Allahın bəndəsini yükləməməsi - əl-Bəqərə surəsi 284 - 286 - cı ayələr
“Göylərdə və yerdə nə varsa, Allahındır. Siz içərinizdə olanı üzə çıxarsanız da, gizlətsəniz də Allah buna görə sizi hesaba çəkəcək. O, istədiyini bağışlayar, istədiyinə də əzab verər. Allah hər şeyə qadirdir. Peyğəmbər öz Rəbbindən ona nazil edilənə iman gətirdi, möminlər də iman gətirdilər. Hamısı Allaha, Onun mələklərinə, kitablarına və elçilərinə iman gətirdilər. Onlar dedilər: “Biz Onun elçiləri arasında fərq qoymuruq!” Onlar dedilər: “Eşitdik və itaət etdik! Ey Rəbbimiz! Səndən bağışlanma diləyirik, dönüş də yalnız Sənədir!” Allah hər kəsi yalnız onun qüvvəsi çatdığı qədər mükəlləf edər. Hər kəsin qazandığı xeyir yalnız onun özünə, qazandığı şər də yalnız öz əleyhinədir. “Ey Rəbbimiz, unutsaq və ya xəta etsək bizi cəzalandırma! Ey Rəbbimiz, bizdən əvvəlkilərə yüklədiyin kimi, bizə də ağır yük yükləmə! Ey Rəbbimiz, gücümüz çatmayan şeyi daşımağa bizi vadar etmə! Bizi əfv et, bizi bağışla və bizə rəhm et! Sən bizim Himayədarımızsan! Kafirləri məğlub etməkdə bizə yardım et!”
Rəvayət edilir ki, Əbu Hureyra (Allah ondan razı olsun) demişdir: “(Uca Allahın): “Göylərdə və yerdə nə varsa, Allahındır. Siz içərinizdə olanı üzə çıxarsanız da, gizlətsəniz də Allah buna görə sizi hesaba çəkəcək. O, istədiyini bağışlayar, istədiyinə də əzab verər. Allah hər şeyə qadirdir” (əl-Bəqərə, 284) Peyğəmbərə – salləllahu aleyhi və səlləm - nazil olduqdan sonra onu eşidən səhabələr böyük bir sıxıntı keçirərək Peyğəmbərin – salləllahu aleyhi və səlləm - yanına gəlib diz üstə oturdular və dedilər: “Ey Allahın Elçisi! Biz bacardığımızı – namaz qılmaq, oruc tutmaq, cihad etmək və sədəqə vermək kimi əməlləri yerinə yetirməyə mükəlləf edildik, lakin sənə nazil olan bu ayəyə əməl etməyə gücümüz çatmır.[1] Peyğəmbər – salləllahu aleyhi və səlləm - (onlara) dedi: “Sizdən əvvəlki iki kitab əhli kimi: “Eşitdik və asi olduq!”– sözünümü demək istəyirsiniz? Xeyr, deyin: “Eşitdik və itaət etdik! Ey Rəbbimiz! Səndən bağışlanma diləyirik, dönüş də yalnız Sənədir!” Onlar: “Eşitdik və itaət etdik! Ey Rəbbimiz! Səndən bağışlanma diləyirik, dönüş də yalnız Sənədir!”– dedilər. Camaat bunu oxuduqca dilləri bu sözlərə alışdı. Arxasınca da Allah bu ayəni nazil etdi: “Peyğəmbər öz Rəbbindən ona nazil edilənə iman gətirdi, möminlər də (iman gətirdilər). Hamısı Allaha, Onun mələklərinə, kitablarına və elçilərinə iman gətirdilər. (Onlar dedilər:) “Biz Onun elçiləri arasında fərq qoymuruq!” Onlar dedilər: “Eşitdik və itaət etdik! Ey Rəbbimiz! Səndən bağışlanma diləyirik, dönüş də yalnız Sənədir!” (əl-Bəqərə, 285). Onlar bunu yerinə yetirdikləri zaman Allah ﷻ onu açıqlayaraq bu ayəni nazil etdi: “Allah hər kəsi yalnız onun qüvvəsi çatdığı qədər mükəlləf edər. Hər kəsin qazandığı (xeyir yalnız) onun özünə, qazandığı (şər də yalnız) öz əleyhinədir. “Ey Rəbbimiz, unutsaq və ya xəta etsək, bizi cəzalandırma!” Ey Rəbbimiz, bizdən əvvəlkilərə yüklədiyin kimi, bizə də ağır yük yükləmə! Ey Rəbbimiz, gücümüz çatmayan şeyi daşımağa bizi vadar etmə! Bizi əfv et, bizi bağışla və bizə rəhm et! Sən bizim Himayədarımızsan! Kafirləri məğlub etməkdə bizə yardım et!” (əl-Bəqərə, 286). (Möminlər bu ayəni oxuyub hər dəfə: “Ey Rəbbimiz!...”– deyə Allaha xitab etdikdə) Allah: “Bəli!”– deyə buyurdu”.
Muslim, 125, 179, 344; əl-Beyhəqi “Şuabul-İman” 322.
İbn Abbas (Allah ondan razı olsun) demişdir: “(Allahın): “Siz içərinizdə olanı üzə çıxarsanız da, gizlətsəniz də Allah buna görə sizi hesaba çəkəcək” (əl-Bəqərə, 284) ayəsi nazil olduqda, (hələ) səhabələrin qəlblərinə girməyən bir şey bu səbəbdən onların qəlbinə girdi.[2] Onda Peyğəmbər – salləllahu aleyhi və səlləm - buyurdu: “Deyin: “Eşitdik, itaət etdik və qəbul etdik!” (Beləliklə də) Allah imanı onların qəlbinə yerləşdirdi, sonra da bu ayəni nazil etdi: “Allah hər kəsi yalnız onun qüvvəsi çatdığı qədər mükəlləf edər. Hər kəsin qazandığı (xeyir yalnız) onun özünə, qazandığı (şər də yalnız) öz əleyhinədir. “Ey Rəbbimiz, unutsaq və ya xəta etsək, bizi cəzalandırma!” (əl-Bəqərə, 286), Allah: “İstədiyinizi yerinə yetirdim”– dedi. “Ey Rəbbimiz, bizdən əvvəlkilərə yüklədiyin kimi, bizə də ağır yük yükləmə!” (əl-Bəqərə, 286), Allah: “İstədiyinizi yerinə yetirdim”– dedi, “...bizi bağışla və bizə rəhm et! Sən bizim Himayədarımızsan!” (əl-Bəqərə, 286), Allah: “İstədiyinizi yerinə yetirdim”– dedi”.
Muslim, 126, 180, 345; ən-Nəsai “Sunənul-Kubra” 10993, 11059; Əbu Avanə, 167; əl-Beyhəqi “Sunənus-Suğra” 747; əl-Beyhəqi “Şuabul-İman” 2184; İbn Hibban, 5069.
Səlim (Allah ona rəhm etsin) rəvayət edir ki, onun atası İbn Ömə (Allah ondan razı olsun): “Siz içərinizdə olanı üzə çıxarsanız da, gizlətsəniz də Allah buna görə sizi hesaba çəkəcək. O, istədiyini bağışlayar, istədiyinə də əzab verər. Allah hər şeyə qadirdir” (əl-Bəqərə, 284) – ayəsini oxudu və gözləri yaşla doldu. Onun bu halı İbn Abbasa çatdıqda, o dedi: “Allah Əbu Abdur-Rahmənə rəhm etsin! O, Allah Elçisinin – salləllahu aleyhi və səlləm - səhabələrinin bu ayə nazil olarkən yaşadığı halı yaşadı. Daha sonra nazil olan ayə bu ayənin hökmünü ləğv etdi”.
İbn Cərir ət-Tabəri “Cəmiul-Bəyən” 6462, 6501; İbn Kəsir “Təfsir” 1/730; əl-Hakim, 3133. Ali Nasr və əl-Hilali səhih olduğunu bildirmişlər.