Allahın "əl-Mu'ti" və "əl-Məniu" adlarının mənası

    03.10.2018

əl-Mu’ti sözü bəxş edən, əl-Məniu sözü isə qarşısını alan, həmçinin, qoruyan, yardım edən deməkdir. Allahın əl-Mu'ti və əl-Məniu adları Peyğəmbərin səhih hədislərində zikr edilir. Rəvayət edilir ki, Muğira İbn Şöbə demişdir:  "Rəsulullah - ona və ailəsinə Allahın salavatı və salamı olsun - hər fərz namazından sonra belə deyərdi: "Allahdan başqa həqiqi ilah yoxdur. O təkdir, Onun heç bir şəriki yoxdur. Mülk Onundur və Həmd yalnız Onadır. O, hər şeyə Qadirdir. Allahım! Sənin verdiyinin qarşısını alacaq, qarşısını aldığını da verəcək kimsə yoxdur. Heç bir hörmət sahibinə Sənin yanında hörməti fayda verməz". (Səhih əl-Buxari, 744).
əl-Mu'ti və əl-Məniu olan Allah bəndələrinə Öz mərhəməti sayəsində nemət bəxş edən, onun qarşısını isə Öz hikməti ilə alandır. Onun verdiyinin qarşısını almağa, qarşısını aldığını da verməyə kimsə qadir olmaz. O hər şeyə Qadirdir, Müdrikdir. Uca Allah buyurur:
"Allah insanlara mərhəmətindən nəyi nəsib edərsə, heç kəs onun qarşısını ala bilməz. Onun göndərmədiyi bir şeyi də Ondan başqa heç kəs verə bilməz. O, Qüdrətlidir, Müdrikdir". (Fatir, 2).

 

Paylaş: