Allahın şəhidlər haqda dedikləri - Ali-İmran surəsi 169 - 171 - ci ayələr
“Allah yolunda öldürülənləri əsla ölmüş sanma. Əksinə, onlar diridirlər; özlərinin Rəbbi yanında onlara ruzi verilir. Onlar Allahın Öz lütfündən onlara verdiyi nemətlərə sevinir, arxalarınca gəlib hələ onlara çatmamış kəslərin heç bir qorxu ilə qarşılaşmayacaqlarına və onların kədərlənməyəcəklərinə fərəhlənirlər. Onlar Allahın nemətinə, lütfkarlığına, həm də Allahın möminlərin mükafatını heçə çıxarmayacağına sevinirlər”.
İbn Abbas (Allah ondan razı olsun) rəvayət edir ki, Allah Elçisi - salləllahu aleyhi və səlləm - buyurdu: “Qardaşlarınız Uhud döyüşündə şəhid olduqda, Qüdrət və Qüvvət sahibi olan Allah onların ruhlarını yaşıl quşların içinə yerləşdirdi. Onlar Cənnət çaylarının yanına gəlir, Cənnət meyvələrindən yeyir və Ərşin kölgəsində yerləşdirilmiş qızıl çıraqların yanına qayıdırlar. Yemək-içməklərinin və qayıtdıqları yerin nə qədər gözəl olduğunu gördükləri zaman deyirlər: “Kaş ki, qardaşlarımız Allahın bizə bəxş etdiyi bu nemətlərdən xəbər tutaydılar və Allah yolunda olan cihaddan qorxub qaçmayaydılar”. Uca Allah: “Mən sizin dediklərinizi onlara bildirərəm!”- dedi və bu ayələri Öz elçisinə nazil etdi: “Allah yolunda öldürülənləri əsla ölmüş sanma. Əksinə, (onlar) diridirlər...” (Ali-İmran, 169)”.
Əbu Davud, 2158, 2520, 2522; İbn Hişam “Siyra” 2/119; İbn Cərir ət-Tabəri “Cəmiul-Bəyən” 4/170; İbn əl-Mubarak “Cihad” səh. 60. əl-Albani səhih olduğunu bildirmişdir.
ət-Tirmizi, 3010, 3281; İbn Macə, 2800, 2906; əd-Dərimi “Raddu aləl-Cəhmiyyə” səh. 74. əl-Albani həsən olduğunu bildirmişdir.
Ənəs ibn Məlik (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər - salləllahu aleyhi və səlləm - Məunə quyusunun sahiblərinin yanına yetmiş və ya qırx nəfər səhabə göndərdi. Quyunun böyüyü Amr ibn Tüfeyl Cəfəri idi. Onlar gəlib su quyusunun yanında yerləşən mağarada dayandılar və öz aralarında dedilər: “Kim Peyğəmbərin - salləllahu aleyhi və səlləm - məktubunu quyunun sahiblərinə çatdırar?” Əbu Milhan Ənsari dedi: “Mən Peyğəmbərin - salləllahu aleyhi və səlləm - məktubunu onlara çatdıraram”. O, məktubu götürüb onların yaşadığı məhəlləyə gəldi, evlərinin qarşısında yerə oturdu və dedi: “Ey quyu sahibləri mən, Peyğəmbərin - salləllahu aleyhi və səlləm - sizin yanınıza göndərdiyi elçisiyəm. Mən şəhadət verirəm ki, Allahdan başqa ibadətə layiq olan məbud yoxdur və Muhəmməd Onun qulu və elçisidir. Siz də Allaha və Onun Elçisinə iman gətirin!” Evlərin birindən bir nəfər əlində nizə ilə çıxıb onu vurdu. Nizə onun bir yanından keçib digər tərəfindən çıxdı. O: “Allah Ən Böyükdür və Kəbənin Rəbbidir!”- deyib yoldaşlarının yanına qayıtdı. Amr ibn Tufeyl və onun tərəfdarları səhabənin izinə düşüb mağaraya gəldilər və orada olan səhabələrin hamısını öldürdülər”. Ənəs ibn Məlik (Allah ondan razı olsun) deyir ki, Uca Allah onlar haqda ayə nazil etdi. Biz bir müddət bu ayəni oxuduqdan sonra Uca Allah onu nəsx (oxunuşunu ləğv) edib və bu ayələri nazil etdi: “Allah yolunda öldürülənləri əsla ölmüş sanma. Əksinə, onlar diridirlər; özlərinin Rəbbi yanında onlara ruzi verilir”. (Ali-İmran, 169)”.
İbn Cərir ət-Tabəri “Cəmiul-Bəyən” 4/115, h. 8224; əs-Suyuti “Durrul-Mənsur” 2/372. Ali Nasr və əl-Hilali isnadının səhih olduğunu bildirmişlər.
عَنِ ابْنِ عَبَّاسٍ، وَقَالَ سُفْيَانُ مَرَّةً أُخْرَى أَخْبَرَنِي عِكْرِمَةُ، قَالَ: لَمَّا انْصَرَفَ أَبُو سُفْيَانَ وَالْمُشْرِكُونَ عَنْ أَحَدٍ، وَبَلَغُوا الرَّوْحَاءَ، قَالُوا: لا مُحَمَّدًا قَتَلْتُمْ، وَلا الْكواعبَ أَرْدَفْتُمْ، شَرٌّ مَا صَنَعْتُمْ، فَبَلَغَ ذَلِكَ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَنَدَبَ النَّاسَ فَانْتَدَبُوا حَتَّى بَلَغُوا حَمْرَاءَ الأَسَدِ أَوْ بِئْرَ أَبِي عُيَيْنَةَ فَأَنْزَلَ اللَّهُ عَزَّ وَجَلَّ {الَّذِينَ اسْتَجَابُوا لِلَّهِ وَالرَّسُولِ مِنْ بَعْدِ مَا أَصَابَهُمُ الْقَرْحُ} وَقَدْ كَانَ أَبُو سُفْيَانَ، قَالَ لِلنَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: مَوْعِدُكَ مَوْسِمُ بَدْرٍ حَيْثُ قَتَلْتُمْ أَصْحَابَنَا، فَأَمَّ الْجَبَانُ فَرَجَعَ، وَأَمَّا الشُّجَاعُ فَأَخَذَ أُهْبَةَ الْقِتَالِ وَالتِّجَارَةِ فَأَتَوْهُ، فَلَمْ يَجِدُوا بِهِ أَحَدًا وتَسَوَّقُوا فَأَنْزَلَ اللَّهُ عَزَّ وَجَلَّ {فَانْقَلَبُوا بنعْمَةٍ مِنَ اللَّهِ وَفَضَلٍ لَمْ يَمْسَسْهُمْ سُوءٌ}.
Rəvayət edilir ki, İbn Abbas (Allah ondan razı olsun) demişdir: “Əbu Süfyan və onunla olan müşriklər Uhud döyüşündən sonra Rəvha adlı yerə çatdıqda bir-birilərinə dedilər: “Siz nə Muhəmmədi öldürə bildiniz, nə də onların qadınlarını cariyə kimi götürə bildiniz. Sizin bu etdikləriniz necə də pisdir”. Bu xəbər Allah Elçisinə - salləllahu aleyhi və səlləm - gəlib çatdıqda, o, səhabələrinə könüllü olaraq müşriklərin üzərinə getməyi təklif etdi. Onlar könüllü surətdə ona qoşulub müşriklərin ardı ilə getdilər. Onlar gəlib “Həmrəul-Əsəd” adlı yerə və ya “Əbu Uyeynə” adlı quyunun yanına çatdıqda, Uca Allah bu ayəni nazil etdi: “Onlar yaralandıqdan sonra da Allahın və Peyğəmbərinin dəvətini qəbul etdilər…” (Ali-İmran, 172). Artıq Əbu Sufyan Peyğəmbəri - salləllahu aleyhi və səlləm - hədələmişdi: “Bədr döyüşündə öldürdüyünüz tərəfdarlarımızın qisasını alacağıq”. Qorxaqlar geri döndülər, şücaətli səhabələr isə Peyğəmbərlə - salləllahu aleyhi və səlləm - birlikdə Allah yolunda cihada hazır olduqlarını göstərdilər. Səhabələr gəlib müşriklər olan yerə çatdıqda, orada heç kəsi tapmayıb geri qayıtdılar. Bu vaxt Uca Allah bu ayəni nazil etdi: “Onlar özlərinə heç bir pislik toxunmadan, Allahın neməti və mərhəməti sayəsində geri döndülər və Allahın razılığına tabe oldular. Allah böyük lütf sahibidir”. (Ali-İmran, 174)”.
ət-Tabərani “Mucəmul-Kəbir” 11467; ən-Nəsai “Sunənul-Kubra” 11083. Şeyx Muqbil səhih olduğunu bildirmişdir.