Allahın "əl-Kərim" adının mənası
əl-Kərim sözü əliaçıq, səxavətli deməkdir. Ərəblər ümumi faydası olan və ya davamlı xeyir verən, çox asan əldə olunan bir şeyi “kərim” adlandırırlar. Məsələn, kitab kərimdir, yəni faydalıdır.
əl-Kərim olan Allah bütün tərifəlayiq sifətlərə sahibdir. O, mülayim, lütfkar, pak və xeyri bol olandır. Allahın əl-Kərim adı Qurani-Kərimdə üç dəfə zikr edilir. Uca Allah buyurur:
“Ey insan! Səni öz Səxavətli (əl-Kərim) Rəbbinə qarşı qoyan nədir? O ki, səni yaradıb kamilləşdirdi və sənə gözəl bir surət verdi. Səni istədiyi şəklə saldı” (əl-İnfitar, 6-8).
“Haqq Hökmdar Allah hər şeydən ucadır! Ondan başqa ibadətə layiq olan heç bir məbud yoxdur. O, şanlı Ərşin Rəbbidir” (əl-Muminun, 116).
“Süleyman dedi: "Ey əyanlar! Onlar müti olaraq yanıma gəlməmiş hansınız onun (Bilqeysin) taxtını mənə gətirə bilər?" Cinlərdən çox qüvvətli birisi dedi: "Sən məclisdən qalxmamış mən onu sənə gətirərəm. Mən bu işi görməyə çox qüvvətliyəm, etibarlıyam!" Kitabdan xəbəri olan bir başqa kimsə isə belə dedi: "Mən onu sənə bir göz qırpımında gətirərəm!" Süleyman taxtı yanında hazır durmuş görən kimi dedi: "Bu, Rəbbimin lütfündəndir ki, məni sınağa çəksin, görək şükür edəcəyəm, yoxsa nankor olacağam! Kim şükür etsə, ancaq öz xeyrinə şükür etmiş olar, kim də nankor olsa, bilsin ki, həqiqətən, Rəbbim onun şükrünə möhtac deyildir, Səxavətlidir!" (ən-Nəml, 38-40).
əl-Kərim olan Allah bəndələrinə bol-bol xeyir verən, bəndələri layiq olmadığı halda belə onlara nemətlər bəxş edəndir. O, nemətlərini minnət qoymadan verir və yaxşı işlər görənlərin mükafatını heç vaxt puç etmir. Uca Allah buyurur: “İman gətirib yaxşı əməllər edənlərə gəlincə, Biz yaxşı işlər görənlərin mükafatını puç etmərik” (əl-Kəhf, 30).