Əbabil quşları haqqında məlumat verə bilərsinizmi?
Va aleykum Salam. Əbabil quşları haqqında Fil surəsində Kəbəni dağıtmaq istəyən Əbrəhənin və onun ordusundakı fillərin Əbabil quşları tərəfindən məhv edilməsi haqqında söhbət açılır. Belə ki, Uca Allah onların üstünə Əbabil quşları göndərmişdir. Quşlar ordunun üzərində topalaşaraq dimdikləri və caynaqları ilə götürdükləri daşları ordunun üstünə ataraq onları məhv etmişlər. İbn Hişam deyir: "Əbabil toplu-toplu mənasını verir. Ərəblər bu sözü təkdə işlətməzlər". Həmmad ibn Sələmə Asim vasitəsilə Əbu Sələmə ibn Abdurrahmənin "Əbabil quşları" haqqında "qatar-qatar" dediyini nəql etmişdir. İbn Abbas və Dahhak isə demişlər ki, əbabil bir-birinin ardınca gedənlər mənasını verir. Həsən əl-Basri və Qatədə "çoxlu quşlar" deyə təfsir etmişlər. Mucahid deyir ki, onlar bir-birinin ardınca gedən topalaşmış quşlardır. İbn Zeydin sözlərinə görə, bu söz ayrı-ayrı yerlərdən gəlib bir yerə topalaşmış quşlar mənasında işlənir. Kisai deyir ki, bəzi nəhv alimlərindən əbabil sözünün təkinin "ibil" olduğunu eşitmişəm". İbn Cərir deyir: Bizə Əbdalalə İbn Nofəldən "Onların üstünə əbabil quşları göndərdi" ayəsi haqda nəql etdi ki, dəvələrin sürüsü olduğu kimi quşların da sürüsü əbabil adlanır. Əbu Kureyb Vaki vasitəsilə "Onların üstünə əbabil quşları göndərdi" ayəsi barəsində İbn Abbasın belə dediyini nəql etmişdir: "Onların quş dimdiyi kimi dimdikləri, it pəncəsi kimi caynaqları var idi". Yaqub ibn İbrahim Allah təalanın bu ayəsi haqda İkrimənin belə dediyini nəql etmişdir: "Onlar dənizdən gəlmiş yaşıl quşlar idilər və onların vəhşi heyvanlar kimi başları var idi". İbn Bəşşar isə Ubeyd ibn Umeyrin belə dediyini nəql etmişdir: "Onlar qararəngli dəniz quşları idi. Dimdiklərində və caynaqlarında daşlar gətirmişdilər". Qeyd olunan rəvayətlərin hamısının isnadı səhihdir. Səid ibn Cübeyr deyir ki, bu quşlar sarı dimdikləri olan yaşıl quşlar idilər və müxtəlif bölgələrdən gəlmişdilər". İbn Abbas, Mucahid və Atənin sözlərinə görə, Əbabil quşları Məğrib ənqası adlanan quşlara bənzəyirlər". Bu rəvayəti İbn Əbu Hatim nəql etmişdir. O, həmçinin, Əbu Zəranın Ubeyd ibn Umeyrdən nəql etdiyi rəvayəti bildirərək deyir: "Uca Allah fil sahiblərini məhv etmək istədikdə, onların üzərinə dənizlərdən yarasaya bənzəyən quşlar göndərdi. Hər bir quş özü ilə üç daş gətirmişdi. Daşların ikisi caynağında, biri isə dimdiyində idi. Quşlar gəlib həbəş əsgərlərinin başlarının üstündə toplaşdılar. Sonra səs-səsə verərək caynaqlarındakı və dimdiklərindəki daşları atmağa başladılar. Düşən daş bədənin bir tərəfindən girib digər tərəfindən çıxırdı. Allah təala həmin ərəfədə güclü bir külək əsdirmiş, daşların sürətlə düşməsinə şərait yaratmışdı. Beləcə, ordunun hamısı həlak olmuşdu". (Mənbə: əl-Misbəhu-l-Muniru fi Təhzibi Təfsiri İbn Kəsir). Həmçinin oxuyun: Rəbbinin fil sahiblərinə nələr etdiyini görmədinmi? (əl-Fil surəsi)