Dəccalın fitnəsi
Nəvvas ibn Səman (Allah ondan razı olsun) demişdir: “Bir gün Allah Elçisi - salləllahu aleyhi və səlləm - Dəccal haqqında danışırdı. Onun haqqında gah yavaş, gah da yüksək səslə (elə bir tərzdə) danışırdı ki, biz onun xurmalıqlarda olduğunu güman etdik. (Təkrarən) onun yanına gəldiyimiz zaman o, bizim halımızı görüb soruşdu: “Sizə nə olub?” Biz dedik: “Ey Allahın Elçisi! Bu gün səhər sən Dəccal haqqında gah yavaş, gah da yüksək səslə (elə bir tərzdə) danışırdın ki, biz onun xurmalıqlarda olduğunu güman etdik”. O dedi: “Sizin üçün Dəccaldan çox digər şeylərdən qorxuram. Əgər o, mən sizin aranızda ikən peyda olarsa, mən sizə görə onunla mücadilə edəcəyəm. Yox əgər mən aranızda olmayanda peyda olarsa, onda hər kəs özü (onunla) mücadilə etməlidir. Allah hər bir müsəlman üçün məni əvəz edəcək. Həqiqətən, o, qıvrım saçlı, bir gözü əyri, Abduluzza ibn Qatana bənzəyən bir gəncdir. Sizdən kim onu görərsə, əl-Kəhf surəsinin ilk ayələrini ona qarşı oxusun. Həqiqətən, o, Şamla İraq arasında olan bir yolda peyda olacaq və sağa-sola (hər yana) fitnə-fəsad yayacaq. Ey Allahın qulları, (dininizdə) sabit olun!” Biz soruşduq: “Ey Allahın Elçisi! O, yer üzərində nə qədər qalacaq?” O dedi: “Qırx gün (qalacaq, onlardan) bir günü il, bir günü ay, bir günü cümə (bir həftə) kimi, digər günləri isə sizin günləriniz kimi olacaqdır”. Biz soruşduq: “Ey Allahın Elçisi! İl kimi olan o gündə bizə bir günün namazını qılmaq kifayət edərmi?” O dedi: “Xeyr, (özünüz) onun üçün vaxt təyin edin!” Biz soruşduq: “Ey Allahın Elçisi! Onun yer üzərində sürətlə hərəkət etməsi necə olacaq?” O dedi: “Küləyin qovduğu yağış buludlarının (sürəti) kimi. O, bir qövmün yanına gəlib onları çağıracaq, onlar da ona iman gətirəcək və ona boyun əyəcəklər. O zaman o, göyə əmr edəcək və (göy dərhal) yağış yağdıracaq, yer də onun əmri ilə bitkilər bitirəcəkdir. (O qövmün) otlağa çıxmış heyvanları axşam otlaqdan hörgücləri (əvvəl) heç vaxt olmadığı kimi hündür, məmələri südlə dolu və böyürləri uzadılmış (qarnı dolu) vəziyyətdə geri qayıdacaqlar. Sonra o, (digər) bir qövmün yanına gəlib onları da çağıracaq. (Lakin həmin qövm) onun sözünü rədd edəcəkdir. O, (qövmdən) üz çevirib getdikdən sonra onları quraqlıq basacaq, əllərində olan bütün mal-dövlətləri tələf olacaqdır. O, bir xarabalığın yanından keçəndə ona: “Öz xəzinələrini üzə çıxart!”- deyəcək və (bal arılarının) başçı arının ardınca düşdükləri kimi oranın xəzinələri də onun ardınca düşəcək. Sonra o, gəncliyinin bahar çağında olan bir cavan oğlanı çağıracaq və onu qılıncla vurub iki hissəyə böləcəkdir. Onun bədəninin hissələri oxun hədəfə çatdığı məsafə qədər bir-birindən ayrılacaq. Sonra o, (cavan oğlanı) çağıracaq, o da (həmin anda dirilib) sevincək onun yanına gələcəkdir. Elə o vaxt Allah Məryəm oğlu Məsihi göndərəcək. O, iki sarı paltarda, əllərini iki mələyin qanadlarına qoyaraq Dəməşqin şərqindəki ağ minarəyə enəcəkdir. O, başını aşağı saldıqda (saçından) su damcıları, (başını) qaldırdıqda isə inci tək mirvarilər düşəcəkdir. Onun nəfəsinin qoxusunu hiss edən hər bir kafir mütləq öləcək. Onun nəfəsi gözünün gördüyü məsafəyə qədər çatacaqdır. (İsa Dəccalı) axtaracaq və onu Ludd qapısının yanında yaxalayaraq öldürəcək. Sonra Məryəm oğlu İsa, Allahın (Dəccalın şərindən) qoruduğu bir qövmün yanına gəlib əlini onların üzünə sürtəcək və onların Cənnətdəki dərəcələrini söyləyəcəkdir. Elə o vaxt Allah İsaya belə vəhy edəcək: “Mən öz qullarımı çıxardıram. Onlarla vuruşmağa heç kəsin gücü çatmaz. Qullarıma Tur (dağında) sığınacaq ver!” Allah Yəcuc və Məcuc (tayfalarını) göndərəcək və onlar təpələrdən axışıb gələcəklər. Onların birinciləri Tabəriyyə gölündən keçərək onun suyunu içəcək, axırıncıları isə oradan keçərək belə deyəcəklər: “Nə vaxtsa burada su var idi”. Allahın peyğəmbəri İsa və onun səhabələri mühasirədə o qədər qalacaqlar ki, hətta onlardan biri üçün öküz başı bu gün sizdən biriniz üçün yüz dinardan daha xeyirli olacaqdır. Bundan sonra Allahın Peyğəmbəri İsa və onun səhabələri dua edəcəklər. Allah (Yəcuc və Məcuc tayfalarının) boyunlarına qurdlar göndərəcək və səhəri hamısı bir nəfər kimi öləcəklər. Bundan sonra Allahın peyğəmbəri İsa və onun səhabələri yerə enəcəklər. Onlar yer üzündə (Yəcuc və Məcuc tayfalarının cəsədlərinin) piylərindən və çürüntülərinin qoxusundan bir qarış da olsun yer tapa bilməyəcəklər. Belə olduğu halda Allahın Peyğəmbəri İsa və onun səhabələri dua edəcəklər və Allah onların üzərinə dəvələrin boyunlarına bənzər (uzun boylu) quşlar göndərəcək. (Quşlar cəsədləri) götürüb Allahın istədiyi yerə aparacaqlar. Sonra Allah elə bir yağış göndərəcək ki, gildən düzəldilən heç bir ev ondan qoruna bilməyəcək. O, yer üzündə (nə varsa) yuyub aparacaq, hətta onu güzgüyə bənzər bir hala salacaq. Sonra yer üzünə: “Meyvələrini bitir və bərəkətini ver!”- deyiləcək. Elə o gün bir dəstə insan bir dənə narı yeyib doyacaq və onun qabığının altında kölgələnəcək. Süd isə (o qədər) bərəkətli olacaqdır ki, bir dəvənin südü bir dəstə insana kifayət edəcəkdir. Bir inəyin südü bir qəbiləyə, bir qoyunun südü isə bir neçə ailəyə kifayət edəcəkdir. Belə olduqda Allah xoş bir külək göndərəcək, o da (möminləri) qoltuqlarının altından yaxalayacaq və hər bir möminin və müsəlmanın ruhunu (özü ilə) aparacaqdır. (Yer üzündə) insanların ən şər olanları qalaraq orada eşşəklər kimi cinsi əlaqədə olacaqlar. Qiyamət saatı da onların üzərində qopacaqdır”.[1]
Abdullah ibn Amr ibn əl-As (Allah ondan razı olsun) rəvayət edir ki, Allah Elçisi - salləllahu aleyhi və səlləm - demişdir: “Dəccal ümmətim arasında peyda olacaq və mən bilmirəm ki, o (yer üzərində) qırx gün, qırx ay, yoxsa qırx il qalacaq. Sonra Allah İsa ibn Məryəmi – sanki o, Urva ibn Məsuddur - (yer üzərinə) göndərəcək, o da (Dəccalı) axtarıb onu öldürəcək. Bundan sonra insanlar aralarında heç bir düşmənçilik olmadan yeddi il yaşayacaqlar. Daha sonra Allah Şam tərəfdən sərin bir külək göndərəcək və yer üzərində qəlbində zərrə qədər xeyir və ya iman olan hər bir kəsin (ruhunu) alıb aparacaq. Hətta biriniz dağın içinə girsə belə, (külək) mütləq ora girib onun (ruhunu) alacaq. (Bundan sonra yer üzərində ancaq) quş yüngüllüyündə, vəhşi heyvanlar kimi ən şər insanlar qalacaq. Onlar nə bir yaxşılıq anlayacaq, nə də bir pisliyi inkar edəcəklər. Şeytan da (insan qiyafəsində) onlara görünəcək və deyəcək: “Mənə tabe olacaqsınızmı?” Onlar: “Bizə nə əmr edirsən?”- deyə soruşacaqlar. (Şeytan) onlara bütlərə ibadət etməyi əmr edəcək, onlar da buna (tabe olacaqlar və bir müddət) ruziləri bol olacaq, güzəranları xoş keçəcəkdir. Sonra Sur üfürüləcək, onu eşidən hər kəs boynunu dikəldib və əyərək onu dinləyəcək. Onu birinci eşidən dəvəsinin (su içməsi üçün) ovdanına gil ilə suvaq vuran bir kişi olacaqdır. (Bu səs) onu və bütün insanları öldürəcək. Sonra Allah çiskin bir yağış göndərəcək və onunla insanların bədənləri bitəcək. Sonra bir daha (Sur) üfürülən kimi onlar qalxıb baxacaqlar. Sonra deyiləcək: “Ey insanlar, Rəbbinizə doğru gedin! Onları dayandırın, çünki onlar sorğu-sual olunacaqlar!” Sonra belə deyiləcək: “Cəhənnəm əhlini çıxardın!” və “nə qədər?”- deyə soruşulacaq. “Hər min (nəfərdən) doqquz yüz doxsan doqquzu!”- deyə cavab veriləcək. Məhz o gün uşaqların saçlarının ağaracağı və baldırın açılacağı gündür!”[2]