əl-Fatihə surəsi və fəziləti

    04.11.2018
Məkkə surəsidir[1], digər bir rəyə görə Mədinə[2] surəsidir. Başqa bir rəyə görə isə iki dəfə nazil olub, bir dəfə Məkkədə, bir dəfə də Mədinədə. Lakin, birinci rəy (Məkkədə nazil olması) daha doğrudur. Yekdil rəyə görə surə yeddi ayədən ibarətdir. Yalnız “bəsmələ”də[3] fikir ayrılığı var. Üç rəy mövcuddur: 1. “Bəsmələ” surənin əvvəlində sərbəst ayədir. Bu, Kufənin əksər qiraət alimlərindən məşhur olan rəydir. Həmçinin, bir çox səhabə, tabiin və bəzi müasirlərin rəyidir.
2. Ayənin bir hissəsidir.
3. Ümumiyyətlə surənin əvvəlindən sayılmır. Bu rəy Mədinənin qiraət ailimləri və fəqihlərinin rəyidir. Bu rəylərdən doğru olanının cavabı yerində gələcək, İn şəə Allah. Yalnız Ona arxayınıq.
əl-Buxari S “Təfsir” kitabının əvvəlində deyir: “Fatihə surəsi “Ummul-Kitab” - Kitabın anası - adlandırılmışdır, çünki Quran kitabı yazılarkən onunla başlanılır. Namaz da bu surəni oxumaqla başlanılır. Başqa bir rəyə görə bu surə məna baxımından bütün Quranı özündə cəm etdiyi üçün belə adlanmışdır.
İbn Cərir S deyir: “Ərəblər hər şeyi özündə cəm edən və tabe olanları ətrafında toplayan rəhbəri “Umm” – “ana” adlandırırlar. Məsələn, beyni özündə cəm edən qişaya (qabığa) “ummur-ras” - “başın anası” deyirlər. Həmçinin, qoşunun daşıdığı və ətrafında toplaşdığı bayrağı da “Umm” – “ana” adlandırırlar.
Bu surəyə,  həmçinin, “əl-Fatihə” - “Kitabı açan” surə də deyilir, çünki Quran oxunuşu bu surə ilə açılır. Səhabələr də Quran kitab halına salarkən bu surədən başlamışlar. Bu surənin “Səbul-Məsani” - “Yeddi təkrarlanan ayə” adlanması da doğrudur, çünki bu surə namazda təkrarlanır və hər rükətdə oxunur. Baxmayaraq ki, “Məsani” sözünün başqa mənası da var, Allahın izni ilə, bu məna lazımi yerində qeyd olunacaq.
İmam Əhmədin S Əbu Hureyradan t rəvayət etdiyi hədisdə Peyğəmbər r demişdir: “O (əl-Fatihə surəsi)  “Ummul-Quran”dır (Quranın anası), “Səbul-Məsani” (təkrarlanan yeddi ayə) və əl-Quranul-Aziym” (əzəmətli Qurandır)”.[4] Həmçinin, İbn Cərir S də buna bənzər hədis rəvayət etmişdir. əl-Hafiz Əbu Bəkr ibn Mərdaveyh S Əbu Hureyradan t rəvayət etdiyi hədisdə Peyğəmbər r demişdir: “Həmd olsun aləmlərin Rəbbi Allaha” surəsi yeddi ayədən ibarətdir. “Mərhəmətli və Rəhmli Allahın adı ilə!” birinci ayəsidir, o “Səbul-Məsani” (təkrarlanan yeddi ayə) və əl-Quranul-Aziym” (əzəmətli Qurandır), və  o “Ummul-Kitab” (Kitabın anası) və “Fatihətul-Kitab”dır (Kitabı açandır)”.[5] Həmçinin, əd-Daruqutni S Əbu Hureyradan t o da Peyğəmbərdən r bu hədisə bənzər və ya eynisini rəvayət etmiş və sonunda “hədisi rəvayət edənlərin hamısı etibarlı şəxslərdir”- demişdir. Həmçinin, əl-Beyhəqi S bu hədisi Əli, İbni Abbas və Əbu Hureyradan M rəvayət etmişdir və bu səhabələr Allahın U “təkrarlanan yeddi ayəni” (əl-Hicr, 87) Fatihə surəsi kimi təfsir etmiş və bu surənin yeddinci ayəsinin “bəsmələ” (“Mərhəmətli və Rəhmli Allahın adı ilə!”) olduğunu bildirmişlər.
 


 
فَضْلُ الْفَاتِحَةِ

Fatihə surəsinin  fəziləti

 
İmam Əhməd S Əbu Səid ibn əl-Muəlladan t rəvayət etdiyi hədisdə deyilir: “(Bir dəfə) mən məs­ciddə namaz qılırdım və Peyğəmbər r məni çağırdı, lakin mən namazımı bitirənədək ona cavab ver­mə­­dim. Namazı­mı bitirdikdən sonra gəldim və Peyğəmbər r dedi: “Səni çağırarkən gəlməyinə nə mane oldu?”. Mən dedim: “Ey Allahın Elçisi, mən namaz qı­lır­dım!” Pey­ğəm­bər r buyurdu: “Məgər Allah: “Pey­ğəmbər si­zi, həyat ve­rə­cək şey­lərə çağırdığı za­man Allahın və Onun Peyğəmbərinin çağı­rı­şına cavab verin” (əl-Ənfal, 24) - deyə buyurma­yıbmı?” Sonra o mənə dedi: “Məs­ciddən çıxmazdan əvvəl sənə Quranda olan ən əzəmətli surəni öyrədəcəyəm!” (Bir müd­dətdən) sonra Peyğəm­bər r mənim əlimdən tutub məsciddən çıxmaq is­təyəndə dedim: “Ey Allahın Elçisi, sən dedin ki: “Məs­ciddən çıxmazdan əvvəl sə­nə Quranda olan ən əzəmətli surəni öyrədəcəyəm?!” O buyurdu: “Bəli, “Həmd olsun aləmlərin Rəbbi Allaha...” (əl-Fatihə, 2). Bu, yalnız mənə verilmiş təkrarlanan yeddi ayə (Səbul-Məsani) və əzəmətli Qurandır (əl-Quranul-Aziym)”.[6] Hədisi əl-Buxari, Əbu Davud, ən-Nəsai və İbni Məca rəvayət etmişlər. Həmçinin, əl-Vaqidi buna bənzər hədisi Əbu Səid ibn əl-Muəlladan t o da Ubey ibn Kəabdan t rəvayət etmişdir.
İmam Malik ibn Ənəsin S “əl-Muvatta” kitabında qeyd edilməsi vacib olan bir rəvayət vardır ki, Malik ibn Ənəs bu hədisi əl-Alə ibn Abdur-Rahmən ibn Yaqub əl-Huraqidən, o da Amir ibn Kureyzin azad etdiyi köləsi Əbu Səiddən rəvayət etmişdir ki, bir dəfə Peyğəm­bər r Ubey ibn Kəabi t məsciddə namaz qılarkən çağırdı, Ubey t namazı bitirdikdən sonra Peyğəm­bərə r çatdı. Ubey t deyir: “Peyğəm­bər r məsciddən çıxmaq istərkən əlini mənim əlimin üstünə qoyub dedi: “İstəyirəm, məscidin qapısından çıxmamış nə Tövratda, nə İncildə, nə də Furqanda (Quranda) onun kimisi nazil olmamış bir surəni biləsən”. Ubey deyir: “Bu surəni öyrənmək istəyi ilə asta yerişlə getməyə başladım. Sonra dedim: “Ey Allahın Elçisi, mənə vəd etdiyin surə hansıdır?” Peyğəmbər r dedi: “Namaza başlarkən hansı surəni oxuyursan?” Ubey deyir: Mən Peyğəmbərə r “Həmd olsun aləmlərin Rəbbi Allaha...” ayəsindən surənin sonuna kimi oxudum. Peyğəmbər r dedi: “Sənə dediyim surə budur, bu, yalnız mənə verilmiş təkrarlanan yeddi ayə (Səbul-Məsani) və əzəmətli Qurandır (əl-Quranul-Aziym)”.[7] Bu hədisi rəvayət edən Əbu Səid, İbn Əsirin “Cəmiul-Usul” kitabında olan və onun davamçılarının düşündüyü Əbu Səid ibn əl-Muəlla deyil. Əbu Səid ibn əl-Muəlla ənsarlardan olan səhabədir.[8] Bu hədisi rəvayət edən Əbu Səid tabiindir.[9] Xuzaə qəbiləsinin azad etdiyi qullardan biridir. O biri (birinci hədis) muttəsil[10] səhih hədisdir. Burada isə Əbu Səid Ubey ibn Kəabdan t eşitməyibsə, hədisin zahiri munqati[11] hədisdir. Əgər eşidibsə, onda hədis Muslimin şərtinə uyğundur.[12] Ən doğrusunu Allah bilir!
Həmçinin, bu hədis Ubey ibn Kəabdan t digər formalarda da rəvayət olunub. Necə ki, İmam Əhmədin S Əbu Hureyradan t rəvayət etdiyi hədisdə deyilir: “Ubey İbn Kəab t məsciddə namaz qılarkən Peyğəmbər r onun yanına gəlib dedi: “Ey Ubey!” Ubey t Peyğəmbərə r tərəf çevrildi, amma cavab vermədi. Sonra Ubey t namazına davam etdi və namazı qısaldıb  Peyğəmbərin r yanına gəlib dedi: “Sənə salam olsun, ey Allahın Elçisi!” Peyğəmbər r dedi: “Sənə də salam olsun!, ey Ubey səni çağırdığım zaman mənə cavab verməməyinə nə mane oldu?” Ubey t dedi: “Ey Allahın Elçisi, namazda idim”. Peyğəmbər r dedi: “Məgər sən Allahın mənə vəhy etdiyi Quranda “Pey­ğəmbər si­zi, həyat ve­rə­cək şey­lərə çağırdığı za­man Allahın və Onun Peyğəmbərinin çağı­rı­şına cavab verin” (əl-Ənfal, 24) – ayəsini bilmirsənmi?” Ubey t dedi: “Bəli, bilirəm, ey Allahın Elçisi, bir də belə etmərəm”. Peyğəmbər r dedi: “İstəyisən sənə elə bir surə öyrədim ki, nə Tövratda, nə Zəburda, nə İncildə, nə də Quranda onun kimisi nazil olmayıb”. Mən: “Bəli, ey Allahın Elçisi”- dedim. Peyğəmbər r buyurdu: “Ümid edirəm ki, bu qapıdan çıxmamış o surəni biləcəksən”. Ubey t dedi: “Peyğəmbər r mənim əlimdən tutaraq söhbət etməyə başladı. Mən söhbətimiz bitməmiş qapıya çatmaqdan qorxduğum üçün asta yeriməyə başladım. Qapıya yaxınlaşdıqda dedim: “Ey Allahın Elçisi, mənə vəd etdiyin surə hansıdır?” Peyğəmbər r dedi: “Namazda necə oxuyursan?”- dedi. Mən də ona Ummul-Quranı oxudum. Peyğəmbər r dedi: “Canım əlində olana and olsun ki, Allah nə Tövratda, nə Zəburda, nə İncildə, nə də Quranda onun kimisini nazil etməyib. O, Səbul-Məsanidir (təkrarlanan yeddi ayədir)”.[13] Hədisi, həmçinin, ət-Tirmizi: “Bu, yalnız mənə verilmiş təkrarlanan yeddi ayə (Səbul-Məsani) və əzəmətli Qurandır (əl-Quranul-Aziym)” mətni ilə rəvayət etmişdir. Sonunda isə “hədis həsən-səhihdir” demişdir. Bu mövzuda[14] Ənəs ibn Məlikdən t də hədis var. Həmçinin, Abdullah ibn Əhməd S Əbu Hureyradan t, o da Ubey ibn Kəabdan t bu hədisin oxşarını daha ətraflı şəkildə rəvayət etmişdir.[15] ət-Tirmizi və ən-Nəsai hədisi Əbu Hureyradan t, o da Ubey ibn Kəabdan t Peyğəmbərin r belə dediyini rəvayət edirlər: “Allah nə Tövratda, nə də İncildə “Ummul-Quran” kimi surə nazil etməmişdir. O, təkrarlanan yeddi ayədir (Səbul-Məsani). O mənimlə qulum arasında bölünmüşdür”. Bu ən-Nəsainin rəvayət etdiyi mətndir. ət-Tirmizi hədisə “həsən ğarib” demişdir.[16]
İmam Əhməd S Abdullah ibn Cabirdən t rəvayət edir ki, bir dəfə Peyğəmbər r dəstəmaz alarkən onun yanına gəldim və: “Sənə salam olsun, ey Allahın Elçisi!”- dedim. Peyğəmbər r mənə cavab vermədi. Mən bir daha:  “Sənə salam olsun, ey Allahın Elçisi!”- dedim və o yenə mənə cavab vermədi. Mən bir daha: “Sənə salam olsun, ey Allahın Elçisi!”- dedim və o, yenə mənə cavab vermədi. Peyğəmbər r gedib evinə daxil oldu. Mən də arxasınca gedərək məscidə daxil oldum. Məyus və qəmgin halda bir tərəfdə oturdum. Peyğəmbər r dəstəmazlı halda evindən çıxıb mənim yanıma gəldi və dedi: “Sənə də Allahın salamı və rəhməti olsun, sənə də Allahın salamı və rəhməti olsun, sənə də Allahın salamı və rəhməti olsun!” Sonra dedi: “Ey Abdullah ibn Cabir, sənə Quranda ən xeyirli surənin hansı olduğunu deyimmi?” Mən: “Bəli, ey Allahın Elçisi”- dedim. Peyğəmbər r dedi: “Həmd olsun aləmlərin Rəbbi Allaha...” (əl-Fatihə, 1) ayəsindən surənin sonuna kimi oxu!”[17] Hədis yaxşı sənədə malikdir.
Abdullah ibn Cabir t səhabədir. İbnul-Covzi S onun nəsəbinin əl-Abdi olduğunu qeyd edib. Ən doğrusunu Allah bilir! əl-Hafiz ibn Əsakirdən  rəvayət olunur ki, o Abdullah ibn Cabir əl-Ənsari əl-Bəyadidir.[18]
Bir çox alimlər bildirmişlər ki, bu və buna bənzər hədislər dəlalət edir ki, Quranın bəzi ayə və surələri digərlərindən üstün ola bilər. Bu alimlərdən: İshaq ibn Rahaveyh, Əbu Bəkr ibn əl-Arabi, maliki alimlərindən İbn əl-Qassar. Digər alimlər isə ayə və surələr arasında üstünlük olmadığını bildirmişlər, çünki hamısı Allahın kəlamıdır və Allahın kəlamlarının hamısı üstün olduğu halda ayə və surələr arasında üstünlüyün olmasını demək üstün tutulmayan ayələrin naqisliyi anlamına gələ bilər. əl-Qurtubi bu rəyi əl-Əşaridən, Əbu Bəkr əl-Bəqillənidən, İbn Hibbandan, Yəhyə ibn Yəhyədən və İmam Malikdən gələn rəylərdən biri olduğunu nəql etmişdir.
əl-Buxari S Əbu Səid əl-Xudridən t rəvayət edir ki, (bir dəfə) səfərə yola düşmüşdük və bir yerdə dayanmalı olduq. (Qonşu qəbilədən) bir cariyə gəlib dedi: “Qəbilə başçımızı (əqrəb) sancmış­dır və adamlarımız burada deyillər. İçinizdən ruqyə[19] oxuya bilən varmı?” İçimizdən əvvəllər heç vaxt ruqyə oxuduğunu bilmədiyimiz biri qalxıb onunla getdi. (Qəbilə başçısına) ruqyə oxudu və o, sağaldı. (Bunun müqabilində) ona otuz qoyun verdi. Qayıtdıqdan sonra ona dedik: “Sən ruqyə oxuya bilirsənmi və ya əvvəllər ruqya oxumusanmı?” O: “Xeyr! Mən yalnız “Ummul-Kitabı” oxumaqla ruqyə etdim”- dedi. Biz: “Peyğəmbərin r yanına gedib hadi­səni ona danışmayınca və ya ondan soruşmayınca, heç (bir şey) etməyin!”– deyə etiraz etdik. Mədinəyə gəlib hadisəni Peyğəmbərə r danışdıqda, o dedi: “O nə bilirdi ki, bu,[20] ruqyədir? (Qoyunları) bölüş­dürün və özünüzlə yanaşı mə­nim üçün də bir pay ayırın”.[21] Hədisi Muslim və Əbu Davud rəvayət etmişlər.[22] Bu hədəsin Muslimdəki bəzi rəvayətlərinə görə (əqrəb) sancan qəbilə başçısına ruqyə oxuyan Əbu Səidin özü olmuşdur. Ərəblər (ilan və ya əqrəb) sancan adamı nikbinlik baxımından “səlim” yəni “salamat” adlandırırdılar.
İmam Muslim “Səhih” və ən-Nəsai “Sünən” kitabında rəvayət etdikləri hədisdə Abdullah ibn Abbas t demişdir: “Bir dəfə Cəbrail Peyğəmbərin r yanında ikən birdən göydən səs eşitdi. Cəbrail başını qaldırıb göyə baxdı və dedi: “Bu, göydə olan bir qapıdır, o, bu gün açıldı. (Bundan əvvəl) heç vaxt açılmayıb, yalnız bu gün açıldı”. Göydən bir mələk enib Peyğəmbərin r yanına gəldi və dedi: “Səndən əvvəl heç bir Peyğəmbərə verilməyən və yalnız sənə verilən iki nura görə sevin! (Bu iki nur:) Fətihətul-Kitab (Kitabı açan surə) və əl-Bəqərə surəsinin son ayələridir. Onlardan oxuduğun hər bir hərf yalnız sənə verilmişdir”.[23] Hədisin bu mətni ən-Nəsaidəndir.[24]
İmam Muslim S Əbu Hureyradan t rəvayət etdiyi hədisdə Peyğəmbər r demişdir: “Namaz qılarkən əl-Fatihə surəsinin oxumayanın namazı naqisdir”- bunu üç dəfə təkrar etdi – yəni, tam deyil”. Əbu Hureyradan t soruşdular: “Biz (səsli namazlarda) imamın arxasında olarkən nə edək?” O dedi: “Öz-özlüyündə oxu! Həqiqətən, mən Peyğəmbərin r belə dediyini eşitmişəm: “Allah U buyurur: “Mən namazı Özümlə qulum arasında iki qismə böldüm. Yarısı Mənim, yarısı isə onundur. Qulum dilə­diyini alacaqdır”. Qul: “Əlhəmdulilləhi Rabbil-Aləmin!”- (Həmd olsun aləmlərin Rəbbi Allaha!) - dedikdə, Allah: “Qulum Məni həmd-səna ilə təqdis etdi”- deyir. O: “ər-Rahmənir-Rahim”- (Mərhəmətli və Rəhmliyə) - dedikdə, Allah: “Qulum Məni təriflədi”- deyir. O: “Məliki yəuvmiddin”- (Haqq-hesab gününün Hökm­darına!) - dedikdə, Allah: “Qulum Məni mədh etdi” və ya “Mənə arxayın oldu”- deyir. O: “İyyəkə nəabudu və iyyəkə nəstəin”- (Biz yalnız Sənə ibadət edir və yalnız Səndən kömək diləyirik) – de­dikdə, Allah buyurur: “Bu, Mənimlə qulum arasındadır. O, dilə­diyini alacaq”. O: “İhdinəs-sıratal-mustəqim, sıratalləzinə ən amtə aleyhim, ğeyril-məğdubi aleyhim valəddallin!”- (Bizi doğru yola, nemət bəxş etdiyin şəxslərin yoluna yönəlt, qəzəbə uğramışların və azmışların yoluna yox) - dedikdə, Allah buyurur: “Bu, quluma məxsusdur və o, dilədiyini alacaq!”[25]


 

Daha sonra, hədisdə əl-Fatihə surəsinin hökmü ilə əlaqəli bir neçə məsələ var:

 
Birinci məsələ: Hədisdə “namaz” sözü keçir. “Namaz” dedikdə, namazda qiraət (Quran oxumaq) nəzərdə tutulur. Necə ki, Allah U buyurur: “Namazını nə uca səslə, nə də pıçıltı ilə qıl. Bunların arasında orta bir yol tut” (əl-İsra, 110). Yəni, “namazın qiraətini”. Necə ki, əs-Səhihdə Abdullah ibn Abbassdan N bu məna açıq-aydın şəkildə rəvayət edilmişdir. Bu hədisdə də belə deyilir: “Mən namazı Özümlə qulum arasında iki qismə böldüm. Yarısı Mənim, yarısı isə onundur. Qulum dilə­diyini alacaqdır”. Sonra əl-Fatihə surəsinin oxunuşunda bu bölgünün üstünlüyü bildirildi. Bu da qiraətin namazda nə qədər böyük yer tutmasına və namazın ən böyük rüknü olmasına dəlalət edir. Belə ki, ibadətin (namazın) bir hissəsi olan qiraət, ibadətin adı ilə (namaz) adlandırılmışdır. Necə ki, bu ayədə qiraət deyilməklə namaz nəzərdə tutulur: “və sübh çağı Quran oxu (fəcr namazını da qıl)! Çünki sübh çağı oxunan Quranın şahidləri olur” (əl-İsra, 87). Ayədə sübh namazı nəzərdə tutulur. Bu, əl-Buxari və Muslimin rəvayət etdikləri hədisdə açıq-aydın bildirilir ki, “gecə mələkləri ilə gündüz mələkləri sübh namazında bir yerə toplaşırlar”. Bu şeylərin hamısı namazda qiraətin (Quran oxumağın) vacibliyinə dəlalət edir və bu alimlər arasında yekdilliklə qəbul olunmuşdur.
İkinci məsələ: Alimlər bir məsələdə fikir ayrılığına düşmüşlər ki, bu da, namazın qiraətində xüsusən əl-Fatihə surəsini oxumaq vacibdir, yoxsa əvəzinə digər surəni oxumaq olar? Bu məsələdə alimlərdən iki məşhur rəy var: Birinci rəy: Əbu Hənifə və onunla həmrəy olan alimlərin mövqeyidir ki, namazda xüsusi olaraq əl-Fatihə surəsini oxumaq vacib deyil, əksinə, Qurandan istənilən surəni oxumaq namazın düzgünlüyü üçün yetərlidir. Buna dəlil isə Allahın U bu ayəsinin ümumi mənasıdır: “Qurandan sizə asan gələni oxuyun!” (əl-Muzzəmmil, 20). Həmçinin, əl-Buxari və Muslim Əbu Hureyradan t rəvayət etdikləri namazda səhv edənin hadisəsində Peyğəmbər r həmin adama belə deyir: “Namaza duranda “Allahu Əkbər” de, sonra Qurandan sənə asan gələni oxu”. Peyğəmbər r ona Qurandan asan gələni oxumağı əmr etdi, namazda oxumağa əl-Fatihəni və ya digər bir surəni xüsusiləşdirmədi və bu da dediyimiz rəyə dəlalət edir. İkinci rəy: Namazda əl-Fatihə surəsini oxumaq vacibdir və onsuz namaz düzgün sayılmır. Bu rəy qalan məzhəb imamlarının; Malik, əş-Şafii, Əhməd ibn Hənbəl və onların ardıcıllarının, habelə cumhur (əksər) alimlərin rəyidir. Bu rəydə olanların dəlili əvvəl qeyd etdiyimiz hədisdir. Belə ki, Peyğəmbər r bu hədisdə deyir: “Namaz qılarkən əl-Fatihə surəsini oxumayanın namazı naqisdir”.[26] Hədisdə “naqis” sözü “tam deyil” kimi açıqlanır. Həmçinin, bu rəydə olanlar ”İki Səhih” kitabda (əl-Buxari və Muslim) olan Ubadə ibn Samitin t Peyğəmbərdən r rəvayət etdiyi “əl-Fatihəni oxu­mayanın namazı qəbul deyil!”[27] hədisini və Səhih İbn Xuzeymə və Səhih İbn Hibbanda olan Əbu Hureyranın t Peyğəmbərdən r rəvayət etdiyi “Ummul-Quranı (Quranın anası) oxu­mayanın namazı qəbul deyil!” hədisini dəlil gətirirlər. Bu mövzuda hədislər çoxdur.
Daha sonra, İmam əş-Şafii və bir çox alimlərə görə əl-Fatihə surəsi namazın hər rükətində oxunmalıdır. Digər bir qrup alimlərə görə isə namazın rükətlərinin əksəriyyətində oxunmalıdır. əl-Həsənə və Bəsrə alimlərinin çoxuna görə isə “əl-Fatihəni oxu­mayanın namazı qəbul deyil!” hədisinin zahirinə əsasən namazın yalnız bir rükətində oxumaq kifayətdir.
Əbu Hənifə və onun ardıcılları, əs-Sovri və əl-Əvzai demişlər: “Uca Allahın: “Qurandan sizə asan gələni oxuyun!” (əl-Muzzəmmil, 20) ayəsinə əsasən namazda əl-Fatihə surəsinin oxunması vacib deyil, onun əvəzinə başqa bir surə oxusa namazı düzgündür. Ən doğrusunu Allah bilir! İbni Məcə Əbu Səiddən t, onun da Peyğəmbərdən r rəvayət etdiyi hədisdə deyilir: “Hər rükətdə əl-Həmd və hər hansı bir surə oxu­mayanın namazı qəbul deyildir. İstər fərz olsun, istərsə də nafilə!” Lakin bu hədisin səhihliyi şübhəlidir. Üçüncü məsələ: İmamın arxasında duranların əl-Fatihə surəsini oxuması vacibdirmi? Bu məsələdə alimlərdən üç rəy var: Birinci rəy: Ötən hədislərin ümumi mənasına əsasən imamın namazda əl-Fatihə surəsini oxuması vacib olduğu kimi, imamın arxasında duranların da əl-Fatihə surəsini oxuması vacibdir. İkinci rəy: İmamın arxasında duranların nə əl-Fatihə surəsini, nə də başqa bir surəni bütünlüklə oxuması vacib deyil. Fərq etməz, istər səsli namazlarda olsun, istərsə də səssiz namazlarda. Buna dəlil İmam Əhmədin Cabir ibn Abdullahdan t onun da Peyğəmbərdən r rəvayət etdiyi hədisdir: “İmama tabe olan kəs üçün imamın qiraəti onun da qiraəti sayılır”. Lakin hədisin sənədində zəiflik var. Bu hədisi İmam Malik Vahb ibn Keysandan Cabirin öz sözü kimi rəvayət etmişdir. Bu hədis bir neçə yolla Peyğəmbərdən r rəvayət olunur,  lakin heç biri səhih deyil. Ən doğrusunu Allah bilir! Üçüncü rəy: Ötən hədislərə əsasən səssiz namazlarda imamın arxasında duranlara əl-Fatihə surəsini oxumaq vacibdir, səsli namazlarda isə vacib deyil. Buna dəlil Səhih Muslimdə Əbu Musa əl-Əşaridən t rəvayət olunan hədisdə Peyğəmbər r deyir: “İmam (arxasında) namaz qılanlar ona tabe olunması üçün təyin olunmuşdur. O, təkbir etdikdə, siz də təkbir edin. O, Quran oxuduqda, siz susun...”[28] sonra hədisin qalan hissəsini qeyd etdi. Həmçinin, Əbu Davud, ət-Tirmizi, ən-Nəsai və İbni Məcə də Əbu Hureyradan t Peyğəmbərin r: “o, Quran oxuduqda, siz susun ...”[29] dediyini rəvayət etmişlər. Muslim ibn Həccəc bu hədisin də səhih olduğunu bildirmişdir. Bu iki hədis bu rəyin doğru olduğunu bildirir. Bu rəy İmam əş-Şafiinin köhnə rəyi və İmam Əhməddən rəvayət olunan rəylərdən biridir. əl-Hafiz Əbu Bəkr əl-Bəzzər Ənəsdən t rəvayət etdikləri hədisdə Peyğəmbər r deyir: “Böyrünü yatağa qoyduğun zaman Kitabı açan surəni (Fatihətul-Kitab) və “De: “O Allah Təkdir!” surəsini oxusan ölümdən başqa hər şeydən əmin ola bilərsən”.[30]

 
[1] Məkkə surələri Peyğəmbərin r Mədinəyə hicrətindən əvvəl nazil olmuş surələrdir.
[2] Mədinə surələri hicrətdən sonra nazil olan surələridir.
[3] “Bəsmələ”-“Bismilləhir-Rahmənir-Rahim” - “Mərhəmətli və Rəhmli Allahın adı ilə” sözünün qısaldılmış formasıdır.
[4] Əhməd, 9787. Hədis səhihdir. Bax; Sahih əl-Cəmi, 1394.
[5] əl-Beyhəqi “Sunənul-Kubra” 2218, 4126, “Sunənus-Suğra” 275; ət-Tabərani “Mucəmul-Kəbir” 1288, “Mucəmul-Əvsat” 5102.
[6] Əhməd, 17784, 18005; əl-Buxari, 4474.
[7] Malik, 186, 222, 224; əl-Hakim, 2049.
[8] Səhabə – Peyğəmbərin r dövründə yaşayıb, Peyğəmbəri r görən, Ona iman gətirən və mömin olaraq ölən kəslərdir.
[9] Tabiinlər – səhabələrdən sonra gələn nəsildir (tərcüməçi).
[10] Muttəsil hədis – sənədində heç bir arakəsmə olmayan, raviləri biri-birinə bağlı olan hədisə deyilir (tərcüməçi).
[11] Munqati hədis - sənədində arakəsmə olan, raviləri biri-birinə bağlı olmayan hədisə deyilir (tərcüməçi).
[12] Hədis mətnində az dəyişikliklər olmaqla “əl-Muvatta”, səh. 87-dədir. Həmçinin, bax: Cəmiul-Usul, 6225.
[13] İmam Əhməd “əl-Musnəd” 9334, 2/412. Hələb çapı. Buradakı sənədinə əsasən hədis səhihdir.
[14] Yəni, əl-Fatihə surəsinin fəziləti.
[15] İmam Əhməd “əl-Musnəd” 5/114-115. Hələb çapı.
[16] ən-Nəsəi, 914, 922. Hədis səhihdir. Bax; “Səhih əl-Cəmi” 5560.
[17] İmam Əhməd “əl-Musnəd” 17673, 4/177. Hələb çapı.
[18] əl-Hafiz ibn Həcər “ət-Təcil” kitabında səh. 216-da onun əl-Bəyadi əl-Ənsari olduğunu bildirmişdir. Qeyd etmişdir ki, əl-Abdi isə başqa hədis rəvayət etmişdir və onun adının Abdur-Rahmən olduğu deyilir.
[19] Ruqyə - hərfi tərcümədə “ovsun” deməkdir. Lakin burada ovsun deyildikdə sehr, cadu-pitik deyil, əksinə, əl-Fatihə surəsi və s. bu kimi mübarək sözlərlə – Allahın Kəlamı və ya Peyğəmbərin r dua­ları vasitəsilə xəstəni müalicə etmək nəzərdə tutulur.
[20] Burada “əl-Fatihə” surəsi qəsd edilir.
[21] Fəthul-Bari (9/49), hədisin "مَا كُنَّا نَأْبِنُهُ بِرُقيَةٍ" hissəsinin mənası barədə İbn əl-Əsir S deyir: “Yəni, biz onun ruqyə oxuduğunu bilmirdik ki, onu məzəmmət edək”. Ərəblərdə أَبَنَهُ – يَأبَنَهُ feli kimisə pis xislətinə görə qınamaq deməkdir.
[22] əl-Buxari, 2276, 5007, 5736; Muslim, 4080.
[23] ən-Nəsəi, 451, 912. Hədis səhihdir. Bax; “Səhih Tərğib vət-Tərhib” 1456.
[24] ən-Nəsai (1/45), yalnız hədisin sonunda أُوتِيتَهُ “sənə verilib” feli əvəzinə sinonimi olan أُعْطِيتَهُ feli gəlib. Muslimin rəvayəti isə “Səhih Muslim” (1/222), hədisi bu təfsilatı ilə İmam Əhmədin “Musnəd” kitabında tapmadım. (Əhməd Şakir).
[25] Səhih Muslim (1/116), ən-Nəsai (1/144-145), həmçinin hədisi İmam Malik “əl-Muvatta” əsərində, səh. 84-85, İmam Əhməd “əl-Musnəd” əsərində (7289 və 8400 – cü hədislər) və ət-Tabəri (221-223) müxtəsər formada rəvayət etmişlər.
[26] Muslim, 598, 904.
[27] əl-Buxari, 714, 756.
[28] Əhməd, 9428. Hədis səhihdir. Bax; “Səhih əl-Cəmi” 2358.
[29] ən-Nəsəi, 921; İbn Məcə, 846. Hədis səhihdir. Bax; “Mişkətul-Məsabih” 857.
[30] Hədis “Məcməuz-Zəvaid” (10/121) kitabındadır. Müəllif demişdir: “Hədisi əl-Bəzzər rəvayət etmişdir. Hədisin sənədində Ğassən ibn Ubeyd var və o zəifdir. İbn Hibbən isə onu tərifləmişdir. Sənədin digər raviləri isə əs-Səhih kitabının raviləridir”. Mən deyirəm: “Ğassən ibn Ubeyd əl-Movsili “Lisən əl-Mizən” kitabında adı keçir və qeyd olunur ki, onu İmam Əhməd və əl-Buxari zəif görmüşlər. Yəhyə ibn Məin onun barəsində tərif və zəiflik bildirməklə iki müxtəlif rəy bildirmişdir. Lakin açıq-aydın bildirmişdir ki, o “yalançılardan deyildi”. Həmçinin, İbni Əbi Hətim “əl-Cərh və ət-Təadil” kitabında (3/2/51) onun tərcümeyi-halını qeyd etmiş və onun barəsində zəifliyinə dəlalət edən heç bir şey deməmişdir. Bu da onun tərifinə dəlalət edən nişanədir”. (Əhməd Şakir). Hədis zəifdir. Bax; “Daiful-Cəmi” 722; “Silsilə əd-Daifə” 5062.