Vaqiə surəsində insanların üç sinfə ayrılacağı haqda ayəni izah edə bilərsinizmi?
Va aleykumus-Sələm va rahmətullahi va bərakətuhu. Uca Allah buyurur: "siz üç qrupa ayrılacaqsınız". (əl-Vaqiə, 7). Ayənin təfsirində belə deyilir: "Qiyamət günü insanlar üç sinifə bölünəcəklər. Bir toplum Ərşin sağında yer alacaq ki, bunlar da Adəm peyğəmbərin (Allahın ona salamı olsun) sağ tərəfindən çıxmış olanlardır. Onların kitabları da sağlarından veriləcək və sağlarından alınacaq.Tanınmış təfsir alimi əs-Suddi (Allah ona rəhmət etsin) bunların bütünlüklə cənnət əhli olduğunu söyləmişdir. Digərləri isə Ərşin solunda olacaqlar ki, bunlar da Adəmin (aleyhis-sələm) sol tərəfindən çıxmış olanlardır, kitabları da sollarından veriləcək və onlar ümumən cəhənnəm əhlidir. Allah onlardan bizi qorusun! Bir başqa qrup isə Allahın hüzurunda yarışanlardır ki, bunlar da kitabları sağ tərəfindən verilmiş olanlardan daha gözəl, daha dəyərli və daha üstün olub, onların hörmətlisi olacaqlar. Peyğəmbərlər, rəsullar, siddiqlər və şəhidlər bunların arasında yer alacaq. Bunlar sağ tərəfdə olanlardan sayca daha azdırlar. Necə ki, bu xüsusda Uca Allah ayənin davamında buyurur: "Sağ tərəf sahibləri. Nə xoşbəxtdir sağ tərəf sahibləri! Sol tərəf sahibləri. Nə bədbəxtdir sol tərəf sahibləri! (Xeyirxah işlərdə) öndə gedənlər, (Cənnətdə də) öndədirlər! Onlar (Allaha) yaxın olanlar, Nəim bağlarında (qalacaq kimsələrdir). Onların çoxu əvvəlki nəsillərdən, az bir qismi də axırıncılardandır". (əl-Vaqiə, 8-10). İbn Abbas (Allah ondan razı olsun) bu ayə demişdir: "Bu üç sinif Vaqiə surəsinin sonunda və Fatir surəsi 32-ci ayədə qeyd olunanlardır: "Sonra, Kitabı qullarımız içərisindən seçdiklərimizə miras etdik. Onlardan kimisi özünə zülm edər, kimisi orta yol tutar, kimisi də Allahın izni ilə yaxşı işlərdə öndə gedər. Böyük lütf də budur". (Fatir, 32)". (İbn Kəsir "Hədislərlə Qurani Kərimin Təfsiri", 14/7673-7676).