Peyğəmbərin çəkdiyi məsəllər
Peyğəmbər - salləllahu aleyhi və səlləm - demişdir: “Mənim və əvvəlki peyğəmbərlərin məsəli, gözəl və heyrətamiz bir ev tikmiş, lakin kərpicinin birini qoymamış bir kimsənin məsəlinə bənzəyir. Camaat bu evin yan-yörəsindən keçir, ona təəccüb edir və deyirlər: “Nə üçün bura bir kərpic qoyulmayıb?” Sonra Peyğəmbər davam edib dedi: “O kərpic mənəm və mən peyğəmbərlərin sonuncusuyam.” (əl-Buxari, 3535).
Peyğəmbər demişdir: “Mənim və Allahın mənimlə göndərdiyi dinin misalı, həmqəbilələrinin yanına gəlib onlara: “Mən düşmən ordusunu öz gözlərimlə gördüm, mən çılpaq olaraq qövmünü xəbərdar edən birisiyəm, qaçın canınızı qurtarın”- deyən kimsənin misalına bənzəyir. Onlardan bir qismi onun sözünə baxıb axşam düşənədək yavaşca aradan çıxmış və düşməndən xilas olmuşlar, geridə qalanları isə onu yalançı hesab etmiş, düşmən də səhərə yaxın onlara hücum edib hamısını məhv etmişlər.” (əl-Buxari, 6482).
Allahı zikr edənin misalı
Peyğəmbər demişdir: “Rəbbini yad edənlə yad etməyən kimsənin misalı diri ilə ölünün misalına bənzəyir.” (əl-Buxari, 6407).
İnsanın malının, ailəsinin və əməlinin məsəli
Allah Elçisi demişdir: “Adəm oğlunun malının, ailəsinin və əməlinin məsəli üç qardaşı və ya üç dostu olan kişinin məsəli kimidir. Onlardan biri (malı) deyir: “Həyatında mən səninləyəm. Sən öldükdə isə nə mən səninlə, nə də sən mənimləsən”. O biri (ailəsi) deyir: “Mən səninləyəm. Sən o ağaca çatdıqda, nə mən səninlə, nə də sən mənimləsən”. Digəri isə (əməli) belə deyir: “Sən diri ikən də, ölü ikən də mən səninləyəm”.
Yaxşı dostla pis dostun məsəli
Peyğəmbər demişdir: “Yaxşı dostla pis dostun məsəli ətir satanla körük vuranın məsəlinə bənzəyir. Ətir satana gəlincə, ya o sənə ətir bağışlayar, ya sən ondan ətir alarsan, ya da ondan gözəl iy gəldiyini duyarsan. Körük vurana gəldikdə isə, ya o sənin paltarını yandırar, ya da ondan pis iy gəldiyini hiss edərsən”.
Xəsislə əliaçıq adamın məsəli
Peyğəmbər demişdir: “Xəsislə əliaçıq adamın məsəli, əyninə, sinədən körpücük sümüklərinə qədər olan hissəsini örtən, dəmir cübbə geymiş iki adamın məsəlinə bənzəyir. Əliaçıq adama gəlincə, o, hər dəfə öz malından xərclədikdə cübbəsi genişlənir, yaxud böyüyür və bu genişlənmə cübbəsi ta onun barmaqlarının üstünü örtənə qədər və ayaq izlərini silənədək (beləcə böyüyüb genişlənir). Xəsislik edənə gəldikdə isə o, hər dəfə malından xərcləmək istədikdə cübbənin dəmir həlqəsi yerinə yapışır və o, cübbəsini genişləndirməyə çalışsa da, cübbə genişlənmir ki, genişlənmir”.