Ən böyük günah hansıdır?

    17.03.2014

      Hər bir müsəlman böyük günahları bilməlidir ki, onlardan çəkinə bilsin. Yoxsa, özü də bilmədən böyük bir günaha batır, hətta bəziləri küfrə yol verir və bu əməlin ona savab qazandıracağını güman edir. Rəvayət edilir ki, bir gün Rəsulullah səhabələrindən: “Sizə günahların ən böyüyü barədə xəbər verimmi?” – deyə soruşdu. Səhabələr: “Bəli, ya Rəsulallah!”– deyə cavab verdilər. Rəsulullah dedi: “Allaha şərik qoşmaq və valideynlərin üzünə ağ olmaqdır”– dedi. Bunu deyəndə o dirsəklənmişdi; sonra qalxıb oturdu və: “yalandan şahidlik etmək və ya yalan söz danışmaqdır” – dedi. O bunu dalbadal o qədər təkrar etdi ki, biz bir-birimizə: “Nə olaydı, susaydı!” – dedik.” (əl-Buxari, 6521).

Allaha şərik qoşmaq

Allaha şərik qoşmaq ən böyük günahdır. Uca Allah buyurur: “Şübhəsiz ki, Allah Ona şərik qoşmağı bağışlamayacaq. Bundan başqa olan günahları isə istədiyi kimsəyə bağışlayacaqdır. Allaha şərik qoşan şəxs əlbəttə ki, dərin bir azğınlığa düşmüşdür” (ən-Nisa, 116). 
“Həqiqətən də, Allaha şərik qoşan kimsəyə, Allah Cənnəti haram etmişdir və onun sığınacağı yer Oddur. Zalımlara kömək edən olmayacaqdır” (əl-Maidə, 72). 
Peyğəmbər demişdir: “Kim Allaha şərik qoşub ölərsə, Cəhənnəmə girər” (Səhih əl-Buxari, 1238).

Valideynin üzünə ağ olmaq 

Bu hədisdə Allaha şərik qoşmağın ardınca valideynin üzünə ağ olmağın böyük günah olduğu qeyd edilir. Uca Allah Qurani Kərimdə yalnız Ona ibadət etməyi əmr etdikdən sonra valideyn haqqına toxunaraq buyurur: 
 “Allaha ibadət edin və heç bir şeyi Ona şərik qoşmayın! Valideynlərə də yaxşılıq edin!” (ən-Nisa, 36).
Peyğəmbər demişdir: “Zəlil oldu! Zəlil oldu! Zəlil oldu!” Səhabələr: “Kim, ya Rəsulallah?”– deyə soruşduqda, o demişdir: “Valideynləri, yaxud valideynlərindən biri qocalanadək onlarla yaşayıb, sonra da üzlərinə ağ olub Cəhənnəmə girən kimsə” (Ədəbul-Mufrəd, 21).

Yalan danışmaq

Həmçinin, bu hədisdə yalan danışmağın böyük günah olduğu qeyd olunur. Peyğəmbər demişdir: “Doğruluq adamı yaxşı işlər görməyə yönəldir. Yaxşı işlər isə adamı Cənnətə aparır. Həqiqətən, adam o qədər doğru danışır ki, nəhayət, Allah yanında doğruçu sayılır. Yalan isə adamı günah işlərə yönəldir. Günah işlər də adamı Cəhənnəmə aparır. Həqiqətən, adam o qədər yalan danışır ki, axırda Allah yanında yalançı sayılır” (Səhih əl-Buxari, 6094).

Paylaş: