on qat verəcəyəm")". (əl-Buxari, 3887). Həmçinin oxuyun: Merac hadisəsi Quranda varmı?