Əbu Ləhəbin əlləri qurusun, qurudu da! (əl-Məsəd surəsi)

    17.03.2014

Mərhəmətli və Rəhmli Allahın adı ilə!
1. Əbu Ləhəbin əlləri qurusun, qurudu da!
2. Nə var-dövləti, nə də qazandıqları onu qurtara bilməyəcək.
3. O, alovlanan oda atılacaqdır.
4. Onun odun şələsi daşıyan arvadı da.
5. Arvadının boynunda xurma liflərindən kəndir olacaqdır.

əl-Məsəd (Xurma lifi) surəsinin izahı
Bu surənin nazil edilmə səbəbi haqqında İbn Abbas rəvayət edir ki, Uca Allah: "Ən yaxın qohumları­nı qorxut!" (əş-Şüəra, 214) ayəsini nazil etdikdən sonra Peyğəmbər - ona və ailəsinə Allahın salavatı və salamı olsun - Səfa dağına qalxıb: “Ey Fəhr oğulları! Ey Adiy oğulları!” – deyə­rək qohumlarını çağırdı. Qureyşlilər onun yanına toplandı. İmkan ta­pıb gələ bilməyənlərin hər biri öz tərəfindən bir nümayəndə göndərdi ki, hadisə barəsində ona xəbər versin. Beləliklə, Əbu Ləhəb başda olmaqla, qureyşlilər Peyğəmbərin yanına toplandı­lar. O dedi: “Əgər mən sizə desəm ki, bu vadidə bir dəstə atlı var və onlar sizə hücum etmək istəyir, mənə inanarsınızmı?” Onlar dedilər: “Bəli! Bu vaxta qədər səndən yalan eşitməmişik.” O dedi: “Həqiqə­tən, mən sizi Allahın əzabı ilə qorxudan bir peyğəmbərəm!” Əbu Ləhəb dedi: “Ölüm olsun sənə! Bizi buna görə bura yığmısan?” Uca Allah da bu ayələri nazil etdi. (Səhih əl-Buxari).

Əbu Ləhəbin əlləri qurusun, qurudu da! Nə var-dövləti, nə də qazandıqları onu qurtara bilməyəcək
Məşhur İslam alimi Sədi demişdir: “Əbu Ləhəb Peyğəmbərin əmisidir. O, Pey­ğəm­bərə nif­rət bəsləmiş, ona əziyyət vermiş­dir. Onun nə dini, imanı, nə də qohumluq əlaqələrini möhkəmləndirmək üçün canfəşan­lığı olmuşdur. Odur ki, Allah onu Qiyamət günü­nədək rüs­vay edən tənə ilə alçaldıb demişdir: “Əbu Ləhəbin əlləri qurusun, qurudu da!” O, ziyana uğradı, bədbəxt oldu və heç bir qazanc əldə edə bilmədi. Allahın əza­bına düçar olduqda isə haqsızlığa vadar edən mal-dövləti, qazandığı övlad və s. onu bu əzabdan qurtara bilməyə­cək.

O, alovlanan oda atılacaqdır. Onun odun şələsi daşıyan arvadı da. Arvadının boynunda xurma liflərindən kəndir olacaqdır
Əbu Ləhəb alovlu Cəhənnəm oduna girəcək. Bu od həm onu, həm də onun odun daşıyan arvadı Ummu Cəmil bint Hərbi hər tərəf­dən əhatə edəcək. O da Pey­ğəmbərə çox əziyyət­lər vermiş, günah işlər görməkdə və düşmənçilik etməkdə əri ilə əlbir olmuşdur. Bu qadın Allahın elçisinə bacardığı əziyyətləri verməklə kürə­yinə odun şələsi yığmaq üçün xurma ağa­cının liflərin­dən olan ipi boynunda gəzdi­rən odunçu kimi günahları öz boynuna yığırdı. Başqa təfsirə görə, o, Cəhənnəmdə əri yandırılan oda boy­nunda xurma ağa­cının liflərin­dən olan iplə odun daşıyacaq.
      Sədi deyir ki, bu surədə Allahın möcüzələrindən biri açıq-aydın göstərilir. Belə ki, Uca Allah bu surəni Əbu Ləhəb və onun arvadı hələ sağ ikən na­zil etmiş və onlara Cəhənnəmdə əzab çəkəcəkləri barədə xəbər ver­mişdir. Buna səbəb isə onların İslam dinini inkar etməsi olmuşdur. Həqiqətən, qeybdə və aşkarda olanı Bilən Allah xəbər verdiyi kimi hər ikisi kafir olaraq həlak oldular.
 

Paylaş: