On bir qadının söhbəti

    06.03.2014

Rəvayət edilir ki, Aişə demişdir: “Bir dəfə on bir qadın bir yerdə otu­rub öz ərlərinin barəsində olan xəbərlərdən heç bir şey gizlətməyəcəklərinə dair bir-birilərinə söz verdilər.
Birincisi dedi: “Mənim ərim dağın zirvəsində yer­ləşən cılız dəvənin ətinə bənzəyir. O dağa çıxmaq asan iş deyil, üstəlik ətin üstündə piy deyilən şey yoxdur ki, kimsə gedib onu götürsün”.
İkincisi dedi: “Mən ərim haqqında danışmaq istəmirəm. Qorxuram onun haqqında danışmağa başlasam, onun bütün gizli və aşkar nöqsanlarını xa­tır­lamayınca dayanmayım.”
Üçüncüsü dedi: “Mənim ərim uzundrazdır. Əgər mən onun qarasınca danışsam, o məni boşayar, yox, danışmasam, onda həmişə on­dan asılı vəziyyətdə qalaram.”
Dördüncüsü dedi: “Mənim ərim Tihamə gecəsinə bənzəyir. O, nə tezqızışan, nə laqeyd, nə qorxunc, nə də zəhlətökən bir adamdır.”
Beşincisi dedi: “Mənim ərim evə girəndə bəbirə, çö­lə çıxanda isə şirə dönür və mənə tapşırdığı xırda-para işlərə görə evinə söz-söhbət salmır.”
Altıncısı dedi: “Mənim ərim yeyəndə də, içəndə də süf­rədə heç nə saxlamır. Yatağına uzandıqda bürüncəyinə bürünür və heç əlini uzadıb baxmır ki, görsün yanındayam, ya yox.”
Yeddincisi dedi: “Mənim ərim gic-gic işlərlə məşğuldur və sarsaq adamdır. Nə nöqsan desən onda tapa bilərsən, o sənin başını yara bilər, bədəninə xəsarət yetirə bilər, yaxud hər ikisini edə bilər.”
Səkkizincisi dedi: “Mənim ərim zərif vü­cudlu, dovşan tək zərif, zərnəb qədər xoşiyli bir adamdır.”
Doqquzuncusu dedi: “Mənim ərim hündür evə sahib olan, belində uzun qın daşıyan, evində çoxlu od qalanan və evi həmişə qonaq-qaravaşla dolu olan bir adamdır.”
Onuncusu dedi: “Mənim ərimin adı Malikdir! Nə bi­lirsiniz Malik kimdir?! Nə cür vəsf etsəm də, Malik ondan daha xeyirlidir. Onun dəvələ­rinin çoxu ağıllarda, az bir qismi isə otlaqlarda olur. Ağıl­lardakı dəvələr ud səsi eşitdikdə boğazlanacaqlarını yəqin edirlər.”
On birincisi dedi: “Mənim ərim Əbu Zər'dir. Nə bilirsiniz Əbu Zər' kimdir?! O mənim qulaqlarımı zinət əşyaları ilə bəzəmiş, mən onun qayğısı sa­yə­sin­də toppuş olmuş, habelə o mənə sevinc bəxş etmiş və bu mənim könlümü şad etmişdir. O məni bir neçə qoyuna sahib olan ailədən alıb at və dəvə sü­rü­sünə sahib, habelə taxıl döy­məklə məşğul olan və tərtəmiz taxıla sahib olan bir ailəyə gəlin gətirmişdi. Onun evində danışdığım sözlərə görə heç kəs məni tənbeh etmir, istəyəndə günortaya qədər yata bilirəm və is­tə­di­yim qədər içirəm. Əbu Zər'in anası. Nə bilirsiniz Əbu Zər'in anası kimdir?! Onun bazar zənbil­ləri həmişə dolu olur, evi də olduqca ge­nişdir. Əbu Zər'in oğlu. Nə bilir­siniz Əbu Zər'in oğlu kimdir?! Onun yatağı xurma çubu­ğuna bənzəyir, özü də dörd aylıq çəpişin ayağını yesə doyar. Əbu Zər'in qızı. Nə bilir­siniz Əbu Zər'in qızı kimdir?! O, ata-anasının qayğısına qalan toppuş bir qızdır. Onun gözəlliyi günüsünü qəzəbləndirir. Əbu Zər'in kənizi. Nə bilirsiniz Əbu Zər'in kənizi kim­dir?! Bu kəniz bizim söhbət­lərimizi orda-burda danışmaz, yeməyimizi israf et­məz, evimizi də həmişə təmiz və səliqəli saxlar. Bir dəfə axşamüstü artıq hey­vanlar sağıldıqdan sonra Əbu Zər' evdən bayıra çıxdı və yanında bəbir kimi iki uşağı olan bir qadına rast gəldi. Uşaqlar əllərini onun belinin al­tın­dan salıb iki narla oy­nayırdılar. Əbu Zər' məni boşayıb onunla evləndi. Mən də ondan boşandıq­dan sonra alicənab bir adama, yorulmaq bilməyən gözoxşayan bir at minən, əlində də nizə gəzdirən birisinə ərə getdim. O mənə çoxlu var-dövlət bəxş etdi, ev heyvanlarının hər növündən mənə bir cüt verdi və dedi: “Özün də ye, qohumlarına da ver, ey Ummu Zər'!” Buna baxmayaraq əgər mən onun verdiklərinin hamısını bir yerə yığsaydım, bu əşyalar Əbu Zər'in ən balaca qabı qədər olmazdı.”
Aişə demişdir: “Peyğəmbər - ona və ailəsinə Allahın salavatı və salamı olsun - mənə dedi: “Əbu Zər' Ummu Zər'ə əziz olduğu kimi, mən də sənə əzizəm.” (əl-Buxari, 5189).

Paylaş: