İnsanın artıq ana bətnində qədəri yazılır

    19.08.2018
عَنْ عَبْدُ اللَّهِ بْنُ مَسْعُودٍ حَدَّثَنَا رَسُولُ اللَّهِ ﷺ وَهُوَ الصَّادِقُ الْمَصْدُوقُ قَالَ «يُجْمَعُ خَلْقُ أَحَدِكُمْ فِى بَطْنِ أُمِّهِ أَرْبَعِينَ يَوْمًا ثُمَّ يَكُونُ عَلَقَةً مِثْلَ ذَلِكَ ثُمَّ يَكُونُ مُضْغَةً مِثْلَ ذَلِكَ ثُمَّ يَبْعَثُ اللَّهُ إِلَيْهِ الْمَلَكَ فَيُؤْمَرُ بِأَرْبَعِ كَلِمَاتٍ فَيَقُولُ اكْتُبْ عَمَلَهُ وَأَجَلَهُ وَرِزْقَهُ وَشَقِىٌّ أَمْ سَعِيدٌ. فَوَالَّذِى نَفْسِى بِيَدِهِ إِنَّ أَحَدَكُمْ لَيَعْمَلُ بِعَمَلِ أَهْلِ الْجَنَّةِ حَتَّى مَا يَكُونُ بَيْنَهُ وَبَيْنَهَا إِلاَّ ذِرَاعٌ فَيَسْبِقُ عَلَيْهِ الْكِتَابُ فَيَعْمَلُ بِعَمَلِ أَهْلِ النَّارِ فَيَدْخُلُهَا وَإِنَّ أَحَدَكُمْ لَيَعْمَلُ بِعَمَلِ أَهْلِ النَّارِ حَتَّى مَا يَكُونُ بَيْنَهُ وَبَيْنَهَا إِلاَّ ذِرَاعٌ فَيَسْبِقُ عَلَيْهِ الْكِتَابُ فَيَعْمَلُ بِعَمَلِ أَهْلِ الْجَنَّةِ فَيَدْخُلُهَا».
 

Abdullah ibn Məsud[1] (Allah ondan razı olsun) doğru danışan və doğruluğu təsdiq olunan Allah Elçisinin - salləllahu aleyhi və səlləm - bizə belə buyurduğunu rəvayət edir: “Sizin hər birinizin yaradılışı qırx gün ərzində anasının bətnində cəm olunur, sonra bir o qədər müddət qan laxtası, sonra bir o qədər müddət ət parçası olur. Sonra Allah onun yanına mələk göndərir və ona dörd şey əmr edilir. Allah buyurur: “Əməlini, əcəlini, ruzisini, bədbəxt və ya xoşbəxt olacağını yaz!” Nəfsim əlində olan Allaha and olsun ki, həqiqətən sizdən biriniz Cənnət əhlinin əməlini edər, nəhayət, onunla Cənnət arasında bir qarış (məsafə) qaldıqda, Kitab (qədər) onun önünə keçər. O da Cəhənnəm əhlinin əməlini edib ora girər. Həqiqətən, sizdən biri­niz Cəhən­nəm əhlinin əməlini edər, nəhayət, onunla Cəhənnəm arasında bir qarış (məsafə) qaldıqda, Kitab onun önünə keçər. O da Cənnət əhlinin əməlini edib ora girər[2]”.[3]

 
[1] Əbu Abdur-Rahmən Abdullah ibn Məsud ibn Ğafil ibn Həbib əl-Huzəli (Allah ondan razı olsun) Peyğəmbərin ﷺ səhabə­sidir. İslamı ilk əvvəl qəbul edənlərdən olmuşdur. İbn Məsud t hicrətin 32-ci ilində Mədinədə vəfat etmişdir.
[2] Şeyx Muhamməd ibn Salih əl-Useymin (Allah ona rəhm etsin) buyurur: “Həqiqətən sizdən biriniz Cənnət əhlinin əməlini edər, nəhayət, onunla Cənnət arasında bir qarış (məsafə) qaldıqda,...” yəni, onun əcəli tam yaxınlaşdıqda. “Hətta onunla Cənnət arasında bir dirsək qədər məsafə qaldıqda...” cümləsi, əməl mərtəbəsi mənasını daşımır, çünki onun əməli saleh deyildi. Necə ki, hədisdə varid olub: “Sizdən biri insanların gördüklərinə əsasən Cənnət əhlinin əməlini edər, amma o, Cəhənnəm əhlindəndir”. (Bu rəvayəti bilməyən) bəzi insanlar hədisi ziddiyyətli sayaraq deyirlər: “Necə ola bilər ki, o, Cənnət əhlinin əməlini etsin. Hətta onunla Cənnət arasında bir dirsək qədər məsafə qalsın. Sonra da Kitab onu qabaqlasın və o, Cəhənnəm əhlinin əməlinin edərək oraya daxil olsun”. Deyirik ki, o, insanların gözündə Cənnət əhlinin əməlini etmişdir. O, nə irəli keçmişdi, nə də ötmüşdü. “Nəhayət onunla Cənnət arasında bir dirsək qədər məsafə qaldıqda...” yəni, əcəli yaxınlaşmışdı, ölməsinə az qalmışdı. “...kitab onu qabaqlayır və o, Cəhənnəm əhlinin əməlini edərək...” yəni, əvvəl etdiyi əməli tərk edir. Buna səbəb isə qəlbində hiylənin olması idi. (Allaha sığınırıq.) O, üzü üstə Həviyəyə (Cəhənnəmin adlarından biri) atılacaqdır. Mən bunu, kimsə Allah barəsində pis zənnə düşməsin deyə söyləyirəm. Allaha and olsun ki, Ona sədaqət və səmimiyyətlə (ixlasla) üz tutan və Cənnət əhlinin əməlini edən heç bir şəxsi Allah əbədiyyən zəlil etməz. Uca Allah Ona ibadət edənə qarşı səxavətlidir. Lakin, qəlbin sınağa çəkilməsi zəruridir. Peyğəmbərlə ﷺ döyüşlərdən birində iştirak edən kişi haqqındakı hekayəni yada salın. Həmin kişi düşmənin göz açmasına imkan vermirdi. O, (igidliyi ilə) insanlara xoş təsir bağışladı. Onlar dedilər: Bu adam döyüşün savabını qazandı”. Peyğəmbər ﷺ isə buyurdu: “O, Cəhənnəm əhlindəndir”. Əshabələr buna çox təəccübləndilər. Necə ola bilərdi ki, belə bir adam Cəhənnəm əhli olsun. (Əshabələrdən) biri dedi: “Mən onun yanından ayrılmayacağam”. O belə də etdi. Həmin bu şücaətli və öndə olan kişi düşmənin atdığı oxla yaralandı. O, məyus halda qılıncını çıxararaq (Allaha sığınırıq) ucunu sinəsinə dəstəyini isə yerə dayadı. Sonra üstünə yıxıldı. Qılınc onun kürəyindən çıxdı. O, özünə qəsd etdi. Yanındakı adam olanları xəbər vermək üçün Peyğəmbərin ﷺ yanına gələrək dedi: “Mən şəhadət edirəm ki, sən Allahın Elçisisən”. Peyğəmbər ﷺ buyurdu: “Nə olub?” O dedi: “Cəhənnəm əhli olduğunu dediyin həmin kişi belə etdi (o, hadisəni danışdı)". Peyğəmbər ﷺ buyurdu: “Sizdən biri insanların gördüklərinə əsasən Cənnət əhlinin əməlini edər, amma o, Cəhənnəm əhlindəndir”. (əl-Buxari, 6128).
     Ənsarların Bəni əl-Əşhəl qəbiləsindən olan əl-Asyarimi yada salın. O, İslama qarşı çıxaraq ona düşmən kəsilmişdi. İnsanlar Uhud döyüşünə gedərkən Allah onun qəlbinə iman verdi. O, iman gətirərək döyüşə getdi və şəhid olaraq öldürüldü. İnsanlar döyüşdən sonra öz meyitlərini götürərkən onu (yaralı halda) görüb soruşdular: "Səni bura öz qövmünə bağlılığın, yoxsa İslama sevgin gətirib?" O dedi: “İslama sevgim”. Sonra onlardan xahiş etdi ki, Peyğəmbərə ﷺ onun salamını çatdırsınlar. Bu onun sonluğu idi. O, əvvəllər İslama qarşı çıxsa da sonda şəhid olaraq öldürüldü”. (Muhamməd ibn Salih əl-Useyminin İmam Nəvəvinin “Qırx hədis” kitabına verdiyi şərhdən, 4-cü hədisin şərhi).
[3] İbn Macə, 76, 80; əl-Buxari, 2969, 3208.