“Bizi doğru yola yönəlt”

    04.11.2018

Ötən ayələrdə Allaha tərifdən sonra Ona dua olunması dua edən üçün son dərəcə münasibdir. Belə ki, hədisdə Allah buyurur: “Yarısı Mənim, yarısı isə qulumun­dur, quluma dilə­diyi veriləcək”. Bu dua edən üçün ən kamil haldır. Əvvəl dua etdiyini tərifləsin, sonra isə ehtiyacını istəsin. Bu hal ehtiyacına nail olması üçün daha yaxşı, istəyinə cavab verilməsi üçün isə daha faydalıdır. Bu səbəbdən Uca Allah bu ayələrlə bizi ən kamil olana yönəltmişdir. Bəzən dua diləyənin istək və ehtiyacı barədə xəbər verməklə olur. Belə ki, Musa dedi: “Ey Rəbbim! Sənin mənə nazil edəcəyin xeyrə ehtiyacım var!” Bəzən bundan əvvəl dua olunanın (Allahın) vəsflərindən biri zikr olunur. Zun-Nun[1] demişdir: “Səndən başqa ibadətə layiq olan heç bir məbud yoxdur! Sən paksan, müqəddəssən! Mən isə, həqiqətən, zalımlardan olmuşam!” (əl-Ənbiya, 87). Bəzən isə dua yalnız dua edilənə tərifdən ibarət olur. Şair demişdir:
 
أَأذْكُرُ حَاجَتِيْ أمْ قَدْ كَفَانِيْ ... حَيَاؤُكَ إِنَ شِيْمَتَكَ الْحَيَاءُ
إِذَا أَثْنَى عَلَيْكَ الْمَرْءُ يَوْمًا ... كَفَاهُ مِنْ تَعَرُّضِهِ الثَّنَاءُ
 
Ehtiyacımı bildirimmi, yoxsa sənin həyalı olmağın mənə yetər,    
Həqiqətən həya sənin təbiətindir,
Kimsə sənə bir gün tərif desə,   
Sənə tərif deməsi yetər ki, ehtiyacını ödəyəsən.[2]
 
Bu ayədə “hidayət” (doğru yol) dedikdə, doğru yola yönəltmə (Hidəyətul-İrşad) və doğru yolu tutmağa müvəffəq etmə (Hidəyətut-Tovfiq) nəzərdə tutulur. Bəzən “hidayət etmək” (doğru yola yönəltmək) feili (ön qoşmasız) özü təsirli olur. Necə ki, bu ayədə: “Bizi doğru yola yönəlt” (əl-Fatihə, 5). Belə olduqda “bizə doğru yolu ilham et” və ya “bizi doğru yola müvəffəq et” və ya “bəxş et” və ya “ver” mənalarını verir. “Ona iki yoxuşlu yola yönəltmədikmi?” (əl-Bələd, 10). Yəni, ona xeyiri və şəri bildirdik. Bəzən isə “hidayət etmək” (doğru yola yönəltmək) feili إِلَى “-a, -ə” ön qoşması ilə işlənir. Bu ayədə oldğu kimi: “O, Allahın nemətlərinə şükür edən idi. Allah onu seçmiş və doğru yola yönəltmişdi” (ən-Nəhl, 121), “Onları Cəhənnəm yoluna yönəldin” (əs-Saffət, 23). Burada isə “yönəltmək” və “göstərmək” mənasını verir. Həmçinin, bu ayədə: “Həqiqətən, sən onları doğru yola yönəldirsən” (əş-Şura, 52). Bəzən isə “hidayət etmək” (doğru yola yönəltmək) feili لِ “li” ön qoşması ilə işlənir. Cənnət əhlinin dediyi kimi: “Bizi buna qovuşduran Allaha həmd olsun!” (əl-Əraf, 43). Yəni, bizi buna müvəffəq edən və bizi buna layiq edən.
الصِّرَاطَ الْمُسْتَقِيمَ “əs-Sirat əl-Mustəqim” - “doğru yola” gəlincə, Əbu Cəfər İbn Cərir S deyir: “Ümmətin təfsir alimləri ittifaq etmişlər ki, “əs-Sirat əl-Mustəqim” - “doğru yol” əyriliyi olmayan aydın yoldur. Həmçinin, bütün ərəblərin dilində də belədir. Sonra ərəblər bu sözü məcazi olaraq düz və ya əyri vəsf oluna bilən hər bir söz və ya əməl üçün işlətməyə başlamışlar. Düz olanı düz ilə, əyri olanı isə əyri sifəti ilə vəsf etmişlər.
Sonra sələf (əvvəlki) və xələf (sonra gələnlər) təfsir alimləri الصِّرَاطَ “əs-Sirat” - “yol” sözünün təfsirində fikir ayrılığına düşmüşlər. Baxmayaraq ki, nəticə olaraq bir şeyə qayıdır, bu da Allah və Onun Elçisinə r tabe olmaqdır. Bəziləri isə bunun Allahın Kitabı olduğunu demuşlər.
İmam Əhmədin öz “əl-Musnəd” kitabında ən-Nəvvəs ibn Səman rəvayət edir ki, Allah Elçisi r buyurmuşdur: “Allah doğru yolu məsəl çəkir. Yolun hər iki tərəfində divarlar, onun üzərində açıq qapılar, qapıların üzərində isə zərif pərdə vardır. Yolun başında duran bir carçı belə deyir: “Ey insanlar! Hamılıqla doğru yolla gedin və yolu­nuz­dan sapmayın!” Yolun üzərində duran bir carçı isə hər dəfə (qul) o qapı­lardan bir şey açdıqda, belə deyir: “Vay sənin halına, onu açma! Onu açsan, ora girəcəksən”. (Sonra Allah Elçisi r bunları açıqlaya­raq buyurdu:) “Yol İslamdır, divarlar Allahın hüdudları, açıq qapılar Allahın haramları, yolun başında duran carçı Allahın Kitabı, yolun üzərində olan carçı isə Allahın hər bir mömin qulunun qəlbində olan nəsihətçisidir”. [3] Hədisi həmçinin, ət-Tirmizi, ən-Nəsəi, İbn Əbu Hatim və ət-Tabari rəvayət etmişlər. Sənədi həsən-səhihdir[4]. Allah ən yaxşı Biləndir.
Mucahid demişdir: الصِّرَاطَ الْمُسْتَقِيمَ “əs-Sirat əl-Mustəqim” - “doğru yol” - Haqqdır. Bu məna daha genişdir və daha çox şeyi əhatə edir. Bu məna ilə əvvəl qeyd etdiyimiz mənalar arasında ziddiyyət yoxdur. İbn Əbu Hətim və İbn Cərir Əbul-Aliyədən[5] - “əs-Sirat əl-Mustəqim” - “doğru yol” : Peyğəmbər və ondan sonra gələn iki səhabəsidir (Əbu Bəkr və Ömər)”- rəvayət etmişlər. Asim[6] demişdir: “Bunu əl-Həsəndən soruşduq. O dedi: Əbul-Aliyə doğru söyləmiş və sözündə səmimi olmuşdur”.
Bu rəylərin hamısı doğrudur və biri-biriləri ilə sıx əlaqəlidir, çünki kim Peyğəmbərə r və ondan sonra gələn Əbu Bəkr və Ömərin N yoluna tabe olarsa, haqqa tabe olmuşdur. Haqqa tabe olan isə İslam dininə tabe olmuşdur. İslam dininə tabe olan isə Qurana tabe olmuşdur. Quran isə Allahın Kitabı və möhkəm ipidir. Allahın doğru yoludur. Bu rəylərin hamısı doğrudur və biri-birini təsdiqləyir. Allaha Həmd olsun!
ət-Tabərani Abdullahdan[7] rəvayət edir ki, o demişdir: الصِّرَاطَ الْمُسْتَقِيمَ “əs-Sirat əl-Mustəqim” - “doğru yol” - Allah Elçisinin bizi üzərində qoyub getdiyi yoldur.
Bu səbəbdən İmam Əbu Cəfər ibn Cərir S demişdir: “Mənə görə bu ayəyə, yəni “Bizi doğru yola yönəlt” ayəsinə ən münasib olan təfsir budur: “Bizi, razı qaldığın və qullarından nemət verdiyin kəsləri müvəffəq etdiyin söz və əməl üzərində sabit et! Doğru yol da məhz budur. Çünki, kim Allahın nemət bəxş etdiyi peyğəmbərlər, sidq ürəkdən inananlar, şəhidlər və əməlisalehlərin yoluna müvəffəq olunarsa, artıq İslam dininə müvəffəq olunmuşdur. Peyğəmbərləri təsdiq etmək, Kitaba sarılmaq, Allahın əmr etdiklərinə əməl edib, qadağan etdiklərindən çəkinmək, Peyğəmbərin r və dörd xəlifənin yoluna tabe olmaq və saleh qulların yolu ilə getmək الصِّرَاطَ الْمُسْتَقِيمَ “əs-Sirat əl-Mustəqim” - “doğru yol”-dan sayılır.
Deyilsə ki, “mömin hidayət sifəti ilə vəsf olunduğu halda daim namazda və digər vaxtlarda hidayəti necə istəyə bilər? Bu, mövcud olanı əldə etmək kimi başa düşülür, yoxsa necə? Bunun cavabı, xeyirdir. Əgər möminin gecə və gündüz hidayət istəməyə ehtiyacı olmasaydı, Uca Allah onu buna yönəltməzdi, çünki qul, hər an və hər vəziyyətdə, Allahın onu hidayətdə sabit etməsinə və qüvvətləndirməsinə, haqqı görmək üçün bəsirətini açıq saxlamasına, hidayətini daha da artırmasına və bu yolda davamiyyətli etməsinə möhtacdır. Qul, Allahın istədiyindən başqa özünə nə bir fayda, nə də bir zərər yetirməyə qadir deyil. Bunun üçün Uca Allah qulunu daim Ondan yardım, sabitlik və müvəffəqiyyət istəməyə yönəltmişdir. Allah kimi Ondan istəməyə (dua etməyə) müvəffəq etmişsə, o kəs xoşbəxtdir. Çünki, Uca Allah dua edənin duasını qəbul etməyi Öz üzərinə götürmüşdür. Xüsusilə də gecə-gündüz çətin vəziyyətdə və möhtac olan adam Ona yalvararsa. Uca Allah buyurmuşdur: “Ey iman gətirənlər! Allaha, Onun Elçisinə və Elçisinə nazil etdiyi Kitaba və ondan əvvəl nazil etdiyi kitablara iman gətirin!” (ən-Nisa, 136). Bu ayədə Allah iman edənlərə imanı əmr etmişdir. Bu, mövcud olanı əldə etmək kimi başa düşülmür. Burada qəsd olunan imanda sabit qalmaq, davamiyyətli olmaq və imana yardım edən əməlləri heç vaxt tərk etməməkdir. Ən doğrusunu Allah bilir. Başqa bir ayədə Uca Allah iman gətirmiş qullarına belə deməyi əmr edir: “Ey Rəbbimiz! Bizi hidayət yoluna yönəltdikdən sonra qəlbimizi sapdırma və bizə Öz tərəfindən mərhəmət bəxş et. Həqiqətən, Sən Bəxşedənsən” (Ali-İmran, 8). Əbu Bəkr əs-Siddiq y bu ayəni Məğrib namazının üçüncü rükətində səssiz oxuyardı. Beləliklə, “Bizi doğru yola yönəlt”- ayəsinin mənası -“Bizi bu yol üzərində davamiyyətli et və başqa yola yönəltmə”- deməkdir.

 
[1] Zün-Nun - Balıq sahibi deməkdir. Burada Yunis peyğəmbər u nəzərdə tutulur.
[2] Şair bu beytlə bildirir ki, bəzi insanlar həyalı olduğu üçün kimsə onlara tərif dedikdə, utanar və başa düşər ki, ehtiyacı var. Ehtiyacını dilə gətirmədən onu ödəyər.
[3] Əhməd, 17671, 17784. Hədis səhihdir. Bax; “Səhih ət-Tərğib vət-Tərhib” 2348. Əhməd Şakir S demişdir: “Əhməd, (17711), (4/182183) Hədisin bəzi rəvayətləri burda qeyd olunana müxalifdir. Ola bilsin bu ixtilaf əl-Musnəd kitabının əlyazmasının müxtəlifliyi səbəbindəndir. İbn Kəsirin işarə etdiyi ət-Tabarinin rəvayəti müxtəsərdir və (186-187) rəqəmləri altındadır”. 
[4] Şueyb əl-Arnavut səhih olduğunu bildirmişdir.
[5] Əbul-Aliyə Rafi ibn Mehran ər-Riyəhi. Hicri 93-cü ildə vəfat edib. Peyğəmbərin dövründə yaşayıb amma İslamı Əbu Bəkrin xilafəti zamanı qəbul edib. Quran qarilərindən biridir. Təfsir və fiqh alimidir.
[6] Asim ibn Bəhdələ Əbun-Nəcud əl-Əsədi. Hicri 129-cu ildə vəfat edib. Quranı rəvayət edən yeddi qaridən birirdir. Həmçinin, ərəb dilinin qrammatikasını gözəl bilmişdir.
[7] Abdullah - ibn Məsuddur y. ət-Tabəraninin ondan rəvayəti səhih sənəddir.