عَنْ أَبِي هُرَيْرَةَ، عَنْ رَسُولِ اللَّهِ ﷺ قَالَ: «يَقُولُ اللَّهُ: اسْتَطْعَمْتُكَ فَلَمْ تُطْعِمَنِي، قَالَ: فَيَقُولُ: يَا رَبِّ، وَكَيْفَ اسْتَطْعَمْتَنِي وَلَمْ أُطْعِمْكَ، وَأَنْتَ رَبُّ الْعَالَمِينَ؟ قَالَ: أَمَا عَلِمْتَ أَنَّ عَبْدِي فُلاَنًا اسْتَطْعَمَكَ فَلَمْ تُطْعِمْهُ؟ أَمَا عَلِمْتَ أَنَّكَ لَوْ كُنْتَ أَطْعَمْتَهُ لَوَجَدْتَ ذَلِكَ عِنْدِي؟ ابْنَ آدَمَ، اسْتَسْقَيْتُكَ فَلَمْ تَسْقِنِي، فَقَالَ: يَا رَبِّ، وَكَيْفَ أَسْقِيكَ وَأَنْتَ رَبُّ الْعَالَمِينَ؟ فَيَقُولُ: إِنَّ عَبْدِي فُلاَنًا اسْتَسْقَاكَ فَلَمْ تَسْقِهِ، أَمَا عَلِمْتَ أَنَّكَ لَوْ كُنْتَ سَقَيْتَهُ لَوَجَدْتَ ذَلِكَ عِنْدِي؟ يَا ابْنَ آدَمَ، مَرِضْتُ فَلَمْ تَعُدْنِي، قَالَ: يَا رَبِّ، كَيْفَ أَعُودُكَ، وَأَنْتَ رَبُّ الْعَالَمِينَ؟ قَالَ: أَمَا عَلِمْتَ أَنَّ عَبْدِي فُلاَنًا مَرِضَ، فَلَوْ كُنْتَ عُدْتَهُ لَوَجَدْتَ ذَلِكَ عِنْدِي أَوْ وَجَدْتَنِي عِنْدَهُ؟»
Əbu Hureyra (Allah ondan razı olsun) rəvayət edir ki, Allah Elçisi - salləllahu aleyhi və səlləm - demişdir: “(Qiyamət günü) Allah Öz quluna belə buyuracaq: “Səndən yemək istədim, Mənə yemək vermədin”. O, deyəcək: “Ey Rəbbim! Sən aləmlərin Rəbbi ola-ola necə ola bilər ki, məndən yemək istəyəsən, mən də Sənə yemək verməyim?” Allah buyuracaq: “Məgər bilmirsən ki, filan qulum səndən yemək istəmiş, sən də ona yemək verməmişdin?[1] Məgər bilmirdin ki, əgər onu yedirtsəydin, bunun mükafatını Mənim yanımda tapacaqdın?” Sonra Allah buyuracaq: “Ey Adəm oğlu, səndən su istədim, Mənə su vermədin.” O deyəcək: “Ey Rəbbim! Sən aləmlərin Rəbbi ola-ola necə ola bilər ki, məndən su istəyəsən, mən də Sənə su verməyim?” Allah buyuracaq: “Filan qulum səndən su istəmişdi, sən isə ona su verməmişdin? Məgər bilmirdin ki, əgər ona su versəydin, bunun mükafatını Mənim yanımda tapacaqdın?” Sonra Allah buyuracaq: “Ey Adəm oğlu! Mən xəstələndim,[2] sən isə Mənə baş çəkmədin.” O, deyəcək: “Ey Rəbbim! Sən aləmlərin Rəbbi olduğun halda, mən Sənə necə baş çəkə bilərdim?” Allah buyuracaq: “Filan qulumun xəstələndiyini bilmirdinmi?! Əgər ona baş çəksəydin, bunun mükafatını Mənim yanımda tapardın - yaxud[3] - Məni onun yanında tapardın”.[4]
عَنْ عَبْدِ اللَّهِ بْنِ عَمْرِو بْنِ الْعَاصِ أَنَّ النَّبِىَّ ﷺ تَلاَ قَوْلَ اللَّهِ ﷻ فِى إِبْرَاهِيمَ (رَبِّ إِنَّهُنَّ أَضْلَلْنَ كَثِيرًا مِنَ النَّاسِ فَمَنْ تَبِعَنِى فَإِنَّهُ مِنِّى) الآيَةَ. وَقَالَ عِيسَى (إِنْ تُعَذِّبْهُمْ فَإِنَّهُمْ عِبَادُكَ وَإِنْ تَغْفِرْ لَهُمْ فَإِنَّكَ أَنْتَ الْعَزِيزُ الْحَكِيمُ) فَرَفَعَ يَدَيْهِ وَقَالَ «اللَّهُمَّ أُمَّتِى أُمَّتِى». وَبَكَى فَقَالَ اللَّهُ ﷻ يَا جِبْرِيلُ اذْهَبْ إِلَى مُحَمَّدٍ وَرَبُّكَ أَعْلَمُ فَسَلْهُ مَا يُبْكِيكَ فَأَتَاهُ جِبْرِيلُ - عَلَيْهِ الصَّلاَةُ وَالسَّلاَمُ - فَسَأَلَهُ فَأَخْبَرَهُ رَسُولُ اللَّهِ ﷺ بِمَا قَالَ. وَهُوَ أَعْلَمُ. فَقَالَ اللَّهُ «يَا جِبْرِيلُ اذْهَبْ إِلَى مُحَمَّدٍ فَقُلْ إِنَّا سَنُرْضِيكَ فِى أُمَّتِكَ وَلاَ نَسُوءُكَ»
Abdullah ibn Amr ibn əl-As (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər - salləllahu aleyhi və səlləm - Uca Allahın İbrahim haqqında: “Ey Rəbbim! Həqiqətən də, onlar çox adamı azdırıblar. Kim mənə tabe olsa, o, məndəndir” (İbrahim 36) və İsa (ona salam olsun) haqqında: “Əgər onlara əzab versən, sözsüz ki, onlar Sənin qullarındır. Əgər onları bağışlasan, şübhəsiz ki, Sən Qüdrətlisən, Müdriksən!” (əl-Maidə, 118) - ayələrini oxuyarkən əllərini (göyə) qaldırdı və: “Allahım! Ümmətim, ümmətim!”- deyərək ağladı. Uca Allah buyurdu: “Ey Cəbrail! - Rəbbin daha yaxşı bildiyi halda - Muhəmmədin yanına get və ondan soruş: “Səni ağladan nədir?” Cəbrail (ona salam olsun) da onun yanına gəlib soruşdu. Allah Elçisi salləllahu aleyhi və səlləm də söylədiklərini - Allahın daha yaxşı bildiyi halda - ona xəbər verdi. Allah buyurdu: “Ey Cəbrail! Muhəmmədin yanına get və de: “Şübhəsiz ki, Biz səni ümmətindən razı edəcəyik və səni məyus etməyəcəyik”.[5]
[1] Əslində, Uca Allahın yemək-içməyə ehtiyacı yoxdur. Yemək və içmək ancaq naqis məxluqata aid olan xislətlərdəndir. Bu xüsusda, Uca Allah buyurur:
“Mən cinləri və insanları ancaq Mənə ibadət etmək üçün yaratdım. Mən onlardan ruzi istəmirəm. Mən onlardan Məni yedirtmələrini də istəmirəm. Həqiqətən, Allah ruzi verəndir, Qüvvət sahibidir, Mətindir” (əz-Zariyat, 56-58); O, həmçinin, buyurur:
“Allah (hamını)
yedirir, Özünü isə (heç kəs)
yedirmir” (əl-Ənam, 14). Qüdsi hədislərin birində Uca Allah buyurur:
“Ey qullarım! Siz Mənə zərər yetirməyə qadir deyilsiniz ki, zərər yetirəsiniz. Eləcə də, Mənə fayda verməyə qadir deyilsiniz ki, fayda verəsiniz” (Muslim, 2577). Burada Allahın, yemək-içməyi, habelə, xəstəni ziyarət etməyi Özünə aid etməsi, mömin adamı sadəcə bu işə təşviq etməsi üçündür. Buna, Allahın bu ayəsini misal çəkmək olar:
“Kim Allaha gözəl borc versə, (Allah)
onun üçün bunu qat-qat artırar” (əl-Bəqərə, 245).
[2] Burada, “xəstələndim” deyildikdə, Allahın xəstələnməsi başa düşülməməlidir, çünki xəstələnmək naqis sifətlərdəndir, pak və müqəddəs Allah isə bütün nöqsanlardan uzaqdır. Bu hədisdəki xəstələnmək əməlisaleh qullardan və ya Allah dostlarından birinə aiddir. Bu xüsusda varid olmuş qüdsi səhih hədisdə Uca Allah buyurur:
“Kim Mənim dostumla düşmənçilik edərsə, Mən ona hərb elan edərəm.” Yəni kim Allahın dostu ilə düşmənçilik edərsə, Allahla düşmənçilik etmək fikri olmasa da, Allahla düşmənçilik etmiş hesab edilər (Şərh Riyadus-Salihin, 896-cı hədisin şərhi).
[3] Bu, ravinin şəkkidir. İmam Muslimin “Səhih”ində bu hədis şəksiz olaraq rəvayət edilmiş və həmin rəvayətdə: “Məni onun yanında tapardın”– deyilir. Alimlər hədisin bu yerini izah edərkən demişlər: “Burada Uca Allah: yemək və içmək xüsusunda: “bunun mükafatını Mənim yanımda tapardın” yox, “Məni onun yanında tapardın” deyir. Bu da, xəstə adamın Allaha yaxın olduğuna dəlalət edir. Elə buna görə də alimlər demişlər: “Xəstə adam bir kimsənin lehinə və ya əleyhinə etdiyi duanın qəbul olunmasına həris olur”. Hədis, həmçinin, xəstəni ziyarət etməyin müstəhəb əməl olmasına dəlalət edir. Hədisdən o da aydın olur ki, Uca Allah həm xəstəyə, həm də xəstəni ziyarət edən adama yaxın olur” (Şərh Riyadus-Salihin, 896-cı hədisin şərhi).
[4] əl-Buxari “Ədəbul-Mufrad” 517; Muslim, 2569. əl-Albani səhih olduğunu bildirmişdir.
[5] Muslim, 346/ 202 (301, 499, 520).