Qızın ali təhsil alması icazəlidirmi və valideyni buna razı olmasa günah qazanırmı?
Va aleykum Salam. Övladları böyüdüb boya-başa çatdırmaq, onlara gözəl şəkildə baxmaq, tərbiyə vermək, ehtiyaclarını (yemək, içmək, geyim və s.) ödəmək və imkan daxilində elm öyrənmələri üçün şərait yaratmaq valideynlərin üzərinə düşən ən mühüm vəzifələrdən biridir. Allah Rəsulu (salləllahu aleyhi və səlləm) demişdir: "Bir kəsə əlinin altında olanlara yaxşı baxmaması öz vəzifəsini zay etməsi baxımından günah olaraq bəs edər". (Əbu Davud, 1692). Bildiyimiz kimi müasir zamanda oxumaq, orta məktəbdən sonra ali məktəbə daxil olaraq elm, təhsil almaq çox önəmli və zəruri məsələlərdəndir. Müasir alimlər deyirlər ki, atanın üzərinə vəzifə olaraq düşən şeylərdən biri də övladına gələcəkdə onun qazanc mənbəyi olaraq bir sənətin öyrətməsidir. Müasir dövrdə də elm, təhsil olmadan bunlara nail olmaq çox çətindir. Ona görə də şəriət qaydaları və əhkamları çərçivəsində haramdan uzaq olaraq hər bir kəsin oxumaq, faydalı elm, təhsil almaq haqqı vardır. Buna mane olan ata da olsa belə, övladına zülm etmiş və onun haqqına girmiş sayılır.
Həmçinin, bütün cəmiyyətlərdə savadlı qadın mütəxəssislərə - həkimlərə, müəllimələrə, tibb bacılarına və s. ehtiyac var. Ona görə də elmə olan zərurət baxımından qadınların fitnəyə (günaha) düşmədən, şəriətin bu barədə olan tələblərinə riayət edərək öz dinini qorumaq və naməhrəmlərlə ehtiyac olmadan ünsiyyət qurmamaq şərtilə ali təhsil alması zəruridir. Əgər atanız evdən çıxmanıza etiraz edirsə, heç olmasa distant (internet vasitəsilə) təhsil almanıza və ya qadın müəllimələrdən dərs almağınıza icazə verməsini xahiş edin. Həmçinin oxuyun:
Övladın valideyn üzərində haqları barədə
Qul haqqı barədə
Qadının işləməsi icazəlidirmi?