Tövbəni necə etməliyik?
Salam aleykum. Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurmuşdur: "Peşmançılıq tövbədir". (Hədis səhihdir). Allahdan bağışlanma diləmək, sonra isə bir daha günaha qayıtmamaq üçün cəhd göstərmək lazımdır. Tövbə sözünün mənası qayıtmaq deməkdir. Yəni tövbə edən Allahın qadağan etdiyi əməllərdən Onun razı qaldığı əməllərə qayıdır. Namaz qılmaq isə Uca Allahın ən vacib buyurduğu və ən çox razı qaldığı əməldir. Həmçinin, namaz insanı günahlardan təmizləyir və qoruyur. Uca Allah buyurur: "Kitabdan sənə vəhy olunanları oxuyub namaz qıl! Həqiqətən, namaz çirkin və yaramaz işlərdən çəkindirir". (əl-Ənkəbut, 45). Peyğəmbər (salləllahu aleyhi və səlləm) səhabələrinə (radıyəllahu anhum) demişdir: "Deyin görüm, əgər birinizin evinin qarşısından bir çay axarsa və o hər gün orada yuyunarsa, onun üzərində çirk qalarmı?" Onlar dedilər: "Onun üzərində çirkdən heç bir əsər-əlamət qalmaz". O (salləllahu aleyhi və səlləm) buyurdu: "Beş vaxt qılınan namaz da belədir, Allah onun vasitəsilə günahları silib yox edir". (Hədis səhihdir).