Cəhənnəm haqqında
Cəhənnəm Uca Allahın günahkar bəndələrini cəzalandıracağı yerdir. Allahı inkar edən və ya Ona şərik qoşanlar orada əbədi, müsəlman olub böyük günahlar edənlər isə orada günahları təmizlənənə qədər qalacaqlar. Uca Allah buyurur: “Kim Rəbbinin hüzuruna günahkar kimi gələrsə, onu Cəhənnəm əzabı gözləyir. O, Cəhənnəmdə nə ölər, nə də yaşayar”. (Taha, 74).
“Şübhəsiz ki, Allah kafirlərə lənət eləmiş və onlar üçün yanar od hazırlamışdır. Onlar orada əbədi qalacaqlar, nə bir hami, nə də bir yardımçı tapa biləcəklər”. (əl-Əhzab, 64-65).
Hədislərin birində Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) Cənnət və Cəhənnəmdən bəhs edərək buyurur: “...Uca Allah Cənnətə buyurdu: “Sən Mənim rəhmətimsən, Mən sənin vasitənlə qullarımdan dilədiyim kimsəyə rəhm edərəm”. Sonra Cəhənnəmə buyurdu: “Sən də Mənim əzabımsan, Mən sənin vasitənlə qullarımdan dilədiyim kimsəyə əzab verərəm...”. (əl-Buxari, 4472, 4569, 4850).
Qurani-kərimdə və hədislərdə Cəhənnəmin vəsfləri bizə bildirilmişdir.
Cəhənnəmin böyüklüyü
Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) buyurdu: “O, gün Cəhənnəm gətriləcək. Cəhənnəmin yetmiş min yüyəni (tutacağı) olacaq. Hər bir yüyəndən yetmiş min mələk tutacaq. Mələklər (bu yüyənlərdən) tutub Cəhənnəmi çəkib gətirəcəklər”. (Muslim, 2184, 2842).
Uca Allah buyrurur: “Biz insanı ən gözəl surətdə yaratdıq! Sonra isə onu aşağı qatların ən aşağısına (Cəhənnəmin dibinə) qaxacağıq”. (ət-Tin, 4-5).
Rəvayət edilir ki, Əbu Hureyra (Allah ondan razı olsun) demişdir: “Bir gün biz Peyğəmbərlə (salləllahu aleyhi və səlləm) birlikdə idik. Birdən düşən bir şeyin səsi eşitdik. Bu zaman Peyğəmbər (salləllahu aleyhi və səlləm) “Bunun nə olduğunu bilirsinizmi?” deyə buyurdu. Biz: “Doğrusu Allah və Elçisi bilər!” dedik. Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) belə buyurdu: “Bu, yetmiş il əvvəl Cəhənnəmin içinə atılmış bir daşdır. İndiyə kimi Cəhənnəmin dibinə düşürdü. Nəhayət dibinə indi çatdı”. (Muslim, 2844, 5078, 7346).
Uca Allah buyurur: “Həqiqətən, Cəhənnəm onların hamısına vəd olunmuş yerdir. Onun yeddi qapısı vardır. Hər qapı üçün onlardan müəyyən bir dəstə təyin olunmuşdur”. (əl-Hicr, 43-44).
Ubeyy ibn Kəb (Allah ondan razı olsun) deyir: “Cəhənnəmin yeddi qapısı vardır. Bunlardan biri Hərurilər (xəvariclər) üçündür”. (İmam Əhməd, 2/ 94).
Cəhənnəmin vadiləri və həbsxanaları
Uca Allah buyurur: “Onlardan sonra namazı tərk edib şəhvətə uyan bir nəsil gəldi. Onlar (Cəhənnəmdəki) Ğəyy dərəsinə düşəcəklər. (Yaxud, onlar da öz əməllərinin cəzasını alacaqlar)”. (Məryəm, 59).
İbn Abbas (Allah ondan razı olsun) demişdir: “Ğəyy - Cəhənnəmdə bir vadidir”.
Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) demişdir: “Təkəbbürlülər Qiyamət günü insan qiyafəsində, həm də qarışqa boyda olduqları halda məhşərə toplanılacaqlar. Onları hər tərəfdən zillət bürüyəcək və onları Cəhənnəmdəki Buləs adlı zindana sürükləyəcəklər. Onları alovların alovu qaplayacaq və onlara Cəhənnəm əhlinin bədənindən axan irindən içirdəcəklər”. (əl-Buxari “Ədəbul-Mufrad” 557; ət-Tirmizi, 2492).
Cəhənnəmin uğultusu və qəzəbi
Uca Allah buyurur: “Onlar Cəhənnəm odunu uzaq məsafədən gördükdə belə onun necə qəzəblə qaynamasını duyacaq və xışıltısını (uğultusunu) eşidəcəklər”. (əl-Furqan, 12).
“Rəbbinə qarşı çıxanlar Cəhənnəm əzabına düçar olacaqlar. Ora nə pis dönüş yeridir. Onlar oraya vasil ediləndə onun dəhşətli uğultuyla (uğultu ilə) qaynadığını eşidəcəklər”. Cəhənnəm, qəzəbindən az qala parçalansın. Hər dəfə bir dəstə oraya atılarkən Cəhənnəmin gözətçiləri onlardan soruşacaqlar: "Məgər sizə xəbərdarlıq edən bir peyğəmbər gəlməmişdi?" Onlar deyəcəklər: "Əlbəttə, bizə qorxudan bir peyğəmbər gəlmişdi. Amma biz onu yalançı sayıb: "Allah heç bir şey nazil etməyib, siz də ancaq böyük bir azğınlıq içindəsiniz"– demişdik. Onlar deyəcəklər: "Əgər biz dinləsəydik və ya anlasaydıq alov şölələri saçan od sakinlərinin içində olmazdıq!" Onlar öz günahlarını etiraf edəcəklər. Rədd olsun alovlu od sakinləri!” (əl-Mulk 6-11).
Cənnət haqda uzun bir hədisi danışdıqdan sonra Kəb (Allah ondan razı olsun) dedi: “Canım əlində olan Allaha and olsun ki, həqiqətən də, Qiyamət günü Cəhənnəmin bir gurultusu var. Allaha yaxın olan elə bir mələk və göndərilmiş elə bir peyğəmbər olmayacaq ki, (bu gurultunun qorxusundan) dizi üstə yerə düşməsin, hətta Allahın sevimlisi İbrahim belə deyəcək: “Ey Rəbb! Ah canım, ah canım!”. (ət-Tabərani “Mucəmul-Kəbir” 9763).
Cəhənnəm əhlinə verilən cəza
“De: "Haqq Rəbbiniz tərəfindəndir. Kim istəyir inansın, kim də istəyir inanmasın". Biz zalımlar üçün elə bir Od hazırlamışıq ki, onun divarları onları əhatə edəcəkdir. Onlar kömək dilədikdə əridilmiş metal kimi üzlərini qovuran bir su ilə kömək ediləcəkdir. Nə pis içkidir! Nə pis məskəndir!” (əl-Kəhf, 29).
“Xeyr! Bu, alovu şölələnən Oddur – başın dərisini sıyırıb çıxaran bir od. O od çağırır haqqa arxa çevirəni, ondan üz döndərəni və mal-dövlət yığıb saxlayanı”. (əl-Məaric, 15-18).
“Kafirlər üçün oddan paltar biçiləcək, başlarına da qaynar su töküləcəkdir. Bununla, olanların bətnlərindəkiləri və dərisi əridiləcəkdir. Onlar üçün dəmir toppuzlar da hazırlanmışdır. Onlar hər dəfə oradan çıxmaq, qəmdən qurtarmaq istədikdə yenidən oraya qaytarılacaq və onlara: "Dadın odun əzabını!"– deyiləcəkdir”. (əl-Həcc, 19-22).
“Cəhənnəm odu onların üzlərini yandırar. Onlar orada dişləri ağarmış vəziyyətdə durarlar”. (əl-Muminun, 104).
“Onların dəriləri yanıb bişdikcə əzabı (həmişə) dadsınlar deyə o, dəriləri başqası ilə əvəz edəcəyik”. (ən-Nisa, 56).
“(Allah dərgahından belə bir nida gələcəkdir:) “Onu tutub qandallayın! Sonra da Cəhənnəmə atın! Daha sonra onu yetmiş arşın uzunluğunda zəncirlə bağlayın! Çünki o, böyük olan Allaha inanmırdı”. (əl-Həqqa 30-32).
Cəhənnəmliklərin yeməyi və içməyi
Uca Allah buyurur: “Qabaqda onu Cəhənnəm gözləyir; orada ona irinli su içirdiləcək. O bunu qurtum-qurtum içəcək, amma onu uda bilməyəcəkdir. Ona hər yandan ölüm gələcək, lakin o, ölməyəcəkdir. Bunun ardınca da ağır bir əzab gələcəkdir”. (İbrahim, 16-17).
«Onlar orada nə bir sərinlik, nə də içməyə bir şey tapacaqlar. Qaynar sudan və irindən başqa». (ən-Nəbə 24-25).
“Onlar imdad istədikdə onlara qətran (yaxud yaradan axan irin qan) kimi üzlərini büryan edən bir su ilə kömək ediləcəkdir. O, nə pis içki, o (Cəhənnəm) necə də pis məskəndir!” (əl-Kəhf, 29).
“Sonra, siz ey (haqq) yoldan azanlar, (haqqı) dananlar! Şübhəsiz ki, zəqqum ağacından (onun meyvəsindən) yeyəcəksiniz, Qarınlarınızı onunla dolduracaqsınız. Üstündən də (sizə bərk yanğı gəldiyi üçün) qaynar su içəcəksiniz. Özü də onu susuzluq xəstəliyinə tutulmuş (dəvə) kimi içəcəksiniz. Bu onların haqq-hesab günündəki ziyafətidir. (Ey kafirlər!) Biz sizi (yoxdan) yaratdıq. Məgər (qiyamət günü yenidən dirildiləcəyinizi) təsdiq etməzmisiniz?” (əl-Vaqiə 51-57).