İnsan cadudan ölə bilərmi?
Və aleykum Salam. Cadu da digər pisliklər kimi böyük zərərlərə səbəb ola bilər. İnsanın əcəli isə Allahın əvvəlcədən təqdir etdiyi qədərlə bağlıdır. Uca Allah buyurur: "...Hər ümmətin bir əcəli vardır. Onların əcəli gəldiyi zaman bircə saat belə nə yubanar, nə də qabağa keçə bilərlər". (Yunus, 49).
Cadudan qorxmaq yox, Allahdan qorxmaq və Ona sığınmaq lazımdır. Allahın qoruduğu kimsəyə heç kəs zərər vura bilməz. Uca Allah buyurur: "Əgər Allah sizə kömək edərsə, heç kəs sizə qalib gələ bilməz. Əgər O, sizi zəlil edərsə, Ondan sonra kim sizə yardım edə bilər? Qoy möminlər Allaha təvəkkül etsinlər!" (Ali-İmran, 160).
Həmçinin Abdullah ibn Abbas (Allah ondan razı olsun) belə demişdir: "Bir gün mən peyğəmbərin (salləllahu aleyhi və səlləm) arxasında idim. Allahın Elçisi (salləllahu aleyhi və səlləm) belə buyurdu: "Ay uşaq, (yaxud ey oğlan!) mən sənə bir neçə kəlmə öyrədəcəyəm: Allahı qoru ki, O da səni qorusun! Allahı qoru ki, Onu önündə görəsən. Bir şey istəyəndə Allahdan istə! Kömək dilədikdə Allahdan dilə! Bil ki, əgər bütün ümmət (insanlar və cinlər) birləşib sənə bir xeyir vermək istəsə, yalnız Allahın yazdığı qədər xeyir verə bilərlər. Əgər toplaşıb sənə nəsə bir zərər vermək istəsələr, yalnız Allahın yazdığı qədər zərər verə bilərlər. Artıq qələmlər qaldırılıb, vərəqlər də qurumuşdur". (ət-Tirmizi). Daha ətraflı: Cadudan necə qorunmaq olar?