“Biz yalnız Sənə ibadət edir və yalnız Səndən kömək diləyirik”
Ayədə إِيَّاكَ “İyyəkə” (yalnız Sənə) sözünü yeddi mutavatir qiraət alimləri və əksəriyyət “yə” hərfini təşdidlə (qoşa) oxumuşlar. Amr ibn Fəyid isə təşdidsiz (tək) və kəsrəli (“i” saiti ilə) oxumuşdur. Lakin bu qiraət şəz[1] və qəbul olunmayandır, çünki ərəb dilində إِيَا “iyə” günəş şüasına deyilir. Bəziləri fəthəli həmzə və şəddəli “yə” ilə أَيَّاكَ “əyyəkə” kimi oxumuşlar. Bəziləri isə həmzə əvəzinə “hə” hərfi ilə هَيَّاكَ “həyyəkə” kimi oxumuşlar.
نَسْتَعِينُ “nəstəin” (kömək diləyirik) sözünü hamı əvvəlində fəthəli “ə” saitini “nun” hərfi ilə oxumuşdur. Yalnız Yəhya ibn Vəssəb və əl-Aməşdən başqa onlar bu sözü kəsrə (“i” saiti) ilə oxumuşlar və bu Bəni Əsəd, Rabiə və Bəni Təmim qəbilələrinin ləhcəsidir.
“İbadət” sözünün lüğəti mənası “alçalma”, “zəlil olma” deməkdir. Ərəbcə deyilir: “Muəbbəd yol”, “muəbbəd dəvə” yəni, əhilləşdirilmiş, (gediş-gəliş üçün) rahatlaşdırılmış.
Şəriətdə isə ibadət - özündə kamil məhəbbət, itaət və qorxunu cəm edən əməllərdir. Ayədə diqqət, etina və xüsusiləşdirmə bildirmək üçün إِيَّاكَ “İyyəkə” (yalnız Sənə) məfulu (vasitəsiz tamamlığı) cümlənin əvvəlində işlətmiş və təkrar etmişdir. Yəni, “Səndən başqa heç nəyə ibadət etmirik və Səndən başqa heç kəsə bel bağlamırıq”. Kamil itaət də elə budur. Dinin hamısı bu iki mənaya qayıdır. Bu səbəbdən bəzi sələflər demişlər: “Fatihə surəsi Quranın sirridir. əl-Fatihənin sirri isə “Biz yalnız Sənə ibadət edir və yalnız Səndən kömək diləyirik” (əl-Fatihə, 5) ayəsidir. Bu ayənin birinci hissəsi şirkdən üz döndərməkdir, ikinci hissəsi isə hər cür güc-qüvvətdən ayrılaraq bütün işləri Allaha həvalə etməkdir. Bu məna Quranın bir çox ayələrində vardır. Belə ki, Uca Allah buyurur: “Elə isə yalnız Ona ibadət et və yalnız Ona təvəkkül et. Rəbbin nə etdiklərinizdən xəbərsiz deyil” (Hud, 123), “De: “O, ər-Rəhmandır! Biz Ona iman gətirib, Ona təvəkkül etmişik” (əl-Mülk, 29), “O, məşriqin və məğribin Rəbbidir. Ondan başqa məbud yoxdur. Elə isə Onu özünə Himayəçi götür!” (əl-Muzəmmil, 9) və həmçinin bu ayə: “Biz yalnız Sənə ibadət edir və yalnız Səndən kömək diləyirik” (əl-Fatihə, 5).
Ayələrin məzmununun müraciət bildirən كَ “kəf” hərfi vasitəsilə üçüncü şəxsdən ikinci şəxsə dəyişməsi mövzuya son dərəcə münasibdir. Çünki, surənin əvvəlində Allaha tərif deməklə qul sanki Allaha yaxınlaşdı və Uca Allahın qarşısında durdu. Bu səbəbdən dedi: “Biz yalnız Sənə ibadət edir və yalnız Səndən kömək diləyirik” (əl-Fatihə, 4). Bu da ona dəlalət edir ki, Uca Allah surənin əvvəlində gözəl sifətləri ilə Özünü tərifləməklə, qullarını da Ona belə tərif deməyə yönəldir. Bu səbəbdən əl-Fatihə surəsini deməyə qüdrəti çatdığı halda söyləməyənin namazı səhih deyil. Belə ki, Səhih əl-Buxari və Muslimdə Ubədə ibn əs-Samitdən y gələn hədisdə Peyğəmbər r demişdir: “əl-Fatihə surəsini deməyənin namazı qəbul deyil”.[2] Səhih Muslimdə əl-Əla ibn Abdur-Rahmən, o da atasından, o da Əbu Hureyradan Peyğəmbərin r belə dediyi rəvayət eedilir: “Uca Allah buyurur: “Mən namazı Özümlə qulum arasında tən yarıya böldüm. Yarısı Mənim, yarısı isə qulumundur, quluma dilədiyi veriləcək”. Qul: “Həmd olsun aləmlərin Rəbbi Allaha!”- dedikdə, Allah: “Qulum Mənə həmd-səna etdi, quluma dilədiyi veriləcək”- deyir. O: “Mərhəmətli və Rəhmliyə”- dedikdə, Allah: “Qulum Məni təriflədi, quluma dilədiyi veriləcək”- deyir. O: “Haqq-hesab gününün Hökmdarına!”- dedikdə, Allah: “Qulum Mənim şənimə təriflər söylədi. Bu Mənim, bu ayə isə Mənimlə qulum arasında yarıya bölünüb”- deyir. O: “Biz yalnız Sənə ibadət edir və yalnız Səndən kömək diləyirik”- dedikdə, Allah buyurur: “Bu, Mənimlə qulum arasındadır, quluma dilədiyi veriləcək. Surənin axırı qulumundur”. Qul: “Bizi doğru yola, nemət bəxş etdiyin şəxslərin yoluna yönəlt, qəzəbə uğramışların və azmışların yoluna yox”- dedikdə, Allah buyurur: “Bu, qulumundur, quluma dilədiyi veriləcək!”[3]
Ayədə “Biz yalnız Sənə ibadət edir” cümləsi “yalnız Səndən kömək diləyirik” cümləsindən əvvəl qeyd olunmuşdur, çünki həyatın əsas məqsədi Allaha ibadətdir. Allahdan kömək diləmək isə ibadəti yerinə yetirməyə vəsilədir. Ən mühüm olanın öndə qeyd olunması qayğıkeşlik və dərrakədən irəli gəlir. Allah ən yaxşısını Biləndir.
Əgər deyilsə ki, “Biz yalnız Sənə ibadət edir və yalnız Səndən kömək diləyirik”- ayəsində ن “nun” hərfi nə məna daşıyır? Yəni, əgər “nun” hərfi cəm hal üçündürsə, axı dua edəni bir nəfərdir? Əgər tərif, əzəmətləndirmək mənasındadırsa, onda bu yerə (məqama) uyğun deyil. Buna belə cavab verilir: “Burada bütün qullar nəzərdə tutulur, namaz qılan da bu qullardan birirdir. Xüsusilə də əgər camaatla olarsa və ya namazda imam olarsa, özü və mömin qardaşlarının ibadəti barədə xəbər vermiş olur, çünki məhz bunun üçün yaradılıblar. Bununla da onlar üçün xeyrə vasitəçi olmuş olur. Bəzi alimlər demişlər: Burada “nun” hərfi əzəmətləndirmək[4] mənasında da ola bilər. Sanki qula deyilmişdir: “İbadətin içində sən hörmətlisən, çox möhtərəmsən, bu səbəbdən de: “Biz yalnız Sənə ibadət edir və yalnız Səndən kömək diləyirik” (əl-Fatihə, 4). İbadət xaricində isə yüz min və ya bir milyon insan içində olsan belə heç vaxt tək özün üçün “Biz beləyik”, “biz etdik”- demə, çünki onların hamısının Uca Allaha eytiyacı var. Bəzi alimlər isə demişlər: “Biz ibadət edirik” ifadəsi, “Mən ibadət edirəm” ifadəsindən təvazökarlıq baxımından daha mülayimdir. Çünki ikinci ifadədə tək özünü ibadət əhli saymaqla bir növ yüksəltmə vardır. Halbuki, heç kəs Ona layiqincə ibadət edə bilməz, heç kəs Onu layiqincə tərifləyə bilməz. İbadət çox yüksək məqamdır. Qul ibadəti ilə Allaha nisbət olunduğuna görə yüksək hörmətə nail olur.
Uca Allah Quranda ən hörmətli məqamlarda belə Peyğəmbərini r Öz qulu adlandırmışdır. Allah buyurur: “Kitabı Öz quluna nazil edən və onda heç bir nöqsana yol verməyən Allaha həmd olsun!” (əl-Kəhf, 1), “Allahın qulu qalxıb Allaha dua etdikdə cinlər az qala onun dövrəsində bir-birinə keçib çəpər yaradırdılar” (əl-Cinn, 19), “Dəlillərimizdən bəzisini ona (Peyğəmbərə) göstərmək üçün Öz qulunu gecə vaxtı Məscidul-Haramdan ətrafına xeyir-bərəkət verdiyimiz Məscidul-Əqsaya aparan Allah pak və müqəddəsdir” (əl-İsra, 1). Uca Allah Peyğəmbərinə r Quran nazil etdiyi, dəvətə başladığı, meraca yüksəltdiyi zaman onu Öz qulu adlandırmışdır. Əleyhdarları onu təkzib etdikləri və buna görə qəlbinin daraldığı zaman Uca Allah Peyğəmbərini r müəyyən vaxtlarda ibadət etməyə yönəltmişdir. Belə ki, Uca Allah buyurur: “Biz onların dediklərindən sənin qəlbinin daraldığını bilirik. Sən həmd-səna ilə Rəbbini təriflə və səcdə edənlərdən ol! Sənə ölüm gələnədək Rəbbinə ibadət et”. (əl-Hicr, 97-99)