əl-Fatihə surəsinin təfsiri

    04.11.2018

İstiazə[1]:
Uca Allah buyurur:
 “Sən bağışlama yolunu tut, yaxşı iş görməyi əmr et və cahillərdən üz döndər. Əgər şeytandan sənə bir vəsvəsə gəlsə, Allaha sığın. Şübhəsiz ki, O, Eşidəndir, Biləndir” (əl-Əraf, 199-200).
 
 “Sən pisliyi yaxşılıqla dəf et. Biz onların aid etdikləri sifətləri daha yaxşı bilirik. De: “Ey Rəbbim! Şeytanların vəsvəsələrindən Sənə sığınıram! Onların mənə yaxınlaşmalarından Sənə sığınıram, ey Rəbbim!” (əl-Muminun, 96-98).
 
 “Yaxşılıqla pislik eyni ola bilməz. Sən pisliyi yaxşılıqla dəf et! O zaman səninlə ədavət aparan kimsə sanki yaxın bir dost olar. Bu isə ancaq səbir edənlərə verilir və ancaq böyük qismət sahiblərinə nəsib olur. Əgər sənə şeytandan bir vəsvəsə gəlsə, Allaha sığın. Çünki O, Eşidəndir, Biləndir”. (Fussilət, 34-36).
Bu üç ayədir və Quranda mənaca bu üç ayəyə oxşar dördüncü bir ayə yoxdur. Uca Allah bu üç ayədə insanlardan olan düşmənin rəğbətini qazanıb, ona yaxşılıq etməyi əmr edir ki, insanın əsl xisləti olan bu gözəl təbiəti sayəsində pis əməldən daşınıb səmimilik və dostluğa meyl etmiş olsun. Şeytanlardan olan düşmənindən isə mütləq Ona (Allaha) sığınmağı əmr edir. Çünki, bu düşmən insanın rəğbətini və yaxşılığını qəbul etmir və əvvəllər onunla Adəm arasında baş vermiş düşmənçilik səbəbindən yalnız Adəm övladının həlak olmasını istəyir. Uca Allah buyurur: “Ey Adəm oğulları! Şeytan, əcdadınızın ayıb yerlərini özlərinə göstərmək məqsədilə aldadaraq libaslarını soyundurub Cənnətdən çıxartdığı kimi, sizi də aldatmasın” (əl-Əraf, 27), başqa bir ayədə: “Şübhəsiz ki, şeytan sizin düşməninizdir, siz də onu düşmən sayın. O öz tərəfdarlarını Od sakini olmağa çağırır” (Fatir, 6), başqa bir ayədə isə: “Onlar sizin düşməniniz olduğu halda, siz Məni qoyub onu və onun nəslini özünüzə dostmu tutursunuz? Zalımlar üçün bu necə də yarıtmaz mübadilədir!” (əl-Kəhf, 50). Şeytan bir zamanlar atamız Adəmə "Şübhəsiz ki, mən sizin nəsihətçilərinizdənəm"– deyə yalandan and içmişdi. Şeytan (Allaha): “Sənin qüdrətinə and olsun ki, onların hamısını yoldan çıxaracağam. Təkcə Sənin seçilmiş ixlaslı qullarından başqa!” (Sad, 82-83) - dediyi halda və Uca Allahın da onun barəsində bizə: “Quran oxuduqda qovulmuş şeytandan Allaha sığın! Şübhəsiz ki, şeytanın, iman gətirib yalnız öz Rəbbinə təvəkkül edənlər üzərində heç bir hökmranlığı yoxdur” (ən-Nəhl, 98-99) - dediyi halda ondan bizə qarşı hansı münasibəti gözləmək olar?
Əksər alimlərin rəylərindən məşhur olan budur ki, şeytanın vəsvəsəsini dəf etmək üçün istiazə (“Əuzu billəhi minəş-şeytanir-racim” - Lənətlənmiş şeytanın şərindən Allaha sığınıram - demək) Quran oxunuşundan əvvəl olmalıdır. Uca Allahın: “Quran oxuduqda qovulmuş şeytandan Allaha sığın!”(ən-Nəhl, 98) ayəsinin mənası, yəni “Quran oxumaq istədikdə” deməkdir. Necə ki, (dəstəmaz ayəsində) “Namaza durarkən üzünüzü və dirsəklərə qədər əllərinizi yuyun...” (əl-Maidə, 6) deyilir, yəni “namaza durmaq istədikdə”. Peyğəmbərdən - salləllahu aleyhi və səlləm - bu mövzuda gələn hədislər də buna dəlalət edir. İmam Əhməd Əbu Səid əl-Xudridən rəvayət etdiyi hədisdə deyir: “Peyğəmbər - salləllahu aleyhi və səlləm - gecə yuxudan oyanıb namaz qılarkən təkbir edib (“Allahu Əkbər” deyib) açılış duasını deyərdi: “Allahım! Sən pak və müqəddəssən. Sənə həmd olsun. Sənin adın mübarək, əzəmətin ucadır. Səndən başqa haqq məbud yoxdur”, sonra üç dəfə “Lə iləhə illəllah” (Allahdan başqa haqq məbud yoxdur) deyər, sonra isə “Əuzu billəhi minəş-şeytanir-racim, min həmzihi və nəfxihi və nəfsihi” (Lənətlənmiş şeytandan, (ağlıma) xətər yetirməsindən, (köksümə üfürdüyü) təkəbbürlükdən  və (təlqin etdiyi batil) şerlərindən Allaha sığınıram) – deyərdi”.[2] Bu hədisi “Dörd Sünnə”[3] kitablarının müəllifləri rəvayət etmişlər. ət-Tirmizi bu hədis barədə: “O, bu mövzuda gələn ən məşhur hədisdir”- demiş və hədisdəki “həmz” sözünü “mutə”[4], yəni, boğulma xəstəliyi kimi, “nəfx” sözünü təkəbbürlük kimi, “nəfs” sözünü isə batil şer kimi izah etmişdir.
Həmçinin, Əbu Davud və İbni Məcənin rəvayət etdikləri hədisdə Cubeyr ibn Mutim (Allah ondan razı olsun) demişdir: “Allah Elçisinin - salləllahu aleyhi və səlləm - namaza daxil olarkən üç dəfə: “Allahu Əkbər Kəbiiran” (Allah Ən Böyükdür), üç dəfə: “Əlhəmdulilləhi Kəsiiran” (Allaha çox həmd olsun), üç dəfə: “Subhən-Allahi bukratən və asiylən” (Səhər-axşam Allahın şəninə tərif olsun!), sonra isə: “Allahummə inni əuzu bikə minəş-şeytan, min həmzihi və nəfxihi və nəfsihi” (Allahım şeytandan, (ağlıma) xətər yetirməsindən, (köksümə üfürdüyü) təkəbbürlükdən  və (təlqin etdiyi batil) şerlərindən Sənə sığınıram) - deyərdi. Amr ibn Murra deyir: “Həmzihi” - “mutə” (epilepsiya) xəstəliyi, “nəfxihi” – şeytanın insanın köksümə üfürdüyü təkəbbürlük, “nəfsihi” isə - batil şer deməkdir”.[5]
İbn Məcə Abdullah ibn Məsuddan (Allah ondan razı olsun) rəvayət etdiyi hədisdə Allah Elçisi - salləllahu aleyhi və səlləm - belə deyərdi: “Allahummə inni əuzu bikə minəş-şeytanir-racim va həmzihi və nəfxihi və nəfsihi” (Allahım, lənətlənmiş şeytandan, (ağlıma) xətər yetirməsindən, (köksümə üfürdüyü) təkəbbürlükdən  və (təlqin etdiyi batil) şerlərindən Sənə sığınıram!)". Abdullah ibn Məsud (Allah ondan razı olsun) deyir: “Həmzihi” - “mutə” (epilepsiya) xəstəliyi, “nəfsihi” - batil şer, “nəfxihi” isə – şeytanın insanın köksümə üfürdüyü təkəbbürlük deməkdir”.[6]
Əbu Yəalə əl-Mouvsuli Ubeyy ibn Kəabdan (Allah ondan razı olsun) rəvayət edir ki, iki kişi Allah Elçisinin - salləllahu aleyhi və səlləm - yanında bir-birilərini söydülər, hətta iş o yerə gəlib çatdı ki, qəzəbdən birinin burnundan qan açıldı. Allah Elçisi - salləllahu aleyhi və səlləm - (onların bu halını görüncə) dedi: “Mən elə bir şey bilirəm ki, kim onu desə qəzəbi soyuyacaq. Bu, “Əuzu billəhi minəş-şeytanir-racim” (Lənətlənmiş şeytandan Allaha sığınıram) zikridir”.[7] ən-Nəsai “Əməlul-Yəumi vəl-Leylə” kitabında da belə rəvayət etmişdir.
Həmçinin, İmam Əhməd, Əbu Davud, ət-Tirmizi və ən-Nəsai “Əməlul-Yəumi vəl-Leylə” kitabında Muaz ibn Cəbəldən (Allah ondan razı olsun) rəvayət etdikləri hədisdə deyilir: “İki kişi Allah Elçisinin - salləllahu aleyhi və səlləm - yanında bir-birilərini söydülər. Onlardan biri çox qəzəbləndi, hətta mənə elə gəldi ki, onlardan birinin burnundan qəzəbdən qan açılıb. Allah Elçisi - salləllahu aleyhi və səlləm - dedi: “Mən elə bir zikr bilirəm ki, kim onu desə qəzəbi soyuyacaq”. (Səhabələrdən biri) dedi: “O, hansı zikrdir elə, ey Allahın Elçisi?” Peyğəmbər - salləllahu aleyhi və səlləm: “Qoy (həmin adam) Allahummə inni əuzu bilkə minəş-şeytanir-racim” (Allahım, lənətlənmiş şeytandan Sənə sığınıram!) - desin”. Muaz qəzəblənən kişiyə bu zikri deməyi əmr etməyə başladı. Kişi isə imtina etdi və qəzəbi daha da şiddətləndi”.[8] Hədisin mətni Əbu Davudun rəvayətidir. ət-Tirmizi isə hədisin “mursəl”[9] olduğunu bildirmişdir. Yəni, Abdur-Rahmən ibn Leylə Muaz ibn Cəbəli (Allah ondan razı olsun) görməmişdir, çünki o (Muaz ibn Cəbəl) hicri iyirminci ildən əvvəl vəfat etmişdir.
Mən deyirəm: “Ola bilsin ki, Abdur-Rahmən ibn Leylə bu hədisi əvvəlki rəvayət kimi Ubey ibn Kəabdan eşitmiş, o da onu Muaz ibn Cəbəldən rəvayət etmişdir, çünki bir çox səhabə bu hadisənin şahidi olmuşdur.
İmam əl-Buxari Suleyman ibn Suraddan (Allah ondan razı olsun) rəvayət etdiyi hədisdə demişdir: “(Bir dəfə) mən Peyğəm­bə­rin - salləllahu aleyhi və səlləm - yanında ikən iki nəfər bir-birilə söyüşməyə başladı. (Qəzəbdən) on­lar­­dan birinin üzü qızardı. Pey­ğəmbər - salləllahu aleyhi və səlləm - (ona ba­xıb) dedi: “Mən elə bir kəlmə bilirəm ki, əgər o hə­min kəlməni desə, qəzəb his­­si on­dan gedər! Əgər o: “Əuzu billəhi minəş-şeytanir-racim!” (Lənətlənmiş şeytandan Allaha sığınıram) desə, qəzəbi soyu­yar”. Əsha­bələr həmin adama dedilər: “Pey­ğəmbərin - salləllahu aleyhi və səlləm - (sənə) nə dediyini eşitmirsən?” Adam dedi: “Mən dəli deyiləm?!”[10] Həmçinin, hədisi Muslim, Əbu Dəvud və ən-Nəsai də rəvayət etmişlər. 

 
[1] “İstiazə” sözünün hərfi mənası “sığınacaq istəmək” deməkdir. Şəriətdə isə “Əuzu billəhi minəş-şeytanir-racim” (Lənətlənmiş şeytanın şərindən Allaha sığınıram) deməklə şeytanın şərindən Allaha sığınmaq deməkdir.
[2] Əbu Davud, 775; ət-Tirmizi, 242; İbn Macə, 804. Hədis səhihdir. Bax; “Mişkətul-Məsabih” 1217. 
[3] “Dörd Sünnə”- dedikdə, Sünən Əbu Davud, Sünən ət-Tirmizi, Sünən ən-Nəsai və Sünən İbni Məcə nəzərdə tutulur.
[4] Mutə xəstəliyi – insanda çırpınma və silkələnmə ilə müşahidə olunan epilepsiya və ya özündən getmənin bir növüdür. İnsan özünə gəldikdə isə normal hala qayıdır, yatmış və ya sərxoş kimi.
[5] Əbu Davud, 775; ət-Tirmizi, 242; İbn Macə, 804. Hədis səhihdir. Bax; “Mişkətul-Məsabih” 1217.
[6] İbn Məcə, 808. əl-Busiri “əz-Zəvaid” kitabında deyir: “Bu hədislərdən birincisini Əbu Davud, ət-Tirmizi və ən-Nəsai Əbu Səid əl-Xudridən, digərini isə İbn Hibbən Cubeyr ibn Mutimdən (Allah onlardan razı olsun) rəvayət etmişdir”. Yəni bu hədisdən əvvəlki iki hədisi nəzərdə tutur. (Əhməd Şakir). əl-Beyhəqi “Sunənul-Kubra” 2186, 2452; əl-Hakim, 749; Səhih İbn Məcə, 658. Hədis səhihdir. Bax; “İrvaul-Ğalil” 2/55.
[7] əd-Diya əl-Məqdisi “Əhədisil-Muxtəra” 1236. Hədis səhihdir. Bax; “Səhih əl-Cəmi” 2491.
[8] Əbu Davud, 4780. Hədis zəifdir. Bax; “Daif Tərğib vət-Tərhib” 1646.
[9] Mursəl: Bu kəlmə  مُرْسَلٌ  ərəbcə “ərsələ”  أرْسَلَ  felinin məchul nö­vündən əmələ gəlmiş feli sifətdir. Bu söz gön­də­rilmiş, yollanmış və s. mənaları ifa­də edir (“Mu­cəmul-Vəsit”, səh. 344).
İstilahi mənada isə – bu, o hədisdir ki, isnadının so­nun­da ta­biindən sonra gələn (Peyğəm­bərlə - salləllahu aleyhi və səlləm - tabiin ara­sında olan) ravi buraxılmışdır (“Tədrib ər-Ravi”, 1/167; “Təysir Mustələh əl-Hədis”, səh. 71).
[10] əl-Buxari, 3282, 3040;