Quranı gecə oxumağın savabı çoxdur, yoxsa gündüz?

    16.03.2014
Sual: 
Salam aleykum. Qurani gece oxumagin savabi choxdur yoxsa gunduz? Allah razi olsun.
Cavab: 

Aleykum salam. Quranı gecə oxumağın savabı daha çoxdur. Çünki gecə Quranı başa düşmək üçün daha layiqli vaxtdır. Uca Allah buyurur: "Ey libasına bürünüb örtünmüş peyğəmbər! Az bir hissəsi istisna olmaqla gecələr namaza dur! Onun yarısını, yaxud ondan bir az əskilt, və ya ona artır. Quranı da aramla oxu! Həqiqətən Biz sənə ağır bir Söz (Quran) vəhy edəcəyik. Sözsüz ki, gecə qalxmaq çox çətin və Quran oxumaq daha münasibdir". (əl-Muzəmmil, 6).
Həmçinin, O buyurur: "(Ya Peyğəmbər!) Həqiqətən, Rəbbin bilir ki, sən (yatağından) qalxıb bəzən gecənin təqribən üçdə ikisini, bəzən yarısını, bəzən də üçdə birini namaz qılırsan. Səninlə birlikdə olan bir zümrə (yaxın səhabən) də belədir. Gecəni də, gündüzü də ölçüb-biçən ancaq Allahdır. O sizin bunu (gecə vaxtlarını və saatlarını) ölçüb saya bilməyəcəyinizi (yaxud bütün gecəni oyaq qalıb ibadət edə bilməyəcəyinizi) bildiyi üçün sizi əfv etdi (sizə rüsxət verdi). Qurandan sizə müyəssər olanı oxuyun. (Allah) bilir ki, içərinizdə xəstələr də olacaq, bəziləri Allahın lütfündən ruzi axtarmaq üçün (ticarət məqsədilə) yer üzünü gəzib dolaşacaq, digərləri isə Allah yolunda vuruşacaqdır (cihada gedəcəkdir). Elə isə ondan (Qurandan) sizə müyəssər olanı oxuyun, namaz qılın, zəkat verin və Allah yolunda gözəl (könül xoşluğu ilə) bir borc verin. Özünüz üçün öncə (dünyada) nə yaxşı iş görsəniz, Allah dərgahında onun daha xeyirli və daha böyük mükafatı olduğunu görəcəksiniz. Allahdan bağışlanmağınızı diləyin. Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir!". (əl-Muzzəmmil, 20).
Bu ayələr onu göstərir ki, gecə Quran oxumaq daha yaxşıdır.

Teqlər: 
Paylaş: