Fil surəsinin izahı

    25.06.2020

Fil hadisəsi 571-ci ildə baş vermişdir. Məkkəlilər həmin ili Fil ili adlandırdılar. Etibarlı tarixi mənbələrə əsasən Muhəmməd peyğəmbər – ona və ailəsinə Allahın salavatı və salamı olsun – Fil ilində dünyaya gəlmişdir. Uca Allah Qureyş qəbiləsinə bu hadisəni xatırladaraq Fil surəsini nazil etdi. Uca Allah buyurur: "Mərhəmətli və Rəhmli Allahın adı ilə!
1. Rəbbinin fil sahiblərinə nələr etdiyini görmədinmi? 2. Məgər Rəbbin onların hiyləsini dolaşığa salmadımı? 3. Onların üzərinə qatar-qatar quşlar göndərdi. 4. O quşlar ki, onların üstünə odda bişmiş bərk gildən daşlar yağdırdı. 5. Allah onları sanki yeyilmiş əkin yarpağına döndərdi".
İbn Kəsir bu surəni təfsir edərkən həmin hadisəni belə nəql etmişdir: “Sonuncu Himyər çarı Zu Nuvas, bütpərəst idi və məhz o, xəndəkdəki insanları, onlar xristianlığı qəbul etdiklərinə görə, öldürməyə əmr ver­mişdi. Onlar təxminən iyirmi min nəfər idilər, lakin təkcə Dovs Zus-Sə'ləbəniyə xilas olmaq nəsib olmuşdu ki, o da xristian olan Şam hökmdarından yardım ummaq üçün bu hadisədən əvvəl onun yanına getmişdi. Şamın qeysəri Yəmənin yaxınlığında yerləşən Həbəşistan padşahına məktub yolladı və o həbəş padşahı Himyər çarına qarşı böyük bir ordu göndərdi. Bu orduya iki komandan – Əriyat və Əbu Yəksum ləqəbli Əbrəhə ibn əs-Səbbah rəhbərlik edirdilər. Onlar Yəmənə daxil olaraq şəhərləri və kəndləri darmadağın edir, himyərliləri hakimiyyətdən qovurdular. Əbu Nuvas dənizdə boğularaq öldü və Yəmən Həbəşistandan asılı vəziyyətə düşdü. Ölkədə ikihakimiyyətlilik başladı. Onu Əriyatla Əbrəhə idarə edirdilər.
Az keçmədi ki, bu iki nəfərin arasında ziddiyyətlər baş qaldırdı və bunlar hərbi toqquşmaya çevrildi. Tərəflər bir-biri ilə döyüşə girməyi qərara aldılar və döyüşçülər artıq savaş üçün düzülməyə başlamışdılar ki, bu vaxt onlardan biri digərinə dedi: “Əslində qoşunlarımızın bir-biri ilə toqquşmasına ehtiyac yoxdur. Yaxşı olar ki, biz təkbətək döyüşə çıxaq və kim qalib gəlsə, o da təkbaşına hökmdarlıq edər”. Digər tərəf bu təklifi qəbul etdi və onlar döyüşə başladılar. Əriyat Əbrəhəyə qılınc zərbəsi endirib onun burnunu, ağzını ikiyə böldü və başını zədələdi. Belə olduqda, Əbrə­hənin Ətvədə adlı köləsi Əriyatın üstünə atılaraq onu öldürdü. Əbrəhə təkbətək döyüşdən yaralı halda qayıtdı; yaralarını sağaltdılar və o tezliklə özünə gəlib Yəməndə Həbəşistan qoşunlarına təkbaşına rəhbərlik etməyə başladı.
Həbəşistan padşahı bu hərəkətlərinə görə onu məzəmmət edən məktub gön­dərdi və and içdi ki, onun ölkəsini, yəni Yəməni ayaqlar altında tapdalasın və onun kəkilini qırxsın. Belə olduqda Əbrəhə ona öz xüsusi ehtiramını bildirərək və padşahı razı salmağa çalışaraq ona cavab məktubu yolladı. O öz səfiri ilə birlikdə padşaha müxtəlif nemətlər, hədiyyələr və həmçinin Yəmən torpağı doldurulmuş bir kisə ilə birlikdə kəkilindən bir çəngə tük göndərdi. O, məktubda yazmışdı: “Bu ona görədir ki, padşah öz ayağı ilə bu torpağa gəlsin və içdiyi andı yerinə yetirsin. Həm də mən öz kəkilimdən bir çəngə tük də göndərirəm”. Padşah bu məktubu alanda, bu ona xoş gəldi və o, Əbrəhədən razı qalaraq onu ölkənin canişini vəzifəsində təsdiq etdi.
Bir müddət keçdikdən sonra Əbrəhə padşaha başqa bir məktub göndərib ona xəbər verdi ki, Yəməndə onun üçün dünyada misli görünməmiş bir kilsə tikəcəkdir. O, Səna şəhərində nəhəng bir kilsə tikintisinə başladı. Bu çox yüksək, divarları naxışlarla işlənmiş geniş bir bina idi. Ərəblər onu hündürlüyünə görə Qəlis adlandırdılar, çünki ona baxmaq istəyənlərin araqçınları başlarından düşürdü. Əbrəhə əl-Əşrəm istəyirdi ki, ərəblər Məkkədəki Kəbəyə deyil, bu kilsəyə ziyarətə gəlsinlər və hətta bu barədə öz ölkəsində fərman da yaymışdı. Bu, Ədnan və Qahtan nəslindən olan ərəb­lərin qə­tiyyən xoşuna gəlməmişdi, qureyşilər isə bu hərəkətdən olduqca qəzəblən­mişdilər. Onlardan biri həmin kilsəyə gedərək, qaranlığın düşməsini gözləyir, sonra oraya girərək, onu murdarlayır. Bundan sonra o, geriyə dönür və bundan xəbər tutan kilsə xidmətçiləri baş vermiş bu hadisə barədə canişin Əbrəhəyə xəbər verərək deyirlər: “Bunu, öz məbədlərinə görə qəzəblənmiş qureyşlilərdən biri etmişdir”. Belə olduqda Əbrəhə səfərə çıxacağına və Məkkədəki məbədi daşbadaş sökəcəyinə and içmişdir.
Muqatil ibn Süleyman rəvayət edir ki, bir neçə qureyşli gənc küləkli bir gündə kilsəyə girərək, içəridə od qalayır və bundan sonra kilsə dağılır.
Belə olduqda Əbrəhə səfərə hazırlaşır və qarşısını heç kimin ala bilməməsi üçün çoxsaylı bir ordunun başında səfərə çıxır. O, Mahmud adı ilə çağırılan həddən artıq böyük və nəhəng bir fili də özü ilə götürür. Onu xüsusilə bu məqsəd üçün həbəş kralı özü göndərmişdi.
Deyirlər ki, onunla birlikdə səkkiz və ya on iki fil də var imiş, Allah bunu daha yaxşı bilir. Onlar fillərin köməyi ilə Kəbəni uçurmaq istəyirdilər. Bundan ötrü onlar istəyirdilər ki, məbədin künclərinə zəncir bağlayıb onları filin boynuna keçirsinlər ki, o, yerindən tərpənəndə məbədin divarlarını bir dəfəyə söküb dağıtsın.
Ərəblər ordunun yaxınlaşması barədə eşitdikdə, onlar bunu çox ciddi qəbul etdilər və qərara gəldilər ki, onlar ordunu Kəbəyə buraxmamalıdırlar və onu dağıtmağı düşünənləri oraya buraxmasınlar və qarşılarını alsınlar. Yəmənin adlı-sanlı sakinlərindən və başçılarından Zu Nəfər adlı biri Əbrəhəyə qarşı çıxdı və öz xalqını və habelə digər ərəbləri onunla döyüşməyə çağırdı ki, Kəbəni müdafiə edərək məbədi dağıtmağa imkan verməsinlər. İnsanlar onun çağırışına səs verdilər və Əbrəhəyə qarşı döyüşə qatıldılar, lakin o, Kəbə müdafiəçilərini məğlubiyyətə uğratdı, çünki Öz Evinin əzəmətini nümayiş etdirmək üçün Böyük və Qüdrətli Allaha belə lazım idi.
Zu Nəfər əsir düşdü və Əbrəhə də onu özü ilə götürüb yola düşdü. O, Xəsəm qəbiləsinin torpaqlarına çatdıqda, öz xalqına başçılığı ələ alan Nufeyl ibn Həbib əl-Xəsəmi Əbrəhəyə qarşı çıxdı. İki ordu döyüşdə üz-üzə gəldilər və Əbrəhə düş­məninin qoşununu darmadağın etdi və Nufeyl ibn Həbibi əsir götürdü. Əvvəl onu edam etmək istədi, lakin sonra onu əfv edib özü ilə götürdü ki, ona Hicaz torpaq­larına getmək üçün bələdçilik etsin.
Əbrəhə Taifə yaxınlaşan zaman şəhər sakinləri onu qarşılamağa çıxaraq onun onların əl-Lat adlı məbədini dağıdacağından ehtiyatlanaraq ona yaltaqlanmağa başladılar. Əbrəhə onları xoşluqla qəbul etdi və onlar onun ixtiyarına Əbu Ruğal adlı bir bələdçi verdilər. Tezliklə Əbrəhə Məkkənin yaxınlığında olan əl-Məğməs adlı yerə çatdı və orada düşərgə saldı. Onun döyüşçüləri məkkəlilərin otlağına basqın edərək, dəvələri və başqa heyvanları qəsb etdilər. O zaman orada Əbdülmüttəlibin iki yüz dəvəsini də otarırdılar. Əbrəhənin əmri ilə əl-Əsvəd ibn Məfsudun komandanlığı altında on dəstə həmin heyvanlara basqın etmişdi və İbn İshaqın verdiyi məlumata görə, ərəb şairlə­rindən biri qəsidəsində onu lağa qoymuşdu. Sonra Əbrəhə Hənatə əl-Himyərini Məkkəyə göndərdi və ona tapşırdı ki, ən tanınmış qureyşlini onun yanına gətirsin və ona bildirsin ki, əgər ona maneçilik törətməsələr, Əbrəhə onlarla vuruşmaq niyyətində deyil.
Hənatə Məkkəyə gəldikdə, ona Əbdülmüttəlib ibn Haşimi nişan verdilər və o da Əbrəhənin sözlərini ona çatdırdı. Buna cavab olaraq Əbdülmüttəlib dedi: “Allaha and olsun, biz də onunla döyüşmək istəmirik, döyüşmək üçün bizim kifayət qədər gücümüz də yoxdur. Amma bu, Allahın toxunulmaz Evidir, Onun sevimli dostu İbrahimin Evidir və əgər Allah ona mane olarsa, axı bu, Allahın Evidir, Onun müqəddəs ibadətgahıdır! Əgər Allah ona Kəbəni dağıtmağa yol versə, onda Allaha and olsun ki, bizdə onu müdafiə etməyə güc yoxdur”. Hənatə dedi: “Gedək mənimlə onun yanına” və Əbdülmuttəlib Əbrəhənin yanına getdi.
Əbdülmüttəlib hündürboylu, enli kürəkli, yaraşıqlı bir kişi idi və Əbrəhə onu gördükdə ona dərin ehtiram hissi ilə yanaşdı. O, öz taxtından düşərək onunla yanaşı xalçanın üstündə oturdu. Sonra o öz tərcüməçisinə dedi: “Ondan soruş gör ona nə lazımdır”. Əbdülmüttəlib dedi: “Mənə malımı, – onun tutduğu iki yüz dəvəni geri qaytarması lazımdır”. Onda Əbrəhə tərcüməçisinə dedi: “Ona de ki: “Mən səni gör­dükdə sən mənim xoşuma gəldin, sən mənimlə danışanda isə mən xoşlanmadım. Doğrudanmı sən məndən tutduğum iki yüz dəvəni qaytarmağımı xahiş edirsən, amma sənin dinin, atalarının dini olan Evini hətta müdafiə etmək istəmirsən? Mən onu dağıtmağa gəldiyim halda, sən onu müdafiə etmirsən?”
Əbdülmüttəlib dedi: “Həqiqətən, mən – ancaq dəvələrin sahibiyəm, Evin isə öz Sahibi var və onu qoruyar”. Əbrəhə dedi: “Onu məndən qoruya bilməz”. Əbdül­müttəlib dedi: “Baxarıq”. Deyirlər ki, Əbdülmüttəliblə birgə Əbrəhənin yanına adlı-sanlı ərəblərdən bir qrup da getmişdi, onlar da ondan Evə toxunmamağı xahiş etmiş və bunun əvəzində Tihamənin, yəni Məkkənin Qırmızı dəniz boyu olan ərazisinin var-dövlətinin üçdə bir hissəsini ona təklif etmişdilər.
Lakin Əbrəhə onların təklifini rədd etdi və buna baxmayaraq, Əbdülmüttəlibin mallarını ona qaytardı. Əbdülmüttəlib qureyşlilərin yanına qayıdıb, onlara Məkkəni tərk etməyi və dağ zirvələrində daldalanmağı əmr etdi. O ehtiyat edirdi ki, Əbrə­hənin qoşunlarını darmadağın edəcək cəzanın təsiri onlara da sirayət etsin. Sonra Əbdülmüttəlib Kəbənin qapısı üstündə olan halqadan yapışaraq, bir-neçə qureyşli ilə birlikdə Allaha yalvarmağa başladılar və Ondan Əbrəhənin və onun qoşununun əleyhinə kömək istədilər. Kəbənin qapısı üstündəki halqadan tutaraq Əbdülmüttəlib dedi: “Onlar adi insanlardır, Sən halal qıldığını müdafiə et! Heç vaxt onların xaçı və məbədi, Sənin məbədini məğlub edə bilməyəcək!”
İbn İshaq yazmışdı ki, bundan sonra Əbdülmüttəlib halqanı buraxdı və onlar dağların zirvəsinə qalxdılar. Muqatil ibn Süleyman isə rəvayət edir ki, onlar Kəbənin yanında rəngbərəng kəndirlərlə bəzədilmiş yüz dişi dəvə saxladılar; ümid edirdilər ki, bəzi əsgərlər onlarla ədalətsiz davranarlar və nəticədə Allah onlardan əvəzini çıxar. Bir müddət keçdikdən sonra, Əbrəhə və onun döyüşçüləri Məkkəyə daxil olmaq üçün hazırlaşmağa və Mahmud adlı filin də hazırlığını görməyə başladılar. Onlar fili Məkkəyə tərəf yönəldəndə Nufeyl ibn Həbib onun böyür tərəfində dayandı və onun qulağından tutub dedi: “Mahmud, ya diz çök, ya da gəldiyin yerə qayıt, sən indi Allahın müqəddəs şəhərindəsən”. Sonra o filin qulağını buraxdı və fil dizləri üstə çökdü, Nufeyl ibn Həbib isə sürətlə qaçaraq dağa qalxdı. Döyüşçülər fili vurmağa başladılar ki, o ayağa qalxsın, amma o onlara qulaq asmırdı. Döyüşçülər fili Yəmən səmtinə döndərdikdə o qalxıb qaçdı. Fili Şama və şərqə tərəf döndər­dikdə də eyni hərəkət baş verdi. Məkkəyə sarı çevirdikdə isə fil dizləri üstə çökdü.
Belə olduqda Allah onların üstünə dənizdən dəniz qaranquşlarına bənzər saysız-hesabsız quşlar göndərdi. Quşların hər birində üç xırda daş var idi, biri – dimdiyində, ikisi də caynaqlarında. Bu xırda daşlar Misir noxudu və ya mərcisinə bənzəyirdi və onlar kimin üstünə düşürdüsə, o adam hökmən ölürdü. Lakin Əbrə­hənin döyüşçülərinin heç də hamısına o daşlardan dəyməmişdi. Onlar qaçmağa başladılar, amma yol tapa bilmirdilər. Onlar Nufeyli axtardılar ki, yol göstərsin, Nufeyl isə qureyşlilərlə və Hicaz ərəbləri ilə birlikdə dağların zirvələrində idilər və Allahın fil döyüşçülərinə nazil etdiyi cəzanın yerinə yetirilməsini müşahidə edirdilər. Məhz bu vaxt Nufeyl dedi:
“Əgər səni izləyən Allah Özüdürsə, bundan yayınmaqmı olar?
Əbrəhə əl-Əşrəm məğlub oldu və qələbə çala bilmədi”.
Qoşun, geriyə - Yəmənə döndü. Yol boyu onların sayı get-gedə azalırdı; – onlar hər yerdə, hər su kənarında qırılırdılar. Əbrəhənin bədənini də yara basmışdı, onun əzaları hissə-hissə çürüyüb tökülürdü. Nəhayət, qoşun Sənaya gəlib çatdı. Əbrəhə artıq tükü yolunmuş quşa bənzəyirdi. Deyilənlərə görə o, sinəsi yarılaraq öldü.
Əbrəhə öləndən sonra Yəməndə həbəşilərə onun oğlu Yəksum ibn Əbrəhə, o da öləndən sonra qardaşı Məsruq ibn Əbrəhə başçılıq etdi. Sonra Seyf ibn Zu Yəzən əl-Himyəri adlı bir şəxs üsyan qaldırdı və İran şahı Kəsradan həbəşilərə qarşı kömək istədi. Kəsranın ordusu onunla birlikdə həbəşilərə hücum edərək döyüşdülər və Allah hakimiyyəti yəmənlilərə qaytardı.
 

Paylaş: