Yəhyə ibn Zəkəriyyəyə əmr edilən beş kəlmə
əl-Həris əl-Əşari (Allah ondan razı olsun) rəvayət edir ki, Allah Elçisi - salləllahu aleyhi və səlləm - demişdir: “Həqiqətən, Allah Yəhyə ibn Zəkəriyyəyə beş kəlməni əmr etdi. O, özü bunlara əməl etməli, İsrail oğullarını da bunlara riayət etməyi əmr etməli idi. O, bu işi görməkdə tələsmirdi. Allah İsaya belə vəhy etdi: “Bu əmrləri ya o, ya da sən çatdır!” İsa Yəhyənin yanına gəlib dedi: “Sənə beş əmr verilmişdir. Onlara həm özün əməl etməli, həm də İsrail oğullarına əmr etməlisən. Bunları ya sən özün, ya da mən onlara çatdırım”. Yəhyə ona dedi: “Ey Ruhullah! Əgər sən bu işdə məni qabaqlasan, əzaba düçar olmağımdan, yaxud da yerə batırılmağımdan qorxuram”. Yəhyə İsrail oğullarını Beytul-Məqdisdə topladı. Məscid adam ilə dolmuşdu. O, hündür yerdə əyləşib Allaha həmd-səna etdikdən sonra dedi: “Allah mənə beş kəlməni əmr etmişdir. Mənə bu əmrlərə əməl etmək və sizə də əmr etmək tapşırığı verildi. Birincisi, Allaha heç bir şeyi şərik qoşmadan ibadət edəcəksiniz. Allaha şərik qoşanın misalı halal malından qızıl və ya gümüş ödəyib özünə bir kölə alan, sonra onu bir evə yerləşdirən adamın misalına bənzəyir. Adam köləsinə: “İşlə və qazancını mənə ver!”- deyə tapşırıq verir. Köləsi işləyib qazancını öz ağasına deyil, başqasına verir. Sizin hansınız öz köləsinin belə etməsindən razı qalar?! Allah sizi yaradıb və sizə ruzi verib. Elə isə siz də Ona ibadət edin və heç bir şeyi Ona şərik qoşmayın. Həmçinin, Allah sizə namaz qılmağı əmr edir. Namaza durduqda üzünüzü çevirməyin, çünki, bəndə üzünü çevirmədikcə Uca Allah üzünü bəndəsinə tərəf tutur. Həmçinin, Allah sizə oruc tutmağı əmr edir. Bunun misalı bir dəstə adamın yanında olan kisəciyin içindəki müşk ətirinin misalına bənzəyir. Belə ki, onların hamısı ətirin iyini hiss edir. Oruc tutanın ağzından gələn qoxu, Allah dərgahında müşk-ənbərdən daha xoşdur. Həmçinin, Allah, sizə sədəqə verməyi əmr edir. Bunun misalı düşmənə əsir düşmüş bir adamın misalına bənzəyir. Onlar onun əllərini boğazına bağlayıb boynunu vurmaq üçün apararkən o, belə deyir: “İstəyirsiniz mən öz canımın müqabilində sizə mal-dövlət verim? O, canını xilas etmək üçün malından keçir və sonda özünü xilas edir. Həmçinin, Allah, sizə Onu çox zikr etməyi əmr edir. Bunun misalı isə düşmənin sürətlə izinə düşüb axtardığı adamın misalına bənzəyir. O gəlib bir qalada sığınacaq tapır və orada qorunur. Bəndə də Uca Allahı zikr etdikcə, şeytandan qorunmuş olar”. Allah Elçisi salləllahu aleyhi və səlləm dedi: “Mən də Allahın əmr etdiyi beş şeyi; camaatla birlikdə olmağı, eşitməyi, itaət etməyi, hicrət və Allah yolunda cihad etməyi sizə əmr edirəm. Kim camaatdan bir qarış ayrılarsa, geri dönənə qədər İslam əhdini boynundan çıxarmış olar. Kim cahiliyyət dövrünün fikirlərinə çağırarsa, oruc tutub, namaz qılıb, özünün müsəlman olduğunu iddia edərsə belə, o, Cəhənnəmin odunu olacaqdır. Bir-birinizi Allahın sizi müsəlman, mömin və Allahın qulları adlandırdığı kimi çağırın!”[1]