İsra surəsinin 71-ci ayəsində olan imam sözü kimə aid edilir?

    21.11.2017
Kimdən: 
Elçin
Sual: 
Salam aleykum. Xahiş edirəm İsra sürəsi 71 ayə barədə açıqlama verəsiz. O gün bütün insanlar öz imamları ilə birlikdə çağrılacaqlar. Burada söhbət kimdən gedir, yəni imamlar dedikdə kimlər nəzərdə tutulur?
Cavab: 

Va aleykum Salam. Uca Allah buyurur: "O gün bütün insanları öz başçıları ilə birlikdə çağıracağıq. (O zaman) kitabı sağ əlinə verilən kimsələr öz kitablarını (sevinclə) oxuyacaq və onlara xurma çəyirdəyindəki tel qədər zülm edilməyəcəkdir". (əl-İsra, 71).

Ayədə keçən "imam" sözü, yəni başçı, rəhbər deməkdir. Ayənin təfsirində deyilir ki, Uca Allah Qiyamət günü məxluqların onlara doğru yolla getməyi nəsihət edən başçıları ilə birlikdə çağırılıb bir yerə yığıla­caqları zaman hallarının necə olacağını bildirir. Onlar elçilər və onların işinin davamçıları olan xeyirxah möminlər olacaqlar. Hər bir icma bir yerdə toplanacaq və bu zaman onu doğru yola dəvət edən Allahın elçisi icmaya yaxınlaşacaqdır. Sonra insanların əməlləri Allahın elçisinin təbliğ etdiyi Kitabla tutuşdurulacaq və onda insanlar iki dəstəyə ayrılacaqlar. Bəzilərinə əməl dəftəri sağ əlinə veriləcək, çünki onlar doğru yola çağıran başçılarının ardınca getmişdilər, onun Kitabına əsaslanmışdılar və çoxlu xeyirxah əməllər işləmiş və az günah əməllər etmişdilər. Bu mömin insanlar öz əməl dəftərlərini sevinc və heyranlıqla oxuyacaqlar, çünki orada yazılanlar onları sevindirəcək. Etdikləri yaxşılıqlar hətta xurma çəyirdəyinin lifi qədər belə azaldılmayacaq. 

Teqlər: 
Paylaş: