“Doğrusu, göylərin və yerin xəlq edilməsində..."- ayəsi haqda - Ali-İmran surəsi 190 - cı ayə
“Doğrusu, göylərin və yerin xəlq edilməsində, gecə ilə gündüzün bir-birini əvəz etməsində ağıllı adamlar üçün dəlillər vardır”
Rəvayət edilir ki, Ata (Allah ona rəhm etsin) demişdir: “(Bir dəfə) mən Ubeyd ibn Umeyrlə birgə Aişənin yanına gəldim və Ubeyd ibn Umeyr ona: “Allah Elçisindən - salləllahu aleyhi və səlləm - gördüyün ən heyrətamiz hadisəni bizə danış”– dedi. (Bunu eşitdikdə) Aişə ağladı, sonra dedi: “Gecələrin birində Allah Elşisi - salləllahu aleyhi və səlləm - yuxudan oyandı və mənə: “Ey Aişə, izin ver mən Rəbbimə ibadət edim”– dedi. Mən dedim: “Vallahi ki, mən sənin Allaha yaxın olmağını istəyirəm, üstəlik səni sevindirən hər bir əməli sevirəm”. Sonra o qalxıb dəstəmaz aldı və namaz qıldı. (Namazda) o qədər ağladı ki, sinəsi göz yaşına bələndi. Sonra yenə o qədər ağladı ki, hətta (durduğu) yer də göz yaşı ilə islandı. Nəhayət, Bilal gəlib Allah Elçisindən - salləllahu aleyhi və səlləm - azan vermək üçün izn istədi və onun ağladığını gördükdə, dedi: “Ey Allahın Elçisi, niyə ağlayırsan?! Axı Allah sənin keçmiş və gələcək günahlarını bağışlamışdır?!” Onda Allah Elçisi - salləllahu aleyhi və səlləm - belə buyurdu: “Şükür edən bir qul olmayımmı?! Bu gecə mənə ayələr nazil oldu. Vay o kəsin halına ki, bu ayələri oxuyub onların barəsində düşünməsin: “Doğrusu, göylərin və yerin xəlq edilməsində, gecə ilə gündüzün bir-birini əvəz etməsində ağıllı adamlar üçün dəlillər vardır...” (Ali – İmran, 190)”
İbn Hibban, 620; Əbuş-Şeyx “Əxlaqun-Nəbi” 561. əl-Albani “Silsilətul-Əhədisis-Sahiha”da (68) həsən olduğunu bildirmişdir.