عَنْ أَبِى هُرَيْرَةَ عَنِ النَّبِىِّ ﷺ قَالَ «خَلَقَ اللَّهُ الْخَلْقَ، فَلَمَّا فَرَغَ مِنْهُ قَامَتِ الرَّحِمُ فَأَخَذَتْ بِحَقْوِ الرَّحْمَنِ فَقَالَ لَهَا مَهْ. قَالَتْ هَذَا مَقَامُ الْعَائِذِ بِكَ مِنَ الْقَطِيعَةِ. قَالَ أَلاَ تَرْضَيْنَ أَنْ أَصِلَ مَنْ وَصَلَكِ وَأَقْطَعَ مَنْ قَطَعَكِ. قَالَتْ بَلَى يَا رَبِّ. قَالَ فَذَاكِ لَكِ». قَالَ أَبُو هُرَيْرَةَ اقْرَءُوا إِنْ شِئْتُمْ (فَهَلْ عَسَيْتُمْ إِنْ تَوَلَّيْتُمْ أَنْ تُفْسِدُوا فِى الأَرْضِ وَتُقَطِّعُوا أَرْحَامَكُمْ)
Əbu Hureyra (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər - salləllahu aleyhi və səlləm - demişdir: “Allah məxluqatı yaratdı, yaradılışı başa çatdırdıqdan sonra qohumluq əlaqəsi ayağa qalxıb ər-Rahmənin ətəyindən yapışdı. Allah ondan: “Nə olub?”- deyə soruşdu. O dedi: “Bu, qohumluq əlaqələrini kəsməkdən Sənə sığınanın məqamıdır[1]”. Allah buyurdu: “(Qohumluq) əlaqəsini saxlayan kimsə ilə əlaqə saxlamağıma, habelə, səni kəsəni də kəsməyimə razı deyilsənmi?!” O dedi: “Əlbəttə (razıyam), ya Rəbb!” Allah buyurdu: “Sənin üçün məhz belə olacaq!” Sonra Əbu Hureyra y dedi: “İstəyirsinizsə, (bu ayəni) oxuyun: “Əgər (haqdan) üz çevirsəniz, ola bilsin ki, yer üzündə fitnə-fəsad törədəsiniz və qohumluq əlaqələrini kəsəsiniz” (Muhəmməd, 22)”.[2]
عَنْ عَبْدِ الرَّحْمَنِ بْنِ عَوْفٍ أنه سمع رَسُولُ اللَّهِ ﷺ يَقُولُ «قَالَ اللَّهُ أَنَا اللَّهُ وَأَنَا الرَّحْمَنُ خَلَقْتُ الرَّحِمَ وَشَقَقْتُ لَهَا مِنَ اسْمِى فَمَنْ وَصَلَهَا وَصَلْتُهُ وَمَنْ قَطَعَهَا بَتَتُّهُ»
Abdur-Rahmən ibn Auf[3] (Allah ondan razı olsun) rəvayət edir ki, mən Allah Elçisinin - salləllahu aleyhi və səlləm - belə dediyini eşitdim: “Allah dedi: “Mən Allaham və Mən ər-Rahmənəm (Mərhəmətliyəm)! Mən rəhmi (qohumluq əlaqəsini) yaratdım və Öz adımdan ona ad verdim. Kim onu möhkəmləndirsə, Mən onu rəhmətimə qovuşduraram. Kim onu kəssə, Mən də onu kəsərəm”.[4]
أَنَّهُ سَمِعَ أَبَا هُرَيْرَةَ يُحَدِّثُ عَنْ رَسُولِ اللَّهِ ﷺ قَالَ: إِنَّ الرَّحِمَ شُجْنَةٌ مِنَ الرَّحْمَنِ، تَقُولُ: يَا رَبِّ، إِنِّي ظُلِمْتُ، يَا رَبِّ، إِنِّي قُطِعْتُ، يَا رَبِّ، إِنِّي إِنِّي، يَا رَبِّ، يَا رَبِّ. فَيُجِيبُهَا: أَلاَ تَرْضَيْنَ أَنْ أَقْطَعَ مَنْ قَطَعَكِ، وَأَصِلَ مَنْ وَصَلَكِ؟
Əbu Hureyra (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər - salləllahu aleyhi və səlləm - dedi: “Qohumluq əlaqəsi ər-Rahməndan bir şəcnədir.[5] O deyir: “Ey Rəbbim! Mənə zülm edildi. Ey Rəbbim! Məni kəsdilər. Ey Rəbbim! Mənə, mənə...”. Rəbbi də ona: “Səni kəsəni kəsməyimə, birləşdirəni də birləşdirməyimə razı deyilsənmi?!” - deyə cavab verir”.[6]
[1] Burada qohumluq əlaqəsinin ayağa qalxması və Allahla danışması həqiqi mənada başa düşülür. Belə ki, hər şeyə Qadir olan Allah qohumluq əlaqəsini danışdırmağa qadirdir. Hədislərin birində Peyğəmbər ﷺ demişdir: “Qiyamət günü ölüm ağlı-qaralı, buynuzlu qoç şəklində gətiriləcək. Sonra carçı: “Ey Cənnət əhli!”– deyə çağıracaq. Cənnət əhli başlarını qaldırıb ona tərəf baxacaqlar. Carçı: “Bunu tanıyırsınızmı?”– deyə soruşacaq. Onlar: “Bəli, bu ölümdür!”– deyə cavab verəcəklər. Çünki onların hamısı ölümü görmüşlər. Sonra carçı: “Ey Cəhənnəm əhli!”– deyə səsləyəcək. Cəhənnəm əhli başlarını qaldırıb ona tərəf baxacaqlar. Carçı: “Bunu tanıyırsınızmı?”– deyə soruşacaq. Onlar: “Bəli, bu ölümdür!”– deyə cavab verəcəklər. Çünki onların hamısı ölümü görmüşlər. Bundan sonra ölümün başını kəsəcəklər. Sonra onlara deyiləcək: “Ey Cənnət əhli, siz əbədi yaşayacaq və heç vaxt ölməyəcəksiniz! Ey Cəhənnəm əhli, siz də əbədi yaşayacaq və heç vaxt ölməyəcəksiniz!” (əl-Buxari, 4730). Həmçinin, qəbirə qoyulmuş insanın sorğu-sual edildikdən sonra yaxşı və ya pis əməllərinin insan şəklində onun yanına gəlməsi Allahın hər şeyə qadir olduğunu bir daha sübuta yetirir.
[2] əl-Buxari, 4455, 4552, 4830.
[3] Əbu Muhəmməd Abdur-Rahmən ibn Auf (Allah ondan razı olsun) Peyğəmbərin ﷺ səhabəsidir. Miladi 580-ci ildə anadan olmuş, hicrətin 31-ci ilində Mədinədə vəfat etmişdir.
[4] əl-Buxari “Ədəbul-Mufrad” 53; ət-Tirmizi, 1907, 2031. əl-Albani səhih olduğunu bildirmişdir.
[5] Allahın mərhəməti ilə bağlı olan rəhmət əlamətlərindəndir.
[6] əl-Buxari “Ədəbul-Mufrad” 65. əl-Albani həsən olduğunu bildirmişdir.