Nəmmamlıq etmək böyük günahdır

    26.02.2018

Nəmmamlıq etmək insanlar arasında fitnə-fəsad törətmək məqsədi ilə birinin sözünü digərinə çatdırmağa deyilir. Nəmmamlıq etmək böyük günahdır. Uca Allah buyurur:
 “İtaət etmə hər tez-tez and içənə, alçağa, qeybət edənə, dedi-qodu yayana, xeyrə mane olana, həddi aşana, günahkara” (əl-Qələm surəsi, 10-11-ci ayələr). 
Peyğəmbər - ona və ailəsinə Allahın salavatı və salamı olsun - demişdir: “Söz gəzdirən adam Cənnətə girməz!” (Səhih əl-Buxari, 6056).
Nəmmamlıq edən adam insanlar arasında ən şər olanıdır. Rəvayət edilir ki, Əsma bint Yezid demişdir: "Bir dəfə Peyğəmbər səhabələrinə: “Sizə ən xeyirliniz barədə xəbər verimmi?”– deyə buyurdu. Səhabələr: “Bəli!”– deyə cavab verdikdə, o buyurdu: “O kəslər ki, onları görəndə Allah yada düşər! Sizə ən şər olanınız barədə xəbər verimmi?” Onlar: “Bəli!”– deyə cavab verdikdə, o buyurdu: “Söz gəzdirənlər, dostların arasını vuranlar və təmiz adamları şərə salanlardır.” (əl-Buxari, "Ədəbul-Mufrad" kitabı, hədis 323).
Nəmmamlıq edən adam qəbirdə əzaba düçar olacaq. Rəvayət edilir ki, İbn Abbas demişdir: "Peyğəmbər Mədinə (və ya Məkkə) bos­tanla­rından birinin yanından keçərkən qəbirlərində əzab çəkən iki adamın səsini eşitdi. Peyğəm­bər: “Bunlar əzab çəkirlər, amma böyük bir şeyə görə əzab çək­mirlər”– dedi. Sonra (bunun səbəbini bildirib) dedi: “Bəli, bunlardan biri sidikdən qorunmazdı, digəri isə söz gəzdi­rərdi.” Sonra o, bir xurma budağı gətirməyi əmr etdi. Budağı iki böldü. Hər birinin qəbrinin üstünə bir yarı­sını sancdı. Ondan: “Ya Rəsulullah! Nə üçün belə etdin?”– deyə soruşdular. Dedi: “Ola bilsin ki, bunlar quruyanadək onların əzabı yüngül­ləşsin” (əl-Buxari, 216).
Yəni, söz gəzdirən və sidikdən qorunmayan həmin iki nəfərin iddiasına görə bunlar böyük bir şey deyil. Lakin şəriətə görə bu əməllərin hər ikisi böyük günahlardan sayılır. Digər rəvayətdə Peyğəmbər belə buyurmuşdur: “Bunlar əzab çəkirlər, amma böyük bir şeyə görə əzab çəkmirlər. Əslində isə bu böyük günahdır...” (Səhih əl-Buxari, 6055).

Paylaş: