Görmədikləri işlərə görə tərif olunmağı xoşlayanlar - Ali-İmran surəsi 188 - ci ayə
“O zaman Allah Kitab verilənlərlə əhd bağlayıb: "Siz o Kitabı mütləq insanlara aydınlaşdıracaqsınız və onu gizlətməyəcəksiniz!"– deyə buyurdu. Onlar isə bu əhdi qulaqardına vurub onu ucuz qiymətə satdılar. Onların bu alveri necə də pisdir! Törətdikləri əməllərdən fərəhlənən və etmədikləri işlərə görə tərif olunmağı xoşlayan kimsələrin əzabdan qurtulacaqlarını əsla güman etmə. Onlara acılı-ağrılı bir əzab hazırlanmışdır”
Əbu Səid əl-Xudri (Allah ondan razı olsun) rəvayət edir ki, Allah Elçisinin - salləllahu aleyhi və səlləm - dövründə Peyğəmbər - salləllahu aleyhi və səlləm - döyüşə çıxdıqda münafiqlərdən bəziləri ondan ayrılar və döyüşə getməyib ona müxalif olduqlarına sevinərdilər. Peyğəmbər - salləllahu aleyhi və səlləm - döyüşdən qayıtdıqda isə özlərinə bəraət qazandırmaq üçün bəhanələr gətirər və and içərdilər. Üstəlik, görmədikləri işlərə görə tərif olunmağı sevərdilər. (Elə buna görə də) bu ayə nazil oldu: “Törətdikləri əməllərdən fərəhlənən və etmədikləri işlərə görə tərif olunmağı xoşlayan kimsələrin əzabdan qurtulacaqlarını əsla güman etmə. Onlara acılı-ağrılı bir əzab hazırlanmışdır”. (Ali-İmran, 188)”.
əl-Buxari, 4567; Muslim, 2777, 4981.
Alqamə ibn Vəqqas rəvayət edir ki, bir dəfə Mərvan ibn Həkəm qapıda duran gözətçilərdən birinə: “Ey Rafi, get, İbn Abbasdan soruş ki, törətdikləri əməllərdən fərəhlənən və etmədikləri işlərə görə tərif olunmağı xoşlayan hər bir kəsə əzab veriləcəkmi?” İbn Abbas (Allah ondan razı olsun) dedi: “Bu ayənin sizə nə aidiyyəti var ki?! İş burasındadır ki, Peyğəmbər - salləllahu aleyhi və səlləm - bir dəstə yəhudini çağırıb onlardan bir məsələ barəsində soruşduqda, onlar həqiqəti gizlədib, ona başqa cavabı verdilər. Onlar belə cavab verməklə tərif olunmaq istədilər, həm də həqiqəti gizlətdiklərinə görə sevindilər”. Sonra İbn Abbas (Allah ondan razı olsun) bu ayələri oxudu: “O zaman Allah Kitab verilənlərlə əhd bağlayıb: "Siz o Kitabı mütləq insanlara aydınlaşdıracaqsınız və onu gizlətməyəcəksiniz!"– deyə buyurdu. Onlar isə bu əhdi qulaqardına vurub onu ucuz qiymətə satdılar. Onların bu alveri necə də pisdir! Törətdikləri əməllərdən fərəhlənən və etmədikləri işlərə görə tərif olunmağı xoşlayan kimsələrin əzabdan qurtulacaqlarını əsla güman etmə. Onlara acılı-ağrılı bir əzab hazırlanmışdır”. (Ali-İmran, 187-188)”.
əl-Buxari, 4568; Muslim, 2778; əl-Bəğavi “Təfsir” 1/553, 2/150; əl-Qurtubi “Təfsir” 4/306; ət-Tirmizi, 3014; əl-Hakim, 3171.
İbn Həcər əl-Asqalani (Allah ona rəhm etsin) demişdir: “Bu ayənin məhz Kitab Əhlinə aid edilməsinin mənası yoxdur. Belə ki, ayənin ümumi mənası etdikləri əməllərə görə sevinən və görmədikləri işlərə görə tərif olunmağı sevən hər bir kimsəyə aid edilir”. (İbn Həcər “Fəthul-Bari” 9/302).