Heyvanlara əziyyət vermək haqqında

    20.12.2013
Sual: 
salam bir insanki heyvanlari doyur esasende pisiyi sonradan pesman olur allah onun gunahini bagislayar ?
Cavab: 

Va aleykum Salam. Bəli, Uca Allah tövbələri qəbul edir: "Lakin hər kəs gördüyü haqsız işdən sonra tövbə edib özünü düzəltsə, Allah onun tövbəsini qəbul edər. Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir!" (əl-Maidə, 39).
Heyvanlara əziyyət vermək yox, əksinə, onlara qarşı mərhəmətli davranmaq lazımdır. Peyğəmbərimiz (Allahın ona və ailəsinə salavatı və salamı olsun) buyurmuşdur: "Bir insan yolda gedərkən şiddətlə su içməyə ehtiyacı duyur və ətrafına baxarkən bir quyu görür. Quyuya enib doyunca su içib doyduqdan sonra susuzluqdan torpağı yalayan bir it görür. Öz‐özünə "mənim susadığım kimi bu it də susamışdır" deyə düşünür. Dərhal quyuya yenidən enir və ayaqqabısını su ilə dolduraraq ağzına alır. Yuxarıya çıxıb suyu itə içirdir. Bu hərəkətindən dolayı Allah o adamın günahlarını bağışlayır". Səhabələr: Ey Allahın Rəsulu, heyvanları yedirib içirdiyimiz zaman Allah bizə mükafat verirmi?" deyə soruşdular. Peyğəmbər (salləllahu aleyhi və səlləm) "bəli, canlı varlığa edilən yaxşılığın mükafatı vardır" - buyurdu". (əl-Buxari "Şurb", 9; Muslim "Salət", 153).
Abdullah ibn Cəfər rəvayət edir ki: "Bir gün Allah Elçisi Ənsarlardan bir gənc oğlanın bağına girdi. Bağçada bir dəvə var idi. Dəvə Allah Rəsulunu görən kimi inildədi, gözündən yaş axmağa başladı. Rəsulullah dəvənin ağladığını görüb ona yaxınlaşdı və gözünün yaşını sildi. Heyvan bir az sakitləşdi. Allah Rəsulu soruşdu: Bu dəvənin yiyəsi kimdir? Ənsardan bir gənc irəli çıxıb: O dəvə mənimdir, ey Allahın Rəsulu, – dedi. Allah Rəsulu ona xəbərdarlıq edərək belə buyurdu: Allahın sənə verdiyi bu dəvəyə görə Ondan qorxmursan? Bax! Bu, heyvan mənə şikayət etdi. Sən onu ac saxlayır və həddindən artıq işlədib, yorursanmış". (Əbu Davud "əs-Sunən" əsəri,  "Cihad", 44, 7/91).

Digər bir rəvayətdə isə Yəhya ibn Murradan nəql olunur ki, bir gün Rəsulullahla birlikdə oturmuşduq ki, bir dəvə gəlib Onun qabağında çökdü. Peyğəmbər də mənə: "Allah sənə xeyirli əməllər nəsib eləsin, bax, gör bu dəvə kimindir? Ona nəsə olub, – dedi. Mən də dəvənin yiyəsini axtarıb tapdım. Ona Allah Rəsulunun çağırdığını dedim. O da gəldi. Peyğəmbər ondan dəvənin nə dərdi olduğunu soruşdu. Dəvə sahibi: Dəvənin dərdini bilmirəm. Ancaq biz onu işlətdik, onunla su daşıdıq. Ta ki, su daşımağa taqəti qalmadı. Buna görə də qərara aldıq ki, bu axşam onu kəsib ətini aramızda bölüşdürək. Peyğəmbər ona bu tövsiyəni verdi: Onu kəsməyin, qoyun yaşasın". (əl-Heysəmi "Məcməuz-Zəvaid" kitabı, 9/4).

Həmçinin bir dəfə Peyğəmbər səhabələrilə birlikdə döyüşdən qayıdırdı. Yolda dayanıb dincələrkən səhabələrdən bir neçəsi quş yuvası tapmış, yuvadakı balaları götürmüşdü. Bu vaxt özünü yetirən ana quş balalarını onların əlində görüb havada dövrə vurmağa başladı. Allah Elçisi bundan xəbər tutduqda bərk qəzəbləndi və quş balalarını dərhal yuvasına qoymağı əmr etdi. (Əbu Davud "Ədəb", 164).

Habelə Amirdən nəql edildiyinə görə Rəsulullah bir gün əshabı ilə birlikdə oturarkən əlində üstü bağlı bir şey  olan bir adam gəldi və peyğəmbərimizə belə dedi: "Ey Allahın Rəsulu, səni görən kimi bura gəldim. Gələrkən bir quş yuvasının yanından keçdim. Orada quş balalarının səsini eşitdim və dərhal onları götürüb paltarımın arasına qoydum. Elə bu vaxt anaları gəlib başımın üstündə oara-bura uçmağa başladı. Quşcuğazların üstündəki örtüyü götürdüm ana quş balalarının yanına uçub qondu. Mən təkrar üstlərini örtdüm. İndi onlar bax burada, mənim əlimdədir. Peyğəmbər: "Onları dərhal burax!" - deyə əmr etdi. Həmin adam da onları buraxdı. Amma ana quş balalarını tərk etmədi. Bunu görən Peyğəmbər səhabələrindən soruşdu: "Bu ananın öz balalarına göstərdiyi mərhəmətə heyran qaldınız, elə deyilmi?" Səhabələr: Bəli, ya Rəsulallah! - dedilər. Bunun müqabilində Peyğəmbər "Məni haqq ilə göndərən Allaha and olsun ki, Allahın qullarına qarşı rəhməti, bu ana quşun balalarına qarşı göstərdiyi mərhəmətdən daha çoxdur. Onları apar, götürdüyün yerə qoy, anaları ilə bir yerdə olsunlar" buyurdu. Həmin adam da onları təkrar öz yerlərinə qaytardı". (Əbu Davud "Cənaiz", 1).

Bir dəfə də Aişə (Allah ondan razı olsun) hirsli bir dəvəyə minmişdi. Heyvanı sakitləşdirmək üçün sərt bir şəkildə irəli-geri sürməyə başladı. Peyğəmbər Aişəyə belə dedi: "Heyvanla mülayim davran! Çünki mülayimlik harada olursa oranı gözəlləşdirir. Mülayim olmayan hər davranış pisidr". (Muslim "Birr", 78-79).
Həmçinin demişdir: "Canı olan heç bir canlını nişangah etməyin". (Muslim, "əs-Səhih" əsəri, 10, 25).

Habelə Cabir ibn Abdullah rəvayət etmişdir ki, Allah Rəsulu heyvanlardan hansı olur-olsun, "sabran" (heyvanı bir yerə bağlayıb nişangaha çevirmək) öldürməyi qadağan etdi. (İbn Məcəh "əs-Sunən" əsəri, 9/367).

Həmçinin Allah Rəsulu belə demişdir: "Kim bir quşu boş yerə öldürərsə, o quşun səsi ərşin ətrafını bürüyər və qiyamət günü məhşərə gəlib belə deyər: "Ey Rəbbim! Filankəs məni faydalanmaq üçün deyil,  lüzumsuz  yerə öldürdü!" (ən-Nəsai "əs-Sunən" əsəri, "Dahaya" bölümü, 42, 3/73).

Heyvanlara əziyyət vermək axirət əzabına səbəb ola bilər: "Mənə Cəhənnəm göstərildi. Orada İsrail övladlarından pişiyi ölənədək bağlı saxladığı və onun sərbəst dolaşmasına mane olduğu üçün əzaba düçar olunan bir qadın gördüm. Qadın pişiyi bağlı saxladığı müddətdə onu nə yedizdirmiş, nə də içizdirmişdir. Hətta yerdəki həşəratları yeməsinə belə imkan verməmişdir və pişik aclıqdan ölmüşdür". (əl-Buxari "Ənbiya", 54; Mislim "Salam", 151).
 

Teqlər: 
Paylaş: