Qatili əfv etmək - əl-Bəqərə surəsi 178 - ci ayə
“Ey iman gətirənlər! Öldürülənlərə görə qisas almaq sizə vacib edildi. Azad kəsə görə azad olandan, köləyə görə kölədən, qadına görə qadından qisas alın! Əgər qatil qardaşı (ölənin varisləri) tərəfindən (qanbahası müqabilində) bir şeylə əfv edilsə, onda insafla davranmalı və qanbahası ona müvafiq qaydada ödənilməlidir. Bu, Rəbbiniz tərəfindən bir yüngülləşdirmə və mərhəmətdir. Bundan sonra kim həddi aşsa, onun üçün ağrılı-acılı bir əzab vardır”
Rəvayət edilir ki, İbn Abbas (Allah ondan razı olsun) demişdir: “Sizdən əvvəl yaşayanlar öldürülənə görə qatili öldürər və qanbahası qəbul etməzdilər. Bu səbəblə Allah bu ayəni nazil etdi: ”Ey iman gətirənlər! Öldürülənlərə görə qisas almaq sizə vacib edildi. Azad kəsə görə azad olandan, köləyə görə kölədən, qadına görə qadından qisas alın! Əgər qatil qardaşı (ölənin varisləri) tərəfindən (qanbahası müqabilində) bir şeylə əfv edilsə, onda insafla davranmalı və qanbahası ona müvafiq qaydada ödənilməlidir. Bu, Rəbbiniz tərəfindən bir yüngülləşdirmə və mərhəmətdir...” (əl-Bəqərə, 178). O dedi: “Allah sizdən əvvəlkilərdə qəbul edilməyən qanbahası hökmünü sizin üçün dəyişdirərək yüngülləşdirdi. Qanbahasını qəbul edən kəs (qatili) əfv etmiş sayılır. Qatil insafla davranaraq ölənin varislərinə qanbahasını müvafiq qaydada ödəməlidir”.
İbn Hibban, 6010; İbn Cərir “Cəmiul-Bəyən” 2/65. Şueyb əl-Arnavut isnadının səhih olduğunu bildirmişdir.
İbn Abbas (Allah ondan razı olsun) “Qadına görə qadından qisas alın!” (əl-Bəqərə, 178) ayəsi haqda belə demişdir: “Onlar qadının qətlinə görə kişini edam etmirdilər. Ancaq kişiyə görə kişini, qadına görə də qadını edam edirdilər. Bu səbəblə Uca Allah bu ayəni nazil etdi: “Biz Tövratda onlara yazıb buyurduq ki, cana can, gözə göz, buruna burun, qulağa qulaq, dişə diş, vurulmuş yaralara da yaralar qisas alınmalıdır...” (əl-Maidə, 45). Bununla Uca Allah qəsdən adam öldürməyə və xəsarət yetirməyə görə azad kişi ilə azad qadın arasında qisas almağı bərabərləşdirdi. Həmçinin, qəsdən adam öldürməyə və xəsarət yetirməyə görə qul kişi ilə qul qadın arasında da qisas almağı bərabərləşdirdi”.
İbn Cərir ət-Tabəri “Cəmiul-Bəyən” 2/62, 2582; İbn Əbu Hatim “Təfsir” 1/294, 1578. Ali Nasr və əl-Hilali isnadının həsən olduğunu bildirmişlər.